Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

post-img

“Gürcüstan maksimum dərəcədə Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili Çin Xalq Respublikasının Tbilisidəki səfiri Çjou Tsyan ilə görüşdə söyləyib.

Gürcüstan Prezident Administrasiyasından bildirilib ki, görüşdə Gürcüstan ilə Çin arasında strateji tərəfdaşlıq məsələləri, siyasi, ticari-iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Gürcüstan Prezidenti qeyd edib ki, azad ticarət, strateji tərəfdaşlıq, vizasız rejim Gürcüstan-Çin münasibətlərinin daha da inkişafına, insanlar arasında təmasların, işgüzar əlaqələrin, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Görüşdə Orta Dəhlizin əhəmiyyətinə və Gürcüstanın tranzit roluna diqqət yetirilib. Bildirilib ki, Qara və Xəzər dənizləri arasında enerji və nəqliyyat əlaqələri, Gürcüstanın iştirakı ilə həyata keçirilə bilən və ya artıq həyata keçirilməkdə olan çoxsaylı layihələr Cənubi Qafqaza deyil, bütün ölkələrə əhəmiyyətli faydalar gətirəcək. Ona görə də Orta Dəhliz layihəsinin inkişafı Gürcüstan hökuməti üçün prioritetdir. Bu layihə ölkələr üçün böyük imkanlar yaradır.

M.Kavelaşvili bildirib ki, bunu nəzərə alan Gürcüstan maksimum dərəcədə Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır.

Görüşdə regionun və beynəlxalq ictimaiyyətin qarşısında duran vəzifələr müzakirə edilib, sabitlik və sülhün xüsusi əhəmiyyəti vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya