Paris prokurorluğu "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanılması ilə bağlı press-reliz dərc edib. Sənədə əsasən, istintaq iyulun 8-də açılıb. Biznesmenin həbs müddəti avqustun 28-də başa çatır. İşdə 12 maddə üzrə ittiham var.
Paris prokuroru Laura Bekkionun imzaladığı press-relizdə deyilir ki, istintaq aşağıdakı ittihamlarla aparılır. İşadamı mütəşəkkil qrupda qeyri-qanuni əməliyyat həyata keçirmək məqsədi ilə onlayn platformanın vebmasterinqində iştirakda,
sorğu əsasında məlumat və ya sənədləri səlahiyyətli orqanlara ötürməkdən imtinada, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinə sahib olmaqda iştirakda, mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin yayılmasında iştirakda, narkotik maddələrin əldə edilməsində, daşınmasında, saxlanmasında, satışında iştirakda, məlumat emalı sistemlərinə giriş əldə etmək üçün hazırlanmış və ya uyğunlaşdırılmış avadanlıq, alətlər, proqramlar və ya məlumatların satışı və ya qeyri-qanuni ötürülməsində iştirakda, mütəşəkkil fırıldaqçılıqda iştirakda, beş il və ya daha çox müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş cinayət və ya cinayət törətmək üçün cinayət birliyi yaratmaqda, mütəşəkkil qrupun tərkibində cinayətlər və ya cinayətlər nəticəsində əldə edilmiş gəlirlərin yuyulmasında, sertifikatlaşdırılmış bəyannamə olmadan məxfiliyi təmin etmək üçün kriptoqrafiya xidmətlərinin göstərilməsində, əvvəlcədən elan etmədən yalnız identifikasiyadan və ya fayl bütövlüyünün monitorinqindən daha çoxunu təmin edən kriptoqrafik alətin təmin edilməsində, əvvəlcədən elan etmədən autentifikasiya və ya fayl bütövlüyünün monitorinqini təmin edən kriptoqrafik alətin idxalında ittiham olunur.
Pavel Durovun işi üzrə təhqiqatı Rəqəmsal Cinayətkarlıqla Mübarizə Mərkəzi və Milli Dələduzluqla Mübarizə İdarəsi aparır. Press-relizdə deyilir ki, Pavel Durov artıq müstəntiqlər tərəfindən dindirilib.
"Telegram"ın təsisçisi avqustun 24-ü axşam saatlarında Paris Le Burje hava limanında saxlanılıb. Onun saxlanma müddəti 96 saatdır. Ertəsi gün, avqustun 25-də "Telegram" komandası rəsmi açıqlama verib. Onlar messencerin Avropa İttifaqının qanunlarına, o cümlədən rəqəmsal xidmətlər haqqında qanuna uyğun olduğunu, platformada məzmun moderasiyası qaydalarının isə sənaye standartlarına uyğun olduğunu vurğulayıblar.
S.ELAY
XQ