Prezident Donald Tramp Avropa mallarına rüsum tətbiq etmək qərarına gələrsə, Avropa İttifaqı (Aİ) Silikon Vadisindən olan böyük texnologiya şirkətlərinə məhdudiyyətlər qoya bilər. Bu, ticarət münaqişəsinin xidmət sektoruna da yayılması demək olacaq. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Aİ ölkələrindən gələn məhsullara da rüsum tətbiq etmək niyyətində olduğunu açıqlamışdı.
“Financial Times” yazır ki, Aİ Prezident Trampın ilk hakimiyyəti dövründə yaradılmış mexanizmdən istifadə etməyi düşünür. O, siyasi təzyiq üçün istifadə edilən tariflərə cavab olaraq xidmət ticarətinə məhdudiyyətlər qoymağa imkan verir. 2023-cü ildən qüvvədə olan Qarşılıqlı Tanınma Aktı (ACI) geniş tədbirlər spektrini seçmək imkanı yaradır. Xüsusilə, Aİ Amerika şirkətlərini, məsələn, proqramların yüklənməsini və yayın xidmətlərinə çıxışı qadağan etməklə, onların əqli mülkiyyətlərini müdafiə etməkdən məhrum edə bilər.
Qeyd olunur ki, ABŞ bankları, sığorta və maliyyə şirkətləri üçün investisiyaların qarşısını almaq və Avropa bazarına çıxışı məhdudlaşdırmaq da mümkündür. Bununla belə, Aİ-nin bəzi ölkələri ticarət mübahisəsini yeni sahələrə genişləndirib- genişləndirməkdən əmin deyillər. Diplomatlar xüsusən də zəif artım fonunda qarşılıqlı rüsum tətbiqinin yeni sahələrə yayılmasının iqtisadi risklərindən ehtiyatlanırlar.
Aİ ticarət nazirləri fevralın 4-də Varşavada ABŞ-ın tarifləri təhlükəsini müzakirə etmək üçün bir araya gəlmişdilər. Əksəriyyət sərt cavab tədbirlərinin lehinə danışmışdı. Avropa komissarı Maroş Şefçoviç demişdi ki, Aİ münaqişəyə can atmır, lakin sərt cavab verməyə hazırdır. O, həmçinin qeyd etmişdi ki, ittifaqın ABŞ-la xidmət sahəsində ticarətdə böyük kəsiri var, baxmayaraq ki, mal ticarətində profisit müşahidə olunur.
Bundan başqa, Avropa Komissiyası 2023-cü ildə qəbul edilən süni intellekt qanunu çərçivəsində süni intellektin istifadəsini məhdudlaşdırmaq üçün yeni təlimatlar hazırlayır. ABŞ-ın təzyiqlərinə baxmayaraq, Aİ böyük süni intellekt modelləri və yüksək riskli tətbiqlər üçün sərt qaydalar irəli sürür. Ötən bazar günü bəzi süni intellekt tətbiqlərini, o cümlədən sifətin tanınması verilənlər bazası yaratmaq üçün internetdən məlumatların çıxarılmasını qadağan edən qaydalar qüvvəyə mindi. Avropa Komissiyası şirkətlər üçün ətraflı təlimatlar dərc etdi və qanunun qalan müddəaları 2027-ci ilə qədər tədricən qüvvəyə minəcək. Ən güclü süni intellekt modelləri əlavə tələblərə cavab verməlidir və qanunu pozanlar böyük cərimələr və ya Aİ-də fəaliyyət qadağası ilə üzləşəcəklər.
Lakin prezident Tramp Amerika texnologiya şirkətlərinə təsir edən sərt Avropa məhdudiyyətlərinə görə cavab tədbirlərilə hədələyir. O, Aİ-nin hərəkətlərini Amerika şirkətlərinə “vergilərin tutulması forması” kimi qiymətləndirdiyini bildirir. Qeyd olunur ki, Brüssel artıq Avropanın rəqəmsal bazarlarını tənzimləmək üçün daha geniş təşəbbüslər çərçivəsində Apple, Meta və Google şirkətlərinin yoxlamalarını nəzərdən keçirir. Meta kimi böyük texnoloji şirkətlər xəbərdarlıq edir ki, yeni qaydalar innovasiyaları boğa bilər. Eyni zamanda, startaplar və açıq mənbə tərtibatçıları üçün müəyyən istisnalar var. Avropa Komissiyası isə tənzimləmə və innovasiyaya dəstək arasında balans tapmağa çalışdığını bildirir.
Mütəxəssislərin qənaətinə görə, ABŞ-ın rüsumları Avropada iqtisadi tənəzzülə səbəb olacaq. Bundan başqa, ABŞ-ın yeni tarifləri Avropa avtomobil sənayesinə təsir edəcək. Məsələ ondadır ki, Aİ avtomobil sənayesi Meksikadan ABŞ-a ixrac üçün istehsal bazası kimi istifadə edir. Meksikaya yüksək rüsumlar avtomobilləri bahalaşdıracaq və Amerika bazarında onların rəqabət qabiliyyətini azaldacaq və bu, Avropanın sənaye sektorunda durğunluğu artıracaq. Doğrudur, ABŞ Meksika və Kanada üçün nəzərtə tutduğu rüsumların tətbiqini 1 aylıq müddətinə dayandırdı. Amma 1 aydan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini indidən demək çətindir.
Əlbəttə ki, iki strateji güc mərkəzi arasında ticarət müharibəsi nə ABŞ-a, nə də Aİ-ə yaxşı nəticələr vəd edir. Çünki ticarət müharibəsi nəticəsində hər iki ölkədə iş yerləri azalacaq, yəni hər kəs sonda nəyisə itirəcək. Avropa KİV-i yazır ki, bundan sonra avropalının okeanın o tayına ümidlə baxması çətin olacaq. Bəzi ekspertlər də iddia edirlər ki, Çin və Rusiya kimi rəqiblərinin olduğu bir zamanda ABŞ-ın “qoca qitə”ni rüsumlarla cəzalandırması Transatlantik ictimaiyyət üçün yaxşı heç nə vəd etmir.
S.ELAY
XQ