Avropa “sağ qalmaq” üçün silahlanmalıdırmı?

post-img

“ABŞ-ın yeni administrasiyasının qərarlarından asılı olmayaraq, avropalılar qitənin təhlükəsizliyi üçün həmişəkindən daha böyük məsuliyyət daşıyırlar. Avropa İttifaqı (Aİ) təkcə müharibənin qarşısını almaq üçün pul xərcləməməli, həm də ona hazırlaşmalıdır. Çünki kəşfiyyat xidmətlərində Rusiyanın 3–5 ildən sonra mümkün təcavüzü barədə məlumatlar var”. Bu barədə Avropa mətbuatında tez-tez xəbərlər yayılır və qabaqlayıcı tədbirlərin görülməsi gündəmə gətirilir. Bəs Aİ ölkələri təhlükənin qarşısını almaq üçün nə kimi tədbirlər görür?
ABŞ prezidenti Donald Tramp avropalılardan müdafiə xərclərini artırmağı tələb edir. Onun bu tələbi Aİ-nin nüfuzlu rəsmilərindən dəstək görür. Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və hazırda Aİ Şurasına sədrlik edən Polşanın Baş naziri Donald Tusk avropalıları öz təhlükəsizliklərinə daha çox sərmayə qoymağa çağırır.
Avropa Müdafiə Agentliyinin (EDA) illik konfransında Kaya Kallas, “prezident Tramp kifayət qədər xərcləmədiyimizi söyləyərkən haqlıdır” deyib. O qeyd edib ki, Aİ-yə üzv dövlətlər, özəl sektor və Aİ büdcəsi tərəfindən investisiyaların artırılmasına ehtiyac var: “Biz müdafiəmizə kifayət qədər sərmayə qoymuruq. Rusiya isə təhlükəsizliyimiz üçün təhdid yaradır. Zaman Rusiyanın tərəfində deyil, amma bizim tərəfimizdə də deyil, çünki biz hələ də müdafiəmiz üçün kifayət qədər iş görmürük. Heç kim müharibənin qarşısının alınmasına daha çox pul xərcləyəcəyimizə şübhə etməməlidir. Biz həm də ona hazırlaşmalıyıq... Amma Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, çünki NATO-nu təkrarlamaq səmərəsizdir”. 
Kallas qeyd edib ki, Aİ-də öz hərbi büdcəsi olan 27 dövlətin ordusu var. Diplomatik xidmətin rəhbəri eyni zamanda vurğulayıb ki, qarşılıqlı fəaliyyət üçün bütün ölkələr müdafiə sektorunda əməkdaşlıq etməlidir. “Avropalılar oyanmalıdırlar”, deyən Kallasın sözlərinə görə, xərclərin artması müdafiəyə ÜDM-nin 9 faizini yönəldən Rusiya üçün “xəbərdarlıq” olmalıdır: “Rusiya 2028-ci ildə Aİ ölkələrindən birinə qarşı hərbi təcavüzə başlaya bilər. Bir çox milli kəşfiyyat xidmətlərimiz bizə Rusiyanın hazırlığımızı sınaqdan keçirə biləcəyi barədə xəbərdarlıq edirlər”. 
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “yalnız gücün dilində danışır”, “zəiflik isə onu təhrik edir”...  İnsanlar deyirlər ki, mən Rusiyaya qarşı “quzğunam”. Amma düşünürəm ki, mən bu məsələdə sadəcə realistəm”.
Kallas təklif edib ki, Ukrayna Rusiya işğalından qorunarkən Avropaya vaxt qazandırır. Buna görə də, Aİ-nin prioriteti Kiyevə davamlı hərbi yardım göstərməsi olmalıdır: “Şübhə yoxdur ki, biz Ukraynaya daha çox kömək edə bilərik. Bizim köməyimizlə o, müharibədə qalib gələ bilər. Hazırda Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin üzərində iş aparılır. Aİ-nin bu ölkəyə hərbi yardımı 50 milyard avroya yaxındır. Bundan əlavə, bu ilin fevral ayının sonunadək, ümumilikdə, 75 min Ukrayna əsgər və zabiti Aİ ölkələrində təlim keçəcək”.
Strasburqda Avropa Parlamentində çıxış edən Donald Tusk da eyni fikirləri səsləndirib: “Avropa sağ qalmaq istəyirsə, silahlanmalıdır”. O, avropalıları üstün iqtisadi güclərindən istifadə etməyə çağırıb: “Biz dünya dövlətiyik, buna inanmalıyıq... Müharibə bizim seçimimiz deyil. Mən militarist deyiləm. Polşa müharibənin təkrarlanmasını istəməyən ölkədir. Biz Avropada hamıdan çox əziyyət çəkmişik. Buna görə də, faciəli hadisələrin təkrarlanmaması üçün güclü və qətiyyətli olmalıyıq”.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunu və Belarusla sərhəddəki miqrasiya böhranını xatırladan Tusk, Aİ ölkələrini təhlükəsizlik məsələlərinə ciddi yanaşmağa və hərbi xərcləri artırmaq üçün mənbələr tapmaqda çeviklik nümayiş etdirməyə çağırıb: “Bunun alternativi yoxdur. Avropa özünü müdafiə etməlidir və pullarını buna xərcləməlidir”, - Tusk vurğulayıb.
Polşanın baş naziri daha sonra Donald Trampın Ağ evə qayıtması ilə bağlı danışıb. Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi “rahatlıq dövrünün bitməsi” deməkdir. Bununla belə, o, ­ümidsiz olmamağa və Trampın çağırışlarını alyans üçün “müsbət çağırış” kimi qəbul etməyə çağırıb.
NATO-nun baş katibi Mark Rutte də avropalı müttəfiqləri qəti addımlar atmağa çağırıb. İyunda Haaqada keçiriləcək NATO-nun növbəti sammitində ÜDM-in 3-3,5 faizlik yeni hədəfi ətrafında qızğın müzakirələr gözlənilir. 
Almaniyanın müdafiə naziri Boris Pistorius Litvaya səfəri zamanı “DW”yə müsahibəsində bildirib ki, ABŞ administrasiyasının qərarlarından asılı olmayaraq, avropalılar qitənin təhlükəsizliyi üçün həmişəkindən daha böyük məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası çox güman ki, diqqətini Hind-Sakit okean regionuna yönəldəcək. 
Müdafiə naziri Ukraynada müharibənin sona çatdırılmasına da münasibət bildirib. “İlk növbədə atəşkəsdən, sonra isə Ukrayna üçün davamlı sülhdən danışmalıyıq. Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı var. Bu ssenari baş tutmasa, Rusiyanın “cəmi bir-iki ildən sonra” Ukraynaya təkrar hücum ehtimalı çox yüksəkdir. Avropanın “yaxın aylarda və illərdə” üzləşə biləcəyi məhz bu problemdir”.
Qeyd edək ki, Almaniya müdafiəyə daha çox pul xərcləyən ölkələrdən biridir. Məsələn, ötən il iyunun 3-də Almaniya parlamenti 5 il ərzində silahlı qüvvələrin əlavə maliyyələşdirilməsi üçün 100 milyard avroluq xüsusi fondun yaradılmasını təsdiqləyib. Hökumət bunu son bir neçə onillikdə görünməmiş qiymət artımları fonunda edib. Əlavə fond müdafiə büdcəsini (təxminən 50 milyard avroya yüksəlib) əvəz etmir. Onun vəsaiti silahlanma, texnika və mümkün müharibəyə təcili hazırlıq məqsədilə digər ehtiyacların maliyyələşdirməsində istifadə olunacaq.
Avropa Komissiyası isə növbəti 10 il ərzində əlavə müdafiə xərclərini 500 milyard avro həcmində qiymətləndirir, lakin vəsaitin haradan əldə ediləcəyi hələ bəlli deyil.
Xatırladaq ki, Tramp “avropalılar müdafiə xərclərini artırmasalar, ABŞ-ın NATO-nun kollektiv müdafiə sistemində iştirakını dayandıracağı ilə” hədələyib. O, müdafiə xərclərini ümumu daxili məhsulun (ÜDM) 5 faizi həcmində artırılmasını tələb edir. Halbuki NATO-nun hazırkı hədəfi 2 faizdir. İtaliya, İspaniya və Belçika kimi ölkələrdə bu xərclər aşağı həddə belə çatmır. Almaniya keçən il ilk dəfə müdafiə xərclərini 2 faizlik hədəfə çatdırıb. Böyük Britaniya hazırda ÜDM-in təxminən 2,3 faizini müdafiəyə xərcləyir.  

P.ƏFƏNDİYEV 
XQ



Dünya