Makronun ritorikası Qərbin ümidsizliyindən xəbər verir

post-img

Prezident Emmanuel Makronun Avropa İttifaqı (Aİ) ölkələrinin quru qoşunlarını Ukraynanın müdafiəsinə  göndərməklə bağlı açıqlamaları nə siyasətçilərin, nə də dünya mediasının gündəmindən bir gün belə düşmür.  Bir çox nəşrlər bunu həftənin yox, ilin, hətta İkinci Dünya müharibəsindən sonrakı onilliklərin  ən qorxunc  mövzusu hesab edirlər.  Hətta  Fransa mediası cəmiyyət qarşısında  belə  bir sual  qoyur: “Doğurdanmı, biz ölkəmizin oğullarını Ukrayna uğrunda döyüşə göndərmək qədər uzağa gedəcəyik? Əsas sual budur. Qalan hər şey fantaziyadır...”  

Çexiyanın “Parlamentin listy” nəşri yazır: “Fransa prezidenti Emmanuel Makron Rusiyaya münasibətdə artıq “bizə heç bir məhdudiyyət yoxdur”, “Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik” və “Rusiya Ukraynada qalib gəlsə, Avropaya inam sıfıra enəcək” kimi ritorikaya keçib. Makronu bu ritorikada Şərqi Avropadan olan siyasətçilər, məsələn, atviya prezidenti dəstəkləyir.

Nəşr daha sonra yazır: “Möhtəşəm sözlərdir, amma bir müəmması  var. Rusiya artıq qalib gəlib, Qərb, yəni özünü ABŞ və onun müttəfiqlərinin geosiyasi nizamının bir hissəsi hesab edənlər isə uduzub. stəlik, Qərb Ukrayna  uduzmamışdan xeyli tez uduzub, pafoslu  sözlərlə yox, real münaqişədə silah və döyüşçülərin sayı ilə uduzub”.

Avropanın məğlubiyyətinin nədən ibarət olduğuna gəldikdə isə, ekspertlər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların heç bir nəticə verməməsini göstərirlər. Bu, haqlı bir arqumentdir. Həqiqətən, Moskvanın  Ukraynaya hücumuna cavab olaraq,  Qərb Rusiya iqtisadiyyatını boğmağa yönəlmiş sonsuz sayda sanksiyalar qəbul etdi. Amma bu, bir nəticə verdimi? Ölkə   SWIFT bank sistemindən ayrıldı, məhsulların satışına qarşı sanksiyalar, oliqarxlara və Putin rejiminin nümayəndələrinə qarşı sanksiyalar  bütün bunlar  Rusiyanı çökdürməsə də, büdrəməsinə gətirib çıxarmalı  idi axı.  Amma işə yaramadı. Məhz bu vəziyyət Qərbin etimadına güclü zərbə vurdu və yəqin ki, “Köhnə qitə” bu zərbədən uzun müddət özünə gələ bilməyəcək. Rusiya göstərdi ki, sanksiyalara baxmayaraq, təkcə yaşamaq  yox, nüfuzlu qurumların yazdığı kimi, həm də inkişaf etmək mümkündür.

Qərbin sanksiyalara görə qalib gəlməsinə deyil, məğlubiyyətə məruz qalmasına  səbəb dünyanın qalan hissəsinin nəinki onlara dəstək verməməsi, həm də bu sanksiyaları sabotaj etməsi ilə bağlıdır. Bəzi iqtisadçıların ucadan  bəyan etdikləri kimi,  Rusiya ilə ticarət azalsa da, onu əhatə edən dövlətlərlə ticarət əhəmiyyətli dərəcədə artıb.

Qərb korporasiyalarının sanksiyalara laqeyd yanaşması da bu məsələdə Rusiyanın dadına çatır. Onlar Moskva ilə yaxşı münasibətdə olan ölkələrə  məhsul göndərirlər və sonradan bu mallar Rusiyaya asanlıqla yol tapır.  Qərb korporasiyalarını kimlərinsə onların məhsulunu “işğalçı Rusiya üçün” alıb-almayacağı   maraqlandırmır. ünki  heç kim onlardan münaqişəyə cəlb olunmaq istəyib-istəmədiklərini soruşmayıb. Ona görə də onlar indi hökumətdən kimə məhsul ixrac edə biləcəklərini soruşmurlar.

Sanksiyaların bu şəkildə kütləvi  pozulması, təbii ki, Qərbin nüfuzunu gücləndirə bilməzdi. Qərbə inam gözümüzün qabağında şam kimi əriyir.  Amma Rusiyanın dağılması kimi vədlərin hətta uzaq gələcəkdə də reallaşacağını göstərən bir əlamət görünmür.  

Bu məğlubiyyətlər Qərbin və buna görə də Makronun “Avropa”sının nüfuzuna güclü  zərbə vurur. Artıq Qərbə ikrahla baxan dövlətlər yeni dünya nizamının qaydalarını yaratmaqdadır.  Bu proses bu günə qədər hegemon statusunda qaydaları müəyyənləşdirən, lakin bu statusu itirməkdə olan ABŞ və Avropanın müqavimətinə əhəmiyyət vermədən davam edir.  Rusiya, sadəcə, bu yeni dünya nizamına yol açdı və  göstərdi ki, “kral artıq lüt-üryandır”.

Ona görə də çexiyalı jurnalist Karel  Şebesta haqlı olaraq yazır ki, “ Emmanuel Makronun hələ də Avropanın hansı reputasiyasını qorumağa çalışdığını söyləmək çətindir. Avropaya inam artıq sıfıra bərabərdir. Bəlkə də o, elə fikirləşir ki, real effekt olmasa da, rəsmiyyət naminə heç olmasa bir az hay-küy salmaq lazımdır.  Makron onun hay-küyünün rusları dayandıracağına boş yerə ümid edir. Bu hay-küylə ləkələnmiş reputasiyanı xilas etmək olmaz. İllüziyalar artıq çöküb”.

Makronun iddialarına və hay-küyünə daha sərt reaksiya Fransanın özündə səslənir.  Məsələn, prezidentliyə keçmiş namizəd,  jurnalist - siyasətçi Erik Zemmur “ Europe 1” və “CNews” telekanallarına müsahibəsində bildirib ki, “Makron Ukrayna ilə bağlı açıqlamaları ilə Vladimir Putini deyil, fransızları qorxutmaq istəyir. Prezident geniş kütlələri manipulyasiya etmək üçün texnologiyadan istifadə edir, çünki o,  fransızların təhlükə anlarında dövlət başçısının ətrafında birləşməsinə əmindir”.

Siyasətçi Ukrayna münaqişəsinə görə deyil, Fransa ərazisində mövcud olan ekzistensial təhlükəyə görə müdafiəyə sərmayə qoymağa çağırır. Onun fikrincə, “fransızlar öz ölkələrində sıxışdırılır - yad sivilizasiyalar  ya zorla, ya da say çoxluğu ilə onlara öz norma və adətlərini sırıyırlar”.

Avropa Parlamentinə seçkilərdə Respublikaçılar Partiyasından namizəd Fransua-Xavier Bellami  isə “France info”ya müsahibəsində qeyd edib ki, Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin   mümkünlüyünü  elan etməklə, ilk növbədə avropalı müttəfiqləri arasında fikir ayrılıqları olduğunu Putinə nümayiş etdirib. Prezidenti “məsuliyyətsiz” sözlərə görə qınayan Bellami bildirib ki, əslində, dövlət başçısı “Avropada birliyin təmin olunmasına görə məsuliyyət daşıyır”.

Siyasətçi  hesab edir ki, Makron özünün “qeyri-müəyyənlik strateji” hərbi dok- trinası ilə “Fransa və onun mövqeyini, Ukraynanı və onun müdafiəsini və bütün Avropanı zəiflədib”. Bellaminin  fikrincə, dövlət başçısı hamıya aydın olan “çox sadə səbəbə” görə “böyük məsuliyyəti öz üzərinə götürüb”: “ölkə daxilində siyasi parçalanmanı gücləndirmək”.

Fransalı siyasətçi və eks-prezident Nikola Sarkozinin keçmiş müşaviri Anri Geneyə görə isə Makronun Rusiyaya qarşı çılğın döyüş  ritorikası onu müharibə istəyən və ona doğru gedən prezident kimi göstərir. Onun sözlərinə görə, nüvə dövlətinə ünvanlanan “heç nəyi istisna etmək olmaz” bəyanatı o deməkdir ki, münaqişə nin böyüməsi  qeyri-müəyyən müddətə  nüvə müharibəsinə qədər davam edə bilər. 

Anri Gene haqlı olaraq qeyd edir ki, Makronun Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmağa çağırması  Rusiya ilə danışıqlar perspektivindən imtina etmək deməkdir. “Bu torpaqlarda o qədər qan tökülüb ki, Rusiyanın Krımı, Donbası və ya uqanskı dərhal tərk edəcəyini təsəvvür etmək çətindir. Ukrayna məsələsində sərhədlərin toxunulmazlığı prinsipi müqəddəs deyil, çünki söhbət keçmiş SSRİ-nin, ondan əvvəl isə Rusiya imperiyasının daxili sərhədlərindən gedir. Bundan əlavə, bu halda sərhədlərin toxunulmazlığını tələb etmək tarixi kökləri, Şərqi Ukrayna əhalisinin kollektiv yaddaşını və bu torpaqda həlak olan on milyonlarla insanı  unutmaq deməkdir”.

Siyasətçi Rusiya ilə danışıqları və Ukraynaya neytral statusun verilməsini münaqişənin ən yaxşı həlli hesab edir. O, Ukraynada baş verənləri XX əsrin 60-cı illərində ABŞ-ın “suveren” Kubada sovet raketlərinə görə dünya müharibəsinə başlamağa hazır olduğu “Kuba raket böhranı” ilə müqayisə edir. 

Fransa prezidentinin  iki televiziya kanalına son müsahibəsi də ölkəsində sərt tənqidlə qarşılanıb. “ Le Parisien” nəşri yazır ki, Makronun “müraciətinin məqsədi onun Ukraynaya qoşun göndərilməsi ilə bağlı sözlərindən narahat olan avropalıları “sakitləşdirmək”, həm də insanları prezidentin “əhvali-ruhiyyənin dəyişilməzliyinə” və “ayaqqabılarını dəyişmədiyinə” inandırmaq olub”.

Nəşr, həmçinin yazır: “Yelisey sarayının rəhbərinə hər şeydən əvvəl mümkün ilə müəyyən arasındakı fərqi izah etmək lazım gəldi. Fransanın “heç vaxt hücuma keçməyəcəyini və təşəbbüs göstərməyəcəyini” ifadə etməsinə baxmayaraq, Makron hələ də “heç bir variantı istisna etmək lazım olmadığını” qeyd etdi”.

“ Le Parisien” yazır ki, “vətəndaşları sakitləşdirmək üçün etdiyi bütün cəhdlərə baxmayaraq, Makron nitqinin sonunda yenə də “müsahibənin əvvəlində istiqamət götürdüyü ehtiyatlılığı unutmağa məcbur edən” sözləri dilə gətirdi: “Əgər vəziyyət pisləşərsə, biz hazır olmalıyıq və  biz  hazır olacağıq”,  deyə dövlət başçısı əmin etdi.

Prezident Makronun bu yanaşmasına siyasi rəqiblərinin reaksiyası özünü çox gözlətməyib. Respublikaçılar Partiyasının lideri Erik Sotti deyib: “Ukraynanı dəstəkləyin -bəli. Amma seçki məqsədləri üçün potensial qlobal münaqişə ocağını alovlandırmayın -yox”. 

Fransa Qanunvericilik Assambleyasının keçmiş üzvü Jan- Lük Melenşon isə Makronun müsahibəsindəki müharibə ritorikasını pisləyərək bildirib ki, “prezident vəziyyəti düzəltmək əvəzinə, yenidən insanları qorxutmaqla məşğuldur”.

Reallıq bundan ibarətdir ki, Makronun döyüşə çağırışı Putin Rusiyasının hərbi gücü ilə müqayisədə çox cılız görünür.  Ona görə də bu çağırış, ideyaları qəbul etməyə və əsaslandırmağa kömək edən təbliğat maşınında tam əks reaksiya doğururb və  bütün Qərbdə son dərəcə böyük qorxu yaradıb. Bu səbəbdən də Fransa prezidentinin sözlərinə hiddətlə yanaşan siyasi elitaların və şəxsiyyətlərin media paradı onun siyasi kursunu və diplomatiyasını şübhə altına qoyur.

Bu yerdə hansısa Qərb jurnalistinin müharibə haqqında yazdığı aşağıdakı fikirlər  yadıma düşür: “Silah və ya tabut satıcısı olmasa, kimin ağlına müharibə təklif etmək gələrdi  Bununla belə, Makron tərəfindən  ya səhvən, ya da nəyəsə hesablamış şəkildə irəli sürülən  Ukraynaya quru qoşunlarının göndərilməsi ideyasının üstünlüyü ondan ibarətdir ki, o, insanları sadəcə olaraq göydən yerə qaytardı. O, şəraiti  realist nöqteyi-nəzərdən göstərdi, döyüşün əsl mahiyyətini və Qərbin qarşısında duran  öhdəlikləri  ortaya qoydu. İki küçə arasında cansıxıcı nümayişdən darıxan insanlar üçün bu heyrətamiz an oldu. Bir həftə ərzində ölkənin dərin qatlarına işıq düşdü, əsl ruhu üzə çıxdı. Şöhrətpərəstliyin güzgüsü qırılıb param-parça oldu”.

Həqiqətən də, amerikalıların Bağdadın ələ keçirilməsindən sonra canlı yayıma çevirdiyi müharibə mövzusu cəmi bir həftə ərzində Fransa üçün son dərəcə aktuallaşdı.  Məlum oldu ki, bir çoxları üçün onilliyin sualı hardasa yalnız təxəyyülün paradiqması kimi  qoyulmuşdur:  fransızlar Avropa ideyaları uğrunda öləcəkmi?

Əlbəttə,  Makron  sadə insanlardan müharibəyə gedib-getməyəcəyini soruşan deyil ki! Sadəcə, Ali Baş Komandan kimi əmr verəcək, ordu isə onu yerinə yetirmək məcburiyyətində qalacaq.  Axı ordu dövlətin əlində sadəcə bir alətdir.  Bir məsələ də var ki,  daha gerçək görünür:  Makron miqrantlarla necəsə hesab çəkməlidir. Görünür, miqrantları ölkədən  qovmağın asan yolunu tapıb. Vətəndaşlıq istəyirsənsə, müharibəyə get, sonrası qismətindən və  bəxtindən asılı olacaq.

İlqar Rüstəmov

XQ

 

 

 

Dünya