Harris–Tramp “teledöyüş”ü

post-img

ABŞ-də prezident seçkisinə iki aydan az müddət qaldığı bir vaxtda çər­şənbə axşamı Filadelfiyada növbəti 4 il üçün Ağ evin sahibliyinə iddialı olan hazırkı vitse-prezident Kamala Harris və ölkənin 45-ci dövlət baş­çısı Donald Tramp arasında teledebat keçirilib. Qeyd edək ki, Birləşmiş Ştatlarda seçkilərin nəticələrinə ciddi təsiri olacaq bu “teledöyüş”ü təkcə okeanın o tayında deyil, bütün dünyada böyük maraqla gözləyirdilər. 

Teledebatdan əvvəl demokratların na­mizədi Harris ilə onun respublikaçı rəqibi Tramp arasında elə kəskin fərq yox idi. Belə ki, Harrisin qeydiyyatdan keçən seçi­cilər arasında 1 faizlə - 49-a 48 faiz nisbə­tilə Trampdan öndə olduğu qeyd olunurdu. Artıq xanım siyasətçinin seçki marafonun­da irəli sıçradığı ehtimal olunur. 

Maraqlıdır ki, 59 yaşlı Harrislə 78 yaşlı Tramp həyatda ilk dəfə görüşürdülər. Sa­biq prokuror olan Harris ilk qara ameri­kalı qadın vitse-prezidentdir. Bir çox irqçi şərhlərinə görə tənqid edilən Tramp isə ilk ittiham olunan prezidentliyə namizəddir və seçilsə, vəzifə müddətinin sonunda onun 82 yaşı olacaq.

Gözənildiyi kimi, debat son dərəcə gər­gin, qarşılıqlı qınaq və ittihamlar şəraitin­də keçib. Harris və Tramp iqtisadiyyatdan tutmuş, immiqrasiya, demokratiya, abort kimi bir sıra məsələlərlə bağlı mübahisə ediblər. Gündəmdə olan əsas məsələlərdən biri də HƏMAS-İsrail və Rusiya-Ukrayna müharibələri olub. 

Telejurnalistlərin ilk sualı iqtisadiy­yatla bağlı olub. Birinci Harris danışıb. O, “fürsət iqtisadiyyatı” qurmaq istədiyini deyib. O, yeni kiçik bizneslər üçün vergi kreditini 5 min dollardan 50 min dollara yüksəltmək planından bəhs edərkən de­yib: “Mən bu səhnədə orta təbəqəni yük­səltməklə bağlı proqramı olan yeganə in­sanam”. Əlavə edib ki, rəqibi milyarder Tramp isə yalnız zənginlərə vergi güzəşt­ləri ilə kömək etmək istəyir.

Tramp, həqiqətən iri korporasiyaların vergi nisbətini hazırda mövcud olan 21 faizdən 15 faizə qədər azaldacağını vurğu­layıb. O, iri şirkətlərin vergi yükünü azalt­maqla, böyük biznesi Çin və digər Asiya dövlətlərindən ölkə daxilinə qaytarmağa, bununla da yeni iş yerlərinin açılmasına nail olmağa çalışdığını bildirib. Xatırladaq ki, Trampın 2017-ci ildə qəbul etdiyi vergi qanunundan öncə həmin vergi tavanı 35 faiz idi.

Tramp hətta iqtisadiyyatla bağlı sualla­rın çox hissəsini immiqrasiya probleminə həsr edib. Həmçinin bildirib ki, iqtidarda olduğu dönəmdə Birləşmiş Ştatlarda ən yaxşı iqtisadiyyatlardan birini qurub. O, təfərrüata varmadan bunu yenə edəcəyini söyləyib.

Respublikaçılar hesab edirlər ki, bu­dəfəki seçki kampaniyasında ən ağrılı məsələlərdən biri məhz immiqrasiyadır. Tramp debat boyu – moderatorlar immiq­rasiya ilə əlaqəsi olmayan sual verdikləri zaman belə - Bayden adminsitrasiyasının immiqrasiya ilə bağlı gördüyü işləri tənqid edib. 

Harris isə əksinə, Trampı bu ilin əvvə­lində ABŞ-ın cənub sərhədinə əlavə 1500 sərhədçi yerləşdirəcək ikipartiyalı qanun layihəsini əngəllədiyinə görə tənqid edib. Demokratların namizədi deyib ki, seçkilər­də qalib gələrsə, həmin qanun layihəsini dəstəkləyəcək.

Amerikada qızğın müzakirə olunan problemlərdən biri də abort məsələsidir. Trampın prezident olarkən ABŞ-ın Ali Məhkəməsinə təyin etdiyi üç hakim 2022-ci ildə konstitusiyada abort hüququnu ləğv edən qanunun lehinə səs veriblər. Həmin qərar ayrı-ayrı ştatların ölkə boyu abort­la bağlı məhdudlaşdırıcı qaydalar tətbiq etməsinə zəmin yaradıb. Tramp debat za­manı deyib: “Ali Məhkəmə bunu etmək­lə böyük cəsarət sərgilədi”. O həmçinin zorlama, ananın həyatı risk altında olduğu hallarda aborta qarşı olmayacağını bildirib. Harris isə qadınların reproduktiv hüquqla­rının vacibliyini vurğulayıb.

Xatırladaq ki, K.Harris on ildən çox prokuror vəzifəsində çalışıb. İlk olaraq o, San-Fransiskoda rayon prokuroru, daha sonra isə Kaliforniyanın baş prokuroru olub. Harrisin seçki kampaniyasının əsas hədəfi Trampı demokratiyanın düşməni olaraq təsvir etməkdir. 

Harris debat zamanı Trampın ittiham olunmuş cinayətkar olduğunu vurğulayıb. Tramp isə buna cavab olaraq, Harrisi və Bayden administrasiyanı onu mühakimə etmək üçün hökumətə təzyiq göstərməkdə ittiham edib. 

Jurnalistlərin Trampın 2020-ci il pre­zident seçkisində məğlub olduğunu qəbul edib-etməyəcəyinə dair sualına o, cavab verərək, əslində seçkidə qalib gəldiyini deyib. O, yanvarın 6-da baş verən iğtişaş­larla heç bir əlaqəsinin olmadığını bildirib: “Onlar sadəcə olaraq məndən çıxış etməyi­mi istədilər”, – deyə bildirib. 

Jurnalistlər Harris və Trampa daxili si­yasətlə yanaşı, xarici siyasət məsələləri, o cümlədən Ukrayna və Rusiya, habelə İsrail və HƏMAS arasında gedən müharibələr barədə suallar ünvanlayıblar. 

HƏMAS-İsrail müharibəsi ilə bağlı Harris deyib ki, Birləşmiş Ştatlar İsraili müdafiə edəcək. Bəlli olduğu kimi, de­mokratlar iki dövlətli həll yolunu dəstək­ləyirlər. Harris deyib ki, müharibəyə dər­hal son qoyulmalıdır və atəşkəslə bağlı təcili olaraq razılığa gəlinməli və girovlar qeyd-şərtsiz azad edilməlidir. 

Tramp isə iddia edir ki, Harris prezi­dent olsa, “İsrail yox olacaq”. Qarşı tərəf bu ittihamı əssassız hesab edir. Tramp həmçinin bu iddiadadır ki, o, prezident olsa idi, Rusiya-Ukrayna müharibəsi heç vaxt olmazdı. 

Ukraynanın Rusiyaya qarşı mühari­bədə qalib gəlməsini istəyib-istəmədiyinə dair suala cavab olaraq Tramp deyib ki, o, müharibənin dayandırılmasını arzulayır. Harris isə kinayəli şəkildə qeyd edib ki, “Donald Tramp prezident olsaydı, Putin indi Kiyevdə oturmuşdu”. 

Teledebatın sonunda Harris iddia edib ki, çağdaş dünya dövlətlərinin liderləri Trampı lağa qoyurlar. Tramp isə Bayden və Harrisi ölkə tarixinin ən pis prezident və vitse-prezidenti adlandıraraq debatı ye­kunlaşdırıb.

Məsaim ABDULLAYEV
XQ

Dünya