50 il əvvəl baş verənləri unutmaq olarmı?
Şimali Kipr məsələsi uzun illərdir Qərb siyasi dairələrinin riyakarlıqla yanaşdığı mövzulardandır. Bu günlərdə BMT-nin türklərin yaşadığı Şimali Kipri və yunan Kiprini danışıqlar masasına dəvət etməsi də bu baxımdan xeyli müəmmalı suallar yaratdı. Bəzi təhlilçilər bunu, hətta adanın türk icmasının varlığına son qoymaq istəyənlərin növbəti məkrli addımı kimi dəyərləndirdilər. Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar isə Kipr probleminin həlli üçün BMT baş katibinin vasitəçiliyi ilə görüşün keçirilməsinə əsas olmadığını bildirdi.
Digər tərəfdənsə bu yanaşma “Kuzey Kıprıs”ın Azərbaycanın təşkilatçılığı ilə Türk dünyasına yaxınlaşmasına, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində təmsilçiliyinə cavab kimi də dəyərləndirilə bilər. Bu, həm də problemin həllinə sözdə çalışanların, Şimali Kipr Türk Respublikasının dövlət kimi fəaliyyət göstərməsini qəbul etməyənlərin yeni mövqe qazanması yolunda atılan addımdır. Kiprin şimal hissəsində türk dövlətinin mövcudluğunu bu gün də tanımaq istəməyənlərin yadına 50 il bundan əvvəl baş verənləri yada salmaq yerinə düşər.
Türkiyənin Kiprdə həyata keçirdiyi Sülh Hərəkatı əməliyyatı indi bütün Türk dünyasının qürurla andığı hadisələrdəndir.1974-cü ildə Türkiyənin ovaxtkı baş naziri Bülənd Ecevitin göstərişi ilə Kiprdə keçirilən hərbi əməliyyat yunanların adada yaşayan türklərə qarşı hələ 1920-ci illərdən başlayan soyqırımı siyasətinə son qoydu və tarixə Kipr Sülh Hərəkatı kimi düşdü.
Birinci Dünya müharibəsindən sonra adada yaşayan yunanlar Aralıq dənizindəki bir çox, hətta bu günümüzdə də iddialı olduqları adalarla yanaşı, Kiprin də Yunanıstana birləşdirilməsi üçün bütün vasitələrlərə əl atdılar. Beynəlxalq anlaşmaları, qanunları belə saymır, uzun illərdən bəri burada məşkunlaşan və adanın aborigen xalqlarından olan türklərlə ortaq dövlətin qurulmasına belə təpki göstərirdilər. 1950-ci illərdə isə bu “mübarizə” türklərə qarşı soyqırımı həddinə çatmışdı. 1959-cu ildə London Müqaviləsi ilə müstəqil Kipr Cümhuriyyəti qurulsa da, yunanlar türklərin adadan çıxarılması üçün ağır zorakılıqlardan yararlanmaqda idilər.
1960-cı illərdə isə türklərə qarşı açıq şəkildə qətliamlar davam etməkdə idi. Türk kəndlərinə silahlı basqınların ardı-arası kəsilmir, günahsız insanlar mütəmadi hücumlara məruz qalır, əksəriyyəti mülki şəxslər, qadın və uşaqlar olan türklər öldürülür, evləri yandırılırdı. Demokratiya “carçısı” olan dövlətlər isə tərəfləri sülhə çağırmaqla işlərini bitmiş hesab edirdi. Nə yazıqlar ki, Qarabağda 30 ilə yaxın bir dövrdə xalqımız eynilə bu müsibətləri yaşadı…
Nəhayət ki, 20 iyul 1974-cü ildə Türkiyə Cümhuriyyəti Kipr türk xalqının xilası üçün “Kipr Sülh Hərəkatı” adı ilə zəruri addım atmağa vadar olur. Hətta bəzi hökumət üzvlərindən belə tamamilə məxfi saxlanılan əməliyyat Baş nazir Bülənd Ecevit və xarici işlər naziri Turan Günəşin “Ayşə tətilə çıxsın” parolu ilə başlayır.
Yeri gəlmişkən, bu parolun özünün də maraqlı tarixçəsi var. Əməliyyata başlamaq barədə söhbətləşən nazirlər digər ölkələrin onların bu xüsusdakı müzakirələrini dinləsələr belə, başa düşməmələri üçün bir parol təyin etməyi qərara alırlar. Bu məqamda xarici işlər naziri Turan Günəş qızı Ayşə Günəşin adı ilə bağlı həmin kəlməni pıçıldayır. Hərəkatın başlayıb-başlamamasını müəyyən edəcək o sözlər belə olur: “Ayşə tətilə çıxsın”.
Şifrədə adı çəkilən Ayşə o vaxt Orta Şərq Türkiyə Universitetinin Sosial elmlər fakültəsinin 19 yaşlı tələbəsi idi. Həmin gənc qız 50 ildən sonra o parolun hekayəsi və detallarını “Anadolu” agentliyinə müsahibəsində belə anladıb: “Ayşə tətilə çıxsın” məxfi əməliyyatın başlanmasının mesajı idi. Mənim adım əslində bir simvoldur, amma bu hadisənin qəhrəmanı mən deyiləm”.
Baş nazir Bülənt Ecevit, baş nazirin müavini Nəcməddin Ərbəkan mətbuat konfransı keçirərək, Türkiyə Silahlı Qüvvələrnin Kiprdə əməliyyata başladığını bildirirlər. Türkiyə və dünya mətbuatı hərəkat haqqında xəbərləri yayır. Uzun illər hadisələri sükutla izləyən bir çox dövlətlər hadisələrə dərhal müdaxilə edərək, əməliyyatın dayandırılmasına çalışırlar. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirsə də, BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir.
14 avqust 1974-cü il tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyatı Türkiyə uğurla başa çatdırır, adada türklərin qətliamının qarşısı alınır. Bir il sonra - 1975-ci ildə Kipr Türk Federativ Dövləti və ya Kıbrıs Türk Federasiyası, 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) qurulmuşdur. Böyük təzyiqlərlə üzləşən KKTC-nin qurucuları Rauf Denktaş, Fazıl Küçük və silahdaşları mübarizələrini sonadək davam etdirmişlər.
Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarlarda Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq beynəlxalq qərarların çoxunda bu əməliyyat təəssüf ki, “işğal” adlandırılmışdır. İstinye Universiteti Təhlükəsizlik və Müdafiə Strategiyaları Araşdırma Mərkəzinin direktoru, təqaüddə olan general Fəhri Erenel “Habar Türk” kanalına müsahibəsində yunan tərəfdən 54 min əsgərin 35 tankla, türklərin isə 40 min əsgərin 180 tankla əməliyyatda iştirak etdiklərini bildirir. Əməliyyat zamanı yunanlar 4 min, türklər isə 5 yüzə yaxın itki vermişlər. General sonra fəxrlə bu sözləri vurğulayıb: “Biz türkün Çanaqqala döyüşlərindəki qəhrəmanlığını dünyaya tanıtdıq. Kipr əməliyyatı da şanlı bir tarixdir, onun tanıdılması üçün də çalışmalıyıq.
Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar və digər rəsmi şəxslər dəfələrlə Azərbaycana səfər edərək rəsmi tədbirlərdə iştirak etmiş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişlər. Bu gün KKTC dünya birliyi tərəfindən dövlət kimi tanınmasa da, onun bir dövlət kimi tanınacağı günün də çox uzaqda olmadığına inanırıq.
Namiq Qədimoğlu
XQ