ABŞ Demokratlar Partiyası noyabrın 5-də keçiriləcək seçkilərdə respublikaçı Donald Trampla rəqabət aparacağı ehtimal edilən ölkənin vitse-prezidenti Kamala Harrisin ətrafında sürətlə birləşir. Xanım Harrisin seçki kampaniyası da sürətli başlayıb: Demokratlar Partiyasının 50 ştatın hamısında regional qərargahlarının rəhbərləri və əsas donorların əksəriyyəti artıq öz dəstəyini ifadə ediblər. Bununla yanaşı, siyasi müşahidəçilər deyirlər ki, Kamala Harrisə mane ola biləcək əsas amil Co Baydendən nəzərəçarpacaq ideoloji və siyasi fərqlərin olmamasıdır. Ancaq digər ekspertlər bu amilin vitse-prezidentə maneə yaratmayacağını düşünürlər.
ABŞ-də prezidentlik uğrunda seçkilər noyabrın 5-də keçiriləcək. Seçki gününə az qalmış bir vaxtda Prezident Co Baydenin yarışdan çıxması demokratları respublikaçılara qarşı yeni namizəd axtarmağa məcbur edir. Sıx vaxt təzyiqi altında qərarlar qəbul etmək məcburiyyətində qalan demokratlar vitse-prezident Kamala Harrisin ətrafında birləşməyə tələsirlər. “Associated Press” agentliyi məlumat verir ki, Kamala Harris prezident seçkilərində rəsmi olaraq namizəd olmaq üçün Demokratlar Partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb. Agentliyin hesablamasına görə, 2538 nümayəndə Harrisə öz dəstəyini verib. Demokratlar Partiyasının qaydalarına əsasən, namizədliyin təsdiq olunması üçün minimum 1976 səs toplamaq tələb olunur.
Bununla belə, bu rəqəmlər rəsmi və yekun nəticə deyil. Belə ki, yekun nəticələr partiyanın avqustun 19-dan 22-nə qədər Çikaqoda keçiriləcək qurultayında məlum olacaq. Ancaq Kamala Harrisin namizəd olacağına artıq çox az adam şübhə edir. Demokratlar Partiyasının bütün 50 ştatdakı regional qərargahlarının rəhbərləri də Kamala Harrisin namizədliyinin irəli sürülməsinin tərəfdarıdırlar. Dəstək qrupuna qoşulanlar arasında sabiq prezident Bill Klinton və onun həyat yoldaşı Hillari Klinton da var. Demokratlar Partiyasının digər liderləri – Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi və sabiq prezident Barak Obama isə hələlik susurlar.
Amma donorlar artıq öz pulları ilə aktiv şəkildə Kamala Harrisə səs verirlər. Demokratlar üçün ianə platforması olan “ActBlue”dan alınan məlumatlar ibrətamizdir. Co Bayden qərarını Vaşinqton vaxtı ilə saat 13:46-da (Bakı vaxtı ilə 21:46) açıqlamışdı. İlk altı saatda “ActBlue” vasitəsilə 27,5 milyon dollar daxil olmuşdu. Üç saatdan sonra bu rəqəm 55 milyon dollara yüksəldi. Dünən isə ianə məbləğinin 81 milyon dollara çatdığı məlum oldu. Seçki gününə 3 ay müddətin qaldığını nəzərə alsaq, o zaman xanım Harrisin genişmiqyaslı seçki kampaniya keçirməsi üçün yetərincə maliyyə vəsaiti olacağını deyə bilərik.
Böyük donorlara gəlincə, “The Washington Examiner” yazır ki, onlar artıq xəbərdarlıq ediblər: pul xüsusi olaraq Kamala Harrisin kampaniyasına ayrılıb, yəni birdən başqa siyasətçi namizəd olarsa, vəsait geri qaytarılmalıdır. Sponsorlar arasında üstünlük təşkil edən tendensiyanın göstəricisi Soros ailəsi - 93 yaşlı maliyyəçi Corc Soros və oğlu Aleks olub. “Bizim Kamala Harrisin ətrafında birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. O, mümkün olan ən yaxşı və ən bacarıqlı namizəddir. Yaşasın Amerika arzusu!”,-Aleks Soros X sosial şəbəkəsində yazıb. Bundan əvvəl başqa amerikalı milyarder, Donald Trampın tərəfdarı İlon Mask ABŞ-nin hazırkı vitse-prezidentini Aleks Sorosun “marionetkası” adlandırmışdı.
Başqa bir siyasətçinin Demokratların namizədi olacağına dair heç bir məlumat olmasa da, Kamala Harrisin namizədliyi partiyanın milli qurultayında rəsmən təsdiqlənməlidir. Ancaq CBS telekanalının məlumatına görə, fors-major vəziyyəti nəzərə alaraq, demokratlar qurultayı gözləməyərək, avqustun 1-də xanım Harrisin namizədliyini vaxtından əvvəl təsdiqləyə bilərlər.
S.ELAY
XQ