“ChatGPT” süni intellekt tətbiqinin istehsalçısı “OpenAI” şirkəti son maliyyələşdirmə turunda 6,6 milyard dollar vəsait toplayıb. Belə ki, ona ilk dəstək verən şirkət - “Microsoft” da daxil olmaqla investorlar süni intellektə (AI) böyük məbləğdə investisiya yatırmaqda davam edirlər.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, son müqavilədən sonra texnologiya şirkətinin müvafiq fondu 157 milyard dollara çatıb. Bu rəqəm “Goldman Sachs” və ABŞ-ın ən böyük şirkətlərinin əksəriyyətindən daha çoxdur və “Open AI” hazırda dünyanın ən dəyərli startaplarından birinə çevrilib.
“OpenAI” bu investisiyaların süni intellekt tədqiqatlarının ən qabaqcıl mövqedə qalmasına imkan verəcəyini bildirib. Şirkətin rəhbərliyi qeyd edib ki, maliyyə axını süni intellekt texnologiyaları ətrafında gərgin müzakirələrin davam etdiyi vaxtda baş verir. Baş icraçı direktor Sem Altmanın sözlərinə görə, şirkət Qeyri-Kommersiya Şurasından çıxıb və onun kommersiya təşkilatına çevrilməsi üçün yeni struktur yaradılır.
Şirkətin transformasiyası investorları cəlb etməyə kömək etsə də, bəzi işçiləri və tənqidçiləri özündən uzaqlaşdırıb. Həmin tənqidçilər arasında 2018-ci ildə firmadan ayrılan “OpenAI” həmtəsisçisi İlon Mask da var. O bildirib ki, şirkət bəşəriyyətin xeyrinə süni intellekti inkişaf etdirmək missiyasından imtina edib.
“OpenAI” süni intellekt alətlərini əsas cərəyana gətirməkdə, sektora daha geniş sərmayə cəlb etməkdə böyük rol oynayır. Son sərmayə müqavilələri bağlayanlar arasında “Thrive Capital” investisiya şirkəti, yapon texnoloji konqlomeratı “SoftBank”, ABŞ-ın çip istehsalı nəhəngi “Nvidia” və artıq şirkətdə böyük paya malik olan “Microsoft” da var.
Müqavilələrin şərtlərinə əsasən, investorlar iki il ərzində mənfəət məqsədi daşıyan struktur dəyişikliyi qüvvəyə minməzsə, öz maliyyə vəsaitlərini yenidən müzakirə edə və ya geri ala bilərlər.
“OpenAI” bildirib ki, onun həftəlik 250 milyon aktiv istifadəçisi, həmçinin bir milyon ödənişli biznes müştərisi var. Hazırda şirkət 3,6 milyard dollar gəlir əldə edir. Lakin “Reuters”in məlumatına görə, 5 milyard dollardan çox proqnozlaşdırılan itkilər gəlirləri üstələyəcək. Hesabatlara görə, blokbaster chatbotunun yeni versiyalarını tez bir zamanda təqdim etmək üzrə şirkətə təzyiqlər artıb, həmçinin “OpenAI”nin tədqiqat və təhlükəsizlik qrupları ilə şirkətin məhsullarından pul qazanmaq istəyən işçi heyəti arasında münasibətlər gərginləşib.