Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında Memorandum imzalanıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sənədi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və Milli Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov imzalayıblar.

Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında mədəniyyət, incəsənət, musiqi, təhsil, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar. Sənəddə qeyd olunur ki, milli musiqi sənətinin araşdırılması, inkişafı, musiqi təhsili üzrə mübadilə proqramları, ortaq mədəniyyət festivalları, sərgilər və konsert proqramlarının təşkili də həyata keçiriləcək.

Memoranduma əsasən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunda “Azərbaycan ocağı”nın yaradılması da planlaşdırılır. Belə ki, “Azərbaycan ocağı”nın Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı nəşrlərlə və milli musiqi alətləri ilə təminatını Mədəniyyət Mərkəzinin öz üzərinə götürməsi nəzərdə tutulur. Həmçinin Özbək Milli Musiqi Sənəti İnstitutu öz imkanlarından istifadə edərək Azərbaycan dilinin, musiqisinin, mədəniyyətinin tədrisini təşkil edəcək və bu işdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edəcək.

Mədəniyyət