Son illlər Avropa İttifaqında (Aİ) mütəşəkkil cinayətkarlığın səviyyəsi artıb. Fırıldaqçılar ən yeni texnologiyalardan istifadə edirlər. Bu barədə Aİ-nin polis xidməti məlumat verib. Məlumatda göstərilir ki, ən çox yayılmış qanun pozuntuları investisiyalar, işgüzar e-poçt yazışmaları və “romantik fırıldaqlar”la bağlıdır.
Maraqıdır ki, cinayətkarlar süni intellektə əsaslanan alətlərdən getdikcə daha çox istifadə edirlər: “Hazırda cəmiyyət səviyyəsində vətəndaşlara vacib xidmətlər demək olar ki, rəqəmsallaşdırılıb və bu istiqamətdə işlər sürətləndirilmiş rejimdə davam etdirilir. Bununla bərabər bazara daxil olan kibercinayətkarların sayı, həm giriş maneələrini azaldan yeni texnologiyalar, həm də hücumun potensial imkanlarını genişləndirən rəqəmsal infrastrukturlar təkmilləşir. Onlardan insanların nüfuzuna xələl gətirmək, fiziki və ya mental zərər yetirmək, yaxud hansısa fayda qazanmaq, pul əldə etmək, nifrət məzmunlu mətnləri və terrorizmi yaymaq və s. niyyətlərlə istifadə edilir”.
Bu kiberhücumlardan biri internetdə xüsusi proqramlar vasitəsilə, əslində, mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etməklə, şişirdilmiş yüksək mənfəət vəd edərək vətəndaşların vəsaitlərini fırıldaqçılıq yolu ilə mənimsək idi. Beləliklə, həmin fırıldaqçılar qurduqları şəbəkə biznesinə çox sayda vətəndaşı piramida formasında cəlb edərək onlara saxta kriptovalyuta satıblar. Nəticədə cinayətkarlar müxtəlif qurbanlardan yüz minlərlə dollar alıblar.
“Emotet” adlı troyan (belə viruslar sistemə daxil edildikdən sonra tədricən onu ələ keçirir) ən çox istifadə edilən kiberhücumlardan biridir. Geniş yayılmış “fişinq” senariləri ödəniş kartı nömrələrinin, internet bankçılığında “login” (sistemə giriş) detalları, sosial media və elektron poçt ünvanı məlumatlarının ələ keçirilməsinə əsaslanır. Kibercinayətkarlar bu məqsədlərin reallaşdırılması üçün saxta “SMS” və “Votsap” (WhatsApp) mesajları, həmçinin “nüfuzlu qurumlar”dan daxil olan zənglərdən istifadə edirlər. Bu kimi aldatma üsulları isə kifayət qədər çoxdur.
Yuxarıda qeyd etdiyimiz araşdırmada kibercinayətlərin ən əhəmiyyətli mənbələri qiymətləndirilib və tarixdə ilk dəfə Ümumdünya Kibercinayətkarlıq İndeksinə (WCI, World Cybercrime Index) uyğun olaraq dövlətlərin reytinqi tərtib edilib. Nəticədə, “birinci yer”də olan Rusiya 58,39, Ukrayna 36,44, Çin 27,86, ABŞ 25,01, Nigeriya isə 21,28 bal toplayıb. Qlobal kibercinayətkarlığın ilk onluğuna Rumıniya (14,83 bal), Şimali Koreya (10,61 bal), Böyük Britaniya (9,01 bal), Braziliya (8,93 bal) və Hindistan (6,13 bal) də daxil olub.
Xatırladaq ki, Aİ-nin ən təhlükəli cinayətkar qruplarının ortaq biznes modeli ümumidir. Cinayətkarlar pul oğurlamaq və ya qoparmaq üçün tabeçiliyində olanlara xüsusi viruslar “ötürürlər”. Onlar sonra “danışıqlar” aparır və bu viruslardan təsir vasitəsi kimi istifadə edirlər. Çox vaxt da istədiklərini qarşı tərəfdən alırlar.
Məlumatda, həmçinin Aİ-də aşkar edilmiş 821 cinayətkar qrup haqqında məlumat verilir. Bu qrupların hamısı qitə ölkələri üçün təhlükə yaradir. Onların ümumi sayları isə 25 min nəfəri ötür. Cinayətkarlar narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq, qeyri-qanuni miqrasiya, insan alveri ilə məşğuldurlar.
Pünhan ƏFƏNDİYEV
XQ