Süni intellektin “yaşıl” enerji axtarışı

post-img

Dünya enerji böhranı yaşıl mənbələrə keçidi sürətləndirir. Məsələ artıq iqlimdə də deyil. Ener­ji təhlükəsizliyini təmin etmək üçün bir çox ölkələr “təmiz” enerji resurslarını inkişaf etdirməyə çalışır. Hidrogen isə ekoloji cəhətdən ən təmiz enerjidir. Bu yol iqlim böhranı ilə effektiv mübarizədə və davamlı inkişafı dəstəkləməkdə mühüm rol oynayır. 

Hazırda istehlak olunan enerjinin 1faizə yaxını onun payına düşür. Bəs hidrogen enerjisindən istifadənin məh­dud olması nə ilə bağlıdır? Bu sahə böyük sərmayələr tələb edir. Saxlanma və daşınma xərcləri də çoxdur. Ona görə də, hidrogen enerjisinin tətbiq sahəsini genişləndirmək, xərc­ləri azaltmaq üçün yeni yollar axtarılır. Hətta süni intellekt­dən istifadə gündəmə gəlib. 

Saskaçevan Universiteti­nin (Kanada) alimləri süni in­tellektin yaratdığı katalizator­dan istifadə etməklə hidrogen enerjisinin istehsalında yeni səmərəli üsul təklif edirlər. 

Qeyd edək ki, hidrogen suyun elektrolozindən alınır. Bərpa olunan mənbələrdən əldə edilən elektrik sudakı iki metal elektroda buraxılır. Bu zaman oksigen və hidrogen qazları əmələ gəlir. İlk baxışda hər şey sadə görünür. Lakin su­yun parçalanma prosesi enerji tələb edir. Nəticə isə nadir və bahalı metallardan hazırlanmış elektrodlardan asılı olur. Bu səbəbdən alimlər daha səmərə­li reaksiyaya nail olmaq üçün katalizator kimi optimal ərinti (elektrod) axtarırlar. 

Tədqiqatçılar “namizəd” ərintilərinin axtarışında yüz milyonlarla parametrləri təh­lil etmək üçün süni intellektlə işləyən kompüter proqramı hazırlayıblar. Süni intellekt ən perspektivli variantları müəy­yən etmək üçün virtual simul­yasiyadan istifadə edərək 36 mindən çox metal oksid bir­ləşmələrini təhlil edib. Daha sonra ən yaxşı variantı seçib və o, laboratoriya şəraitində sınaqdan keçirilib. 

Alimlər həm də reaksiya zamanı katalizatorun effektiv­liyini qiymətləndirmək üçün CLS-in ultra parlaq rentgen şüalarından istifadə edib. Nə­ticədə, müəyyən nisbətlərdə rutenium, xrom və titanın bir­ləşməsi ən uyğun katalizator seçilib. Bu ərinti etalon me­taldan 20 dəfə daha çox daya­nıqlıq və davamlılıq nümayiş etdirərək səmərəliliyini sübut edib. 

Amma süni intellekt proq­ramı böyük vədlər versə də, ərintinin real şəraitdə nə qədər səmərəli olduğuna əmin olmaq üçün geniş sınaqdan keçməli­dir. 

Kanadalı alimlər ümid edirlər ki, süni intellekt yaşıl enerjidən geniş istifadə üçün daha sürətli yol təqdim edəcək. Eyni zamanda, xərcləri aşağı salacaq.

Bu arada Almaniyanın “Stadler Rail” şirkəti həm hid­rogen enerjisi, həm də akku­mulyatorlarla hərəkət edə bilən hibrid qatarın təqdimatını keçi­rib. O tək bir enerji mənbəyin­dən, ya da onlardan birlikdə istifadə etməklə işləyir. Buna əvvəllər sənayedə heç vaxt rast gəlinməyib.

Qeyd edək ki, Almaniyada dəmir yolu xətlərinin 38 faizi elektrikləşdirilməyib. “Stadler Rail” şirkətinin yeni ixtirası bu boşluğu kompensasiya etmək məqsədi daşıyır.

Hibrid sistem həmçinin də­mir yolu xətlərində vaqonların akkumulyatorlarını doldurma­ğa imkan verəcək. Hidrogen mühərrikindən istifadə edən prototipin ehtiyat hərəkət mə­safəsi 700 kilometrə, hər iki sistemdən istifadə edildikdə isə bu rəqəm 1000 kilometrə çatır.

Batareyalara gəlincə, on­lar tam doldurulduqdan sonra 80–100 kilometr məsafəni tə­min edə bilir, iki belə sistem isə bu rəqəmi 180 kilometrə qədər artıracaq. Batareyalar ilə işləyərkən maksimal sürət sa­atda 120 kilometrdir. 

Sonda bildirək ki, hid­rogen qaz halında olan enerji daşıyıcısıdır və yandırıldıqda əmələ gələn yeganə emissiya sudur. Bu isə ekoloji mühitin qorunması, istiхana təsirinin azalması və s. baхımdan çoх əlverişlidir. 

PÜNHAN
XQ

Dünya