Hazırda, xüsusən gənclər arasında dəbdə olan ən zərərli vərdişlərdən biri də qəlyan çəkməkdir. Bu yaxınlarda sosial şəbəkədə bir məkanın xanımlar üçün hazırlanmış reklamı diqqətimi çəkdi. Video-çarxda “Beer Tikə” adlı məkana gəlib sifariş verən xanımlar üçün ən yaxşı qəlyan və içkinin hədiyyə olaraq təqdim ediləcəyi vəd edilirdi: “Gəlin, həm əylənəcəksiniz, həm istirahət edəcəksiniz. Ən yaxşı qəlyan bizim məkanda! Bu ayın sonuna kimi xanımlar üçün inanılmaz təklif! Qəlyan və kokteyl hədiyyə!”
Doğrusu, qadınların qəlyandan istifadə etdiklərini bilmirdim. Böyük Vətən müharibəsindən sonra həyat yoldaşlarını itirən yaşlı qadınların tütünü kağıza büküb çəkdiklərini çox eşitmişdim. Qonşu Türkiyədə siqaret çəkməyin də adətə çevrildiyindən xəbərimiz var. Amma bizim ölkədə ara-sıra siqaret tüstülədən qadınlara rast gəlsək də, ondan istifadə geniş yayılmayıb. Qəlyan isə...
Reklam çarxına təkrar baxdım. Bəli, məkana qəlyan çəkən qadınlar dəvət olunurdu. Qəlyanın orqanizmə zərərli təsiri, yaratdığı xəstəliklər, törətdiyi fəsadlarla bağlı mütəxəssis fikrinə ehtiyac duyduq.
Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyevə yenidən müraciət etdik. Musa müəllim qəzetimizlə sıx əlaqədə olan elm adamıdır. Zərərli vərdişlərlə bağlı ondan xeyli müsahibələr almışıq. O, çoxlarının bildiyi, lakin etiraf etmədiyi məsələləri çəkinmədən daim bizimlə bölüşür. Ondan öncə qəlyan və onun orqanizmə təsiri ilə bağlı məlumat verməsini xahiş etdik. Professor dedi:
– Qəlyanın ilk vətəni Hindistan olsa da, sonradan bu, Şərq xalqları üçün tütün çəkmə alətinə çevrilmişdir. Qəlyana xas olan spesifiklik odur ki, tüstü sudan keçərək sərinləşir və guya tam təmizləndiyi ehtimal olunur. Düzdür, qəlyan çəkərkən tüstünün keçdiyi maye bərk hissəciklərin təqribən 50 faizini, eləcə də fenol, akrolein, asetaldehid və sair kimi zəhərli birləşmələrin də müəyyən faizini tutur. Lakin xrom, arsen, kotinin, qurğuşun və digər toksiki birləşmələr bu baryeri 100 faiz dəqiqliklə keçir. Qəlyan tüstüsünün tərkibində olan dəm qazının konsentrasiyası isə siqaret tüstüsündən 2–3 dəfə çox olur.
– Demək, qəlyan tüstüsü siqaretdən fərqli olsa da daha zərərlidir?
– Əlbəttə. Elmə məlumdur ki, siqaret tüstüsünün tərkibində nikotinlə bərabər 4 min 720-yə qədər zəhərli və güclü toksiki təsirə malik maddə vardır. Qəlyan tüstüsünün tərkibində bu nisbət az olsa da, insan 1 saat qəlyan çəkərsə, ən tünd siqaretlə müqayisədə belə, ağ ciyərlərə kəmiyyətcə 100–200 dəfə artıq miqdarda zəhərləyici və kanserogen maddə, eləcə də dəm qazı daxil olur. Bu isə, qəlyan tüstüsünün siqaretlə müqayisədə insan orqanizmi üçün daha zərərli və təhlükəli olduğunu təsdiq edir. Bir qəlyan “porsiyası”nın çəkilməsi adətən 15 dəqiqədən 90 dəqiqəyə qədər davam edir. Bu halda orqanizmə daxil olan zərərli maddələrin faiz nisbəti (o cümlədən passiv qəlyan çəkənlər üçün) təqribən 20 ədəd siqaretin çəkilməsinə mütənasibdir. Bir çox elmi mənbələrdə 1 qəlyanın orqanizmə zərəri, hətta 100 ədəd siqaretə bərabər hesab edilir.
– Qəlyandan istifadə siqaret, alkoqol kimi asılılıq yaradırmı?
– Bəzi insanlar qəlyanın siqaretdən fərqli olaraq asılılıq törətmədiyini söyləyirlər. Tamamilə səhv fikirdir və bu zərərli adətin marketinq maraqlarına xidmət etdiyini əminliklə deyirəm. Çünki qəlyanın tərkibində də nikotin və digər potensial psixoaktiv maddələr vardır. Temperatur fərqliliyi baxımından sudan keçirilərək soyudulmuş bu tərkib, nikotinə həssas və digər subhüceyrəvi strukturlara qarşı daha yüksək affinlik göstərərək onlara bağlanır. Nəticədə, qəlyana qarşı asılılığın yaranması, heç də adi siqaret və ya papirosdan geri qalmır, hətta sonuncuları üstələyir.
– Bəzi xanımlar qəlyandan istifadəni ultra-müasirlik hesab edirlər.
– Tərkibində dəm qazının yüksək kəmiyyət nisbətinə görə, qəlyan tüstüsünün hər dəfə ciyərlərə alınması, hüceyrələrin oksigen aclığını kəskin şəkildə artırır. Dəm qazı baş beyin, xüsusən neokorteksə (beyinin müəyyən parçası) yüksək tropluq (infeksiya təsiri) göstərdiyindən, daimi baş ağrısına, hətta şüurun qaranlıqlaşması və itməsinə, dövri və uzunmüddətli qəbulda isə, insanın psixi sağlamlığında çətin korreksiya olunan ciddi problemlərə səbəb ola bilər. Qəlyan tüstüsünün ağır onkoloji xəstəliklərə, eləcə də ağ ciyər və ürək-damar sisteminin çox müxtəlif və çətin sağalan patologiyalara səbəb olması da öz təsdiqini tapmış həqiqətdir. Xanımların qəlyana meyil etməsi isə çox acınacaqlı haldır. Bunu insanın özü-özünü oda atması ilə müqayisə etmək olar. Qadın anadır, uşaq bəsləyir, böyüdür. Onun qəlyandan istifadəsi nəinki özünə, hətta ailə üzvlərinə də təsirsiz ötüşməz.
– Professor, qəlyan hansı xəstəliklərə təkan verir?
–Qəlyan, ondan mütəmadi istifadə edənlərdə ağciyər xərçəngini 2 dəfə, ürək-damar xəstəliklərini 2,2 dəfə, respirator xəstəlikləri 2,3 dəfə, alveoliti 3,7 dəfə, osteoparoz və ağız boşluğu xəstəliklərini 3–5 dəfə, qırtlaq, sidik kisəsi xərçəngini, eləcə də Hepatit C və vərəm xəstəliyinin törənmə riskini də nəzərəçarpacaq faiz nisbətində, kişi sonsuzluğunu isə 2,5 dəfə artırır.
Qəlyan çəkənlərin yuxarı tənəffüs yolu selikli qişasında protein, albumin, qlobulinin miqdarı statistik olaraq artır ki, bu da həmin nahiyyənin çox ciddi gizli iltihablanmasından xəbər verir. Paralel olaraq bronx ağacında, hətta siqaret çəkənlərlə müqayisədə belə, neytrofillərin kəskin artımı, ağ ciyər toxumasında destruktiv dəyişikliklərin baş verdiyini təsdiq edir.
– Gənclərə, ümumiyyətlə, qəlyan aludəçilərinə tövsiyələriniz...
– Tövsiyəm odur ki, zərərli vərdişlərə meyl etməsinlər. Bu sətirləri oxuyan gənclərimiz, bu zərərli aludəçiliyə son qoysunlar və sağlamlıqlarına qovuşsunlar. Qadınlar öz xanımlıqlarına hörmət etsinlər, dəyərlərini bilsinlər.
Müsahibəni aldı:
Zərifə BƏŞİRQIZI
XQ