Onların arasında “qızıl”ı da var, “ana” sayılanı da
Ada sözünü eşidən sadə azərbaycanlının yadına düşən ilk ünvan ötən əsrin əvvəllərində bolşeviklər və ingilislər tərəfindən çoxsaylı türk əsgərinin qətlə yetirildiyi, həmin əsrin otuzuncu illərində isə repressiyaya məruz qalmış günahsız Azərbaycan ziyalılarının son məskəninə çevrilmiş Nargin adası olur. Bir az oxumuş adamlar son iki əsrdə macəra ədəbiyyatının dəyərli nümunələrini yaratmış Avropa yazıçılarının əsərlərindəki adaları xatırlayırlar. Hətta italiyalı rejissor Sercio Korbuççinin 1976-cı ildə çəkdiyi “Sinyor Robinzon” filmini xatırlayanlar da olur.
Amma ada mövzusu o qədər də sadə məsələ deyil. Uzun illər dünya iqtisadiyyatına və siyasətinə hökmdarlıq iddiasında olan “ada” da var, 10-15 ölkədən çox əhaliyə malik olan adalar da. Bu qısa yazıda həmin adalardan beşinin adını çəkmək istəyirik.
Birinci, dünyada əhalisi ən çox olan ada İndoneziyadadır. Yava adlı bu adanın əhalisi 153 milyon nəfərdir (Bəzi materiallarda 149 milyon göstərilir. Elə olsa da, yenə birinciliyi əldən verməz).
Malayya arxipelaqında, Böyük Zond adaları qrupunda olan Yava İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Bu adada İndoneziya əhalisinin 57 faizdən çoxu yaşayır. Bildirilir ki, Yava İndoneziyanın əsas təsərrüfat rayonlarındandır. Burada əkinçilik inkişaf etmişdir. Kauçuk, kinə ağacı qabığı, ədviyyat ixrac edilir. Əsas şəhərləri Cakarta, Bandunq, Surabayadır.
İkinci, Yaponiya əhalisinin 75 faizinin yaşadığı Xonsyu adasının 103 milyon əhalisi var. Xonsyu dünyanın ən böyük 7-ci, Yaponiyanın isə ən böyük adasıdır. Yaponlar Xonsyuya “ana ada” da deyirlər. Xatırladaq ki, bu ölkədə üç mindən çox ada var. Bu ada, hətta Yavadan sonra dünyanın ən sıx məskunlaşmış adasıdır. Üstəlik, Xonsyu Yaponiya xəritəsinin 60 faizini təşkil edir. Böyük Britaniyadan daha böyük əraziyə sahibdir.
Alimlər yazırlar ki, dağlıq ərazi olan Xonşyuda tez-tez vulkan püskürmələri və zəlzələlər qeydə alınır. Bu səbəbdən də digər adalara nisbətdə Xonşyu adası turist qəbulu məsələsində xeyli geridə qalır.
Üçüncü, yuxarıda qeyd etdik ki, vaxtilə bir neçə cəhətdən dünyaya hökmranlıq etmək iddiasında olan “ada” da var. Bu, Britaniya adasıdır. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı əhatə edən Böyük Britaniya və Şimali İrlandiya Krallığı adlı dövlət məhz 67 milyon əhalisi olan Briyaniya adasında yerləşir.
Avropada ərazisinə görə ən böyük, dünyada doqquzuncu olan Britaniya adası eyni adlı adalar silsiləsinin (mindən çox ada nəzərdə tutulur) də ən böyüyüdür. Burada mövsümlər arasında kiçik temperatur fərqləri olan dəniz iqlimi üstünlük təşkil edir. Ehtimallara görə bu ada təxminən 9 min il əvvələ qədər Avropa materiki ilə bitişik olub. İndi isə ada Doggerland kimi tanınan quru körpüsü ilə materikə birləşdirilib.
Dördüncü, 64 miyon əhalinin yaşadığı Luzon adası Filippin adaları arasında ərazisinə görə ən böyüyüdür. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri – Manila və Keson yerləşir. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir.
Mənbələrdə göstərilir ki, qədim xəritələrdə bu adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşayanlara isə lusonlular deyilirmiş.
İkinci Dünya müharibəsi dövründə (8 dekabr 1941-ci ildə) yapon aviasiyası Lusonda olan Amerika bazasına hücuma keçərək adanı işğal etmiş, Tokio Linqaen körfəzində öz bazalarını yaratmışdı. Uzun sürən müharibədən sonra Filippin və Amerika qüvvələri 1945-ci il iyulun 5-də yaponlara qalib gəlir və bununla da Luson adası yenidən Filippinin bir parçası olur.
Nəhayət, “əlli minlik” adaların beşincisi. 60 miyona yaxın əhalinin yaşadığı Sumatra adasını bəzən İndoneziyanın qızıl adası da adlandırırlar. Oxuduğumuz materiallarda qeyd ediliur ki, Sumatra qədim çağlarda zəngin qızıl mədənlərinə görə Swarnadwīpa (Qızıl adası) və ya Swarnabhūmi (Qızıl torpaq) adlarıyla tanınırmış. Sumatra adını isə ilk dəfə 1017-ci ildə Çinə elçi göndərən Sumatra torpaqlarının kralı işlətmişdir. XIV yüzilin sonlarında isə Samudra krallığının yüksəlişiylə adanın da adı Sumatra kimi işlədilməyə başlanmışdır.
İttifaq MİRZƏBƏYLİ