ABŞ və İraq hökuməti İraqdakı "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizədə "Sarsılmaz qətiyyət" adlı qlobal koalisiyanın hərbi missiyasını yekunlaşdırmaq barədə razılığa gəliblər. Missiyanın tamamlanması növbəti 12 ay ərzində, lakin 2025-ci ilin sentyabrından gec olmayaraq planlaşdırılır.
Sənədə əsasən, Vaşinqton və Bağdad İraq qüvvələrinə dəstək vermək və ölkədəki terror qruplaşmasına təzyiq göstərmək üçün ikitərəfli təhlükəsizlik tərəfdaşlığına keçmək barədə də razılığa gəliblər.
Departament əlavə edib ki, Birləşmiş Ştatlar, həmçinin İraq konstitusiyasına və qanunlarına uyğun olaraq Amerika qoşunlarının İraqdan çıxarılması üçün lazımi prosedurları yerinə yetirməyi öhdəsinə götürür. Sənəddə qeyd olunur ki, İraq beynəlxalq koalisiyaya terror təhlükəsi ilə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Koalisiyanın bölgədə və bütün dünyada terror qruplaşması ilə mübarizədə uzunmüddətli səylərini davam etdirəcəyi dəqiqləşdirilir. "İraq koalisiyanın əsas üzvü olduğu üçün Suriyada fəaliyyət göstərən koalisiyanın hərbi missiyası 2026-cı ilin sentyabrına qədər fəaliyyətini davam etdirəcək", - Dövlət Departamentinin bəyanatında deyilir.
Sentyabrın əvvəlində Reuters mənbələrə istinadən yazıb ki, ABŞ və İraq Qərb koalisiyasının qoşunlarının İraq ərazisindən çıxarılması planı üzrə razılığa gəliblər. Agentlik qeyd edib ki, Amerika hakimiyyəti uzunmüddətli perspektivdə İraqda az sayda hərbi personal saxlamaq imkanı axtarır.
Agentliyin məlumatına görə, İraqda 2,5 min amerikalı hərbçi var.
S.ELAY
XQ