Musiqili səhnənin “səs tablosu” yaradan aktyoru

post-img

Onun rəsmləri oxuyur, mahnıları əlvanlıq saçırdı

Xalqın musiqi mədəniyyətinin bir parçasına çevrilib ürəklərdə ya­şayan sənətkarlardan biri də el arasında Mobil kimi tanınan, əsl adı isə Müğbil olan Xalq artisti Müğbil Əhmədovdur. 

Bu günlərdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Müğbil Əhmədovun xatirəsinə həsr olunmuş kon­sert keçirilib və onun “möhür” vurduğu mahnılardan ibarət musiqi çələngi təqdim edilib. Rəngarəng ifalar sənətkarın unu­dulmaz obrazını xatırladıb. 

Müğbil Salman oğlu Əhmədov 1931-ci ilin sentyabr ayında Gəncədə anadan olub. O, 1955-ci ildə Əzim Əzimzadə adı­na Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservato­riyasına qəbul edilib və musiqiyə ömürlük könül verib. Dünya şöhrətli vokalçı, Xalq artisti Bülbülün sinfində təhsil alıb. 

Qızı Nigar Əhmədova xatirələrin­də onun sənət seçimi barədə belə yazıb: “Atam rəssamlığa çox meyilli olub və 2 il Gəncə Dövlət Milli Dram Teatrında Böyükbəy Əliyarbəylinin rəssamlıq mək­təbinin üzvü olub. Orta məktəbi bitirəndə isə uşaqlıq arzusu və ürəyinin səsi onu Rəssamlıq Məktəbinə gətirib. Burada da atamın təqdim etdiyi əl işlərinin kompo­zisiyası o qədər bitkin, rəng koloriti əlvan və cazibəli, obrazları isə canlı olub ki, bu, qəbul komissiyasında şübhə doğurub və onun qabiliyyətini əyani şəkildə yoxla­yıblar. Atam gözəl bir natürmort çəkərək sınaqdan uğurla çıxıb və şübhələri alt-üst edib. Buna görə yekdil qərarla birbaşa 2-ci kursa qəbul olunub. İstedadlı və ça­lışqan tələbə kimi adı Repin adına təqaüd alanlar sırasına salınıb”. 

Amma Müğbil Əhmədovun taleyinə müğənni kimi tanınmaq düşübmüş. 50-ci illərin sonlarında Azərbaycanın bir qrup incəsənət xadimi vokal qabiliyyətli gənc­ləri seçmək məqsədilə Gəncədə “İstedad­lar axtarırıq” baxış-müsabiqəsi keçiriblər. Orada özünü sınayan gənc rəssam “Evləri var xanə-xanə” xalq mahnısını və bəstə­kar Tofiq Quliyevin “Neftçilər”ini ifa edib. Onun şaqraq səsini dinləyib məm­nun olan Fikrət Əmirov 21 yaşlı Müğ-bilə mütləq Bakıya gedib musiqi təhsili almasını tövsiyə edib.

Beləliklə, gənc rəssam konservatori­yaya qəbul olunub. Həmin illərdə Rauf Hacıyev “Biz Bakıdanıq” adlı caz-orkestr yaratmışdı. Bu qrupda Oqtay Ağayev, Natavan Şeyxova, Elmira Rəhimova ilə birlikdə Müğbil Əhmədov da oxuyur, keçmiş ittifaqın şəhərlərinə qastrollara ge­dirdi. Eyni zamanda, Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində Ramiz Mustafayevin rəhbərlik etdiyi orkestrdə solo-ifaçı kimi də çıxışlar edirdi. Sonra Musiqili Komediya Teatrında vokalçı-te­nor kimi baş rollarda oynamağa dəvət edildi və ömrünün 45 ilini bu şöhrətli sənət ocağında keçirdi. 

Bu illərdə o, 70-dən artıq müxtəlif səpkili, bitkin obrazlar yaratdı. “Məşədi İbad” və “Arşın mal alan” komediyala­rında Sərvər, Rüstəm bəy və Əsgər, “Hacı Qara”da Heydər bəy, “Danabaş kəndinin əhvalatları”nda Məhəmmədhəsən əmi, “Qızılaxtaranlar”da Nadir, “Qayınana”da Ayaz, “Gözün aydın”da Alay, “Ulduz”da Bəxtiyar, “Olmadı elə, oldu belə”də Arzu, “Özümüz bilərik”də Zəfər, “Milyonçunun dilənçi oğlu”nda Yetim, “Sevindik qız axtarır”da Toğrul, “Nənəmin şahlıq qu­şu”nda Cəsarət, “Boşanaq, evlənərik”də Çingiz, “Ləpələr”də Sahib, “Qızılgül”də Etibar kimi obrazları ilə yadda qalıb. Mü­ğbil Əhmədov xarici müəlliflərin əsərlə­rində də əsas rolların və partiyaların öhdə­sindən məharətlə gəlib. 

Onun yaradıcılıq meyarları haqqında fikirləri yüksək tələbləri ilə seçilir: “Hamı tərəfindən qəbul olunan belə bir standart fikir mövcuddur ki, artist yaratdığı ob­razın bütün xarakterik çalarlarını tama­şaçıya çatdırmalıdır. Bu, əlbəttə, belədir. Amma mənim fikrimcə, aktyor istənilən rolu ifa edərkən, yaratdığı obrazdan daha çox öz şəxsiyyətini, tutumunu, ruh aləmi­ni tamaşaçı üçün aydınlaşdırır. Və bunun nəticəsində, tamaşaçı ya aktyoru sevir, ya da səhnədə ona uzun illər, sadəcə, dö­zür. Üçüncü variant yoxdur”.

Tanınmış bəstəkar Vasif Adıgözəlov sənətkar haqqında xatirələrində bildirib: “Müğbil Əhmədovun Musiqili Komediya Teatrına gəlişindən sonra bizim bəstəkar­larımız mürəkkəb vokal partiyalarına ma­lik operettalar yazmaqdan daha çəkinmir­dilər. Çünki bilirdilər ki, burada artıq belə çətinliklərlə bacaran sənətkar var. Odur ki, musiqi sənətimizin inkişafının müəy­yən mərhələsini həm də Müğbil Əhmədo­vun adı ilə bağlamaq olar”. 

Səhnə yaradıcılığında onun obrazla­rının hər birində səs, vokal xüsusiyyətlə­ri nəzərə alınırdı. Aktyor hər bir obrazı yumor hissi ilə tamaşaçıya təqdim etməyə müvəffəq olurdu. Məhz buna görə də səh­nədə onun obrazları böyük və kiçikliyin­dən asılı olmayaraq köməkçi rollar statu­sunda olmurdu. 

Tanınmış sənətkar uzun illər müxtə­lif təhsil ocaqlarında pedaqoji fəaliyyət də göstərib. Hətta o, rəssam kimi sənət dostlarının yüzlərlə şarjını çəkib. “Beş manatlıq gəlin” və “Danabaş kəndinin əhvalatları” komediyalarının səhnə tərti­batı, geyim eskizlərinin müəllifi olaraq, o, maraqlı və orjinal səpkili quruluşlar verib. Xoşbəxt taleli sənətkar Müğbil Əhmə­dovun Azərbaycan Radiosunun fondun­da 600-dən çox lent yazısı var. O, “Qara daşlar”, “Yeni il gecəsində”, “Aktrisanın təbəssümü”, “Üzeyir ömrü” və “Məkanın melodiyası” filmlərində də marqlı rolları ilə yaddaşlarda yaşayır. 

Xalq artisti Müğbil Əhmədov 2006-cı ildə, 75 yaşında vəfat edib və öz və­siyyətinə uyğun olaraq Gəncə şəhərində yerləşən Səbizkar qəbirstanlığında dəfn edilib.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas





Mədəniyyət