Son günlər Rusiya–Ukrayna müharibəsində sensasiyalı hadisələr baş verir. Ukraynalı hərbçilərin Kurska qəfil hücumu çoxlarını heyrətə salıb. Qlobal media indi bu barədə çox yazır, amma dəqiq məlumatlar, təəssüf ki, azdır.
Məlumdur ki, Rusiya Silahlı Qüvvələri son həftələr ərzində cəbhənin bir çox istiqamətlərində aramsız hücum əməliyyatları həyata keçirir və bir çox hallarda rəqibi müəyyən qədər geri çəkilməyə məcbur edir. Belə bir məqamda, Ukrayna hərbçilərinin Rusiyanın ərazisinə daxil olması, təbii ki, kifayət qədər cəsarətli plan hesab oluna bilər.
Hadisə belə başlanıb. Bu il avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin təxminən 1000 nəfərdən ibarət bölmələri Kursk vilayətinə hücum ediblər. Mediada və sosial şəbəkələrdə yayılan ilkin məlumatlara görə, ukraynalılar sərhəddən vilayətin mərkəzinə doğru 12 kilometrə qədər irəliləyərək, 10 yaşayış məntəqəsini ələ keçiriblər. Maraqlıdır ki. Ukrayna tərəfi əməliyyatın təfərrüatlarını açıqlamır, faktları isə nə təsdiq, nə də təkzib edir.
Avqustun 7-də Rusiya Prezidenti Vladimir Putin Kurskdakı vəziyyət ilə bağlı fövqəladə müşavirə keçirib. Dövlət başçısı rəsmi Kiyevi Kursk vilayətində mülki və yaşayış məntəqələrini raket atəşinə tutmaqda günahlandırıb.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov müşavirədə məlumat verib ki, Kurska hücum zamanı Ukrayna 315 nəfər itki verib (azı 100 nəfər ölüb, 215-i yaralanıb). Onun sözlərinə görə, rəqibin 54 zirehli texnikası, o cümlədən 7 tankı məhv edilib. Qeyd olunur ki, atışma və PUA hücumları nəticəsində Kursk vilayətinin 5 dinc sakini həlak olub. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 6-sı uşaq olmaqla, 31 nəfər xəsarət alıb.
Dünən Rusiyanın Müdafiə Nazirliyi Kurskda yaranmış son vəziyyətlə bağlı məlumat yayıb. Nazirlik sutka ərzində Kursk vilayətinin Ukrayna ilə sərhəddəki Sudja və Korenevsk rayonları ərazisində döyüşlərin getdiyini açıqlayıb. Bildirilib ki, görülən adekvat tədbirlər nəticəsində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb. Ümumilikdə, Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusu 660-dan çox şəxsi heyət üzvünü itirib.
Ən son məlumatlara görə, Rusiyanın Kursk vilayətindəki Sudja şəhərinin bir hissəsi Ukrayna ordusunun nəzarətindədir. Ərazidə olan bir sıra hərbi jurnalistlər bildiriblər ki, şəhərdə şiddətli döyüşlər davam edir. Onların ötürdüyü informasiyaya görə, artıq Ukrayna ordusu şəhərin yarıdan çox hissəsinə nəzarət edir: “Şəhərin bu hissəsinin müdafiəsinə rusiyalı hərbçilərlə yanaşı, yerli özünümüdafiə dəstələri cəlb olunub. Rusiya ordusu demək olar ki, Ukrayna hərbçilərinin Korenevo qəsəbəsi istiqamətində irəliləməsinin qarşısını alıb. Hazırda intensiv döyüşlər Loknya, Nikolski, Viktorovka, eləcə də Kruqlenskoye qəsəbələri uğrunda gedir”.
Bununla yanaşı, bölgədən ziddiyyətli xəbərlər gəlməkdə davam edir. Belə ki, vilayət administrasiyasından Ukrayna ordusunun geri çəkildiyi ilə bağlı açıqlama verilib.
Gələn məlumatlar arasında gecə saatlarında Rusiya hava hücumundan müdafiə vasitələrinin Kursk səması üzərində 6 ədəd pilotsuz uçuş aparatı və 5 ədəd raketi zərərsizləşdirdiyi açıqlanıb.
Qeyd edək ki, avqustun 7-dən Kursk ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” səhifəsində bildirib ki, “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhədindəki hərəkətlərindən dərs çıxarmaq və düşməni amansızcasına məğlub etmək lazımdır”.
D.Medvedev vurğulayıb ki, rəqibin məqsədi Kursk vilayətində terror əməliyyatı keçirərək, Rusiya qüvvələrinin bir hissəsini Kursk və Belqoroda çəkmək, bununla da əsas qarşıdurma xəttində rus döyüş birləşmələrini seyrəltmək idi.
Rusiya mediası xəbər verir ki, hazırda Donbasda Pokrovsk istiqamətində rusların hücumu nəticəsində Ukrayna üçün mürəkkəb vəziyyət yaranıb. Rusiya komandanlığı əsas hərbi ehtiyat qüvvələrini məhz buraya yönəldir və Ukrayna müdafiəçiləri üzərində təzyiqi hər gün artıraraq irəliləyir.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "X" hesabında bildirib ki, Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasəti ilə bağlıdır. “Hər hansı eskalasiya, atəş, hərbi əməliyyatlar, məcburi evakuasiya və normal həyatın məhv edilməsi, həmçinin bunun Rusiya Federasiyasının öz ərazilərində - Kursk və Belqorod bölgələrində baş verməsi yalnız Rusiyanın birmənalı təcavüzündən qaynaqlanır.
Onun fikrincə, bu, həmçinin xarici əraziləri ələ keçirmək cəhdlərini, suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə müdafiə edən beynəlxalq hüquq normalarına məhəl qoymamağı ehtiva edir.
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinə hücumundan sonra Rusiya ilə Ukraynanın Sumı vilayəti arasında sərhəddə yerləşən humanitar dəhliz bağlanıb.
Ukraynanın reinteqrasiya naziri İrina Vereşçuk bildirib ki, humanitar dəhliz ən azı on gün bağlı qalacaq. Yeri gəlmişkən, Belarusla sərhəddə yerləşən Mokranı-Domanovo keçid məntəqəsi isə fəaliyyətini davam etdirir.
Məsaim ABDULLAYEV
XQ