Viktor Orban Aİ-nin sammiti ilə bağlı təəssüratlarını bölüşüb

post-img

Dünən, fevralın 3-də Brüsseldə Prezident Donald Trampın andiçmə mərasimindən sonra Avropa İttifaqının (Aİ) ilk sammiti baş tutub. AZƏRTAC xəbər verir ki, burada iştirak edən Macarıstanın Baş naziri Viktor Orban Avropa liderlərinin Zirvə görüşünə münasibətini bildirib. “Qəribə görüş idi. Brüsseldə hər kəs “Tramp tornadosu”nun gəldiyini görür, lakin onların əksəriyyəti hələ də ondan qurtula biləcəklərini düşünür”, -deyə Macarıstanın Baş naziri “Facebook” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Orbanın sözlərinə görə, Aİ-yə üzv dövlətlərin başçılarının gözləntiləri yanlışdır. O bildirib: “On dörd gündə Donald Tramp artıq bir neçə tədbir görərək dünyanı alt-üst etdi. Amerika gender çılğınlığından, Sorosun qlobalist təşkilatlarının maliyyələşməsindən, qeyri-qanuni miqrasiyadan və Rusiya-Ukrayna müharibəsinə dəstəkdən qurtulub. Başqa sözlə desək, Tramp Brüssel bürokratlarının son bir neçə ildə boğazımızdan keçirməyə çalışdıqları hər şeyə son qoydu”. Macarıstan hökumətinin başçısı əlavə edib ki, hələ bu, ABŞ Prezidentinin görəcəyi işlərin hamısı deyil.

Macarıstanın Baş naziri vurğulayıb: “Biz qlobal ticarətin indiyədək bildiyimiz qaydaları ilə də vidalaşa bilərik. Prezident Tramp Avropanın etirazlarına baxmayaraq, Amerikanın maraqlarını müdafiə edəcək. Avropa İttifaqını və Brüsseldəki bürokratları çətin aylar gözləyir”.

Orban qeyd edib ki, ayrı-ayrılıqda Avropa dövlətləri və bütövlükdə Aİ-nin ABŞ-la iqtisadi əlaqələri saxlaması üçün yeni razılaşmaya ehtiyac var. Əsl sövdələşmə yalnız bir-birini tanıyanlar deyil, həm də qarşılıqlı hörmət mövqeyində dayananlar arasında bağlana bilər.

O bildirib: “Prezident Trampın qayıdacağını bilirdik, ona görə də buna hazır idik. Biz ABŞ-ın yeni administrasiyası ilə mütəmadi danışıqlar aparırıq və yaxşı sövdələşmələr əldə edirik”. Orban fikirlərinin sonunda Aİ-yə istehza etməkdən də vaz keçməyib: “İndi Brüsselin öz aşına tökdüyü qaşığına çıxır”.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Dünya