Özbəkistan da Qərbin cəza mexanizminə qoşulur

post-img

Ötən ilin sonunda dünyanın bir çox siyasi-iqtisadi analitikləri 2024-cü ildə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşəcəyini proqnozlaşdırırdılar. Əksər proqnozlarda iqtisadi blokadanın və ticarət sanksiyalarının yeni mexanizmlərinin tətbiqi və daha çox ölkənin bu cəza tədbirlərinə qoşulmağa məcbur ediləcəyi qeyd edilirdi. Son günlər baş verən proseslər bu proqnozların gerçəkləşdiyini nümayiş etdirir.

İlin ilk ayından başlayaraq, Qərb isteblişmentinin daha sistemli cəhdləri, ilk növbədə, Rusiya aktivlərinin müsadirə edilməsinə və daha vacibi isə üçüncü dünya ölkələrinin bizneslərinin, xüsusən sənaye təchizatı və texnoloji əməkdaşlıq sahəsində Rusiya ilə əməkdaşlıqdan imtinaya məcbur edilməsinə yönəldilib. Bu üç sahə 2024-cü ildə Rusiyaya qarşı sanksiyalar ssenarisinin əsasını təşkil edir. Onların mahiyyəti nədən ibarətdir və bu, Rusiyaya hansı iqtisadi ziyan vura bilər? 

Blokada sanksiyalarının genişləndirilməsi Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin hər yeni dalğasının əsasını təşkil edən çox qəliz bir prosesdir. Rusiyanın bloklanan şəxslərinin siyahısına getdikcə daha çox fiziki və hüquqi şəxslər əlavə olunur. Onların aktivləri dondurulur və əməliyyatlar aparmalarına qadağa qoyulur. Məsələn, Avropa İttifaqı (Aİ) hazırda Ukrayna münaqişəsi ilə bağlı 335 hüquqi və 1645 fiziki şəxsi bloklayıb. Bu, “50 faiz qaydası”na əsasən sanksiyalara məruz qalan aktivləri – törəmə şirkətləri, filialları və sairləri nəzərə almır. Digər sanksiyaların təşəbbüskarlarının – ABŞ, Böyük Britaniya, Kanada və başqalarının – siyahıları həmişə üst-üstə düşməsə də, minlərlə Rusiya vətəndaşı artıq bloklanıb. Bundan əlavə, ABŞ-ın bloklama sanksiyaları, özlərinin sanksiyalara məruz qalacaqları qorxusu altında olan üçüncü ölkələr, o cümlədən Rusiyaya dost olan böyük bizneslər tərəfindən həyata keçirilir.

Bütün bu cəhdlərə baxmayaraq, sanksiyadan yayınma və dost ölkələrin bizneslərinə təzyiqlə mübarizə getdikcə daha geniş miqyas alır. 2023-cü ildə bu tədbirlər daha aktiv idi. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların demək olar ki, bütün raundları özündə üçüncü ölkələrdən – Türkiyə, BƏƏ, Çin, Sinqapur, Qırğızıstan, Kipr və başqalarından olan şəxslərə qarşı sanksiyaları birləşdirirdi. Çünki ABŞ hakimiyyəti onları ixraca nəzarətdən və digər sanksiya rejimlərindən yayınmada iştirak etdiklərini bildirirdi. 

Keçən il Aİ-də də bu cür ikinci dərəcəli sanksiyalar mexanizmi meydana çıxdı. Lakin o, son dərəcə məhdud şəkildə istifadə edildi. Sanksiyalardan yayınaraq RF-ə Aİ-də istehsal edilən mallar tədarük edən üçüncü ölkələrlə bağlı ixrac nəzarəti Aİ-də, ümumiyyətlə tətbiq olunmadı. Buna baxmayaraq, indi Aİ ölkələrində sanksiyaları pozanların cinayət təqibi sürətlə artır və artıq Vaşinqtonunn nümayiş etdirdiyi templə müqayisə oluna bilər. ABŞ-ın özündə yeni hüquqi mexanizmlər yaranıb. Belə ki, ABŞ Prezidenti Co Bayden 14024 və 14068 saylı fərmanlarına düzəlişlər edən yeni icra sərəncamı imzalayıb.

Birinci halda söhbət Rusiya müdafiə sənayesinin maraqları naminə maliyyə əməliyyatları həyata keçirən xarici maliyyə qurumlarına qarşı sanksiya mexanizminin yaradılmasından və Rusiyaya müəyyən növ elektronika və sənaye avadanlıqlarının tədarükündən gedir. İkincisi, Rusiya mallarının (qeyri-sənaye almazları, balıqlar, dəniz məhsulları və s.) idxalına qoyulan qadağaların uzadılması ilə əlaqədardır ki, bu mallar üçüncü ölkələrdən idxal olunan məhsulların tərkib hissəsinə çevrilir. Maraqlıdır ki, Aİ özünün 12-ci sanksiyalar paketində təkcə Rusiya almazlarına deyil, həm də üçüncü ölkələrdə emal edildikdən sonra yaradılan məhsullara qadağa qoymuşdur. 

ABŞ-ın maliyyə institutlarına qarşı ikinci dərəcəli sanksiyaları Rusiyaya yaxşı münasibətdə olan ölkələr üçün daha təhlükəlidir. Əgər əvvəllər 14024 saylı fərmanın mexanizmləri ABŞ Maliyyə Nazirliyinə üçüncü ölkələrdən ABŞ-ın sanksiyalar rejimindən yan keçən və ya sanksiyalar altında olan Rusiya vətəndaşları ilə qarşılıqlı əlaqədə olan şəxslərin qarşısını almaq səlahiyyəti verirdisə, indi onların fəaliyyət dairəsi daha genişlənib. Yəni, hətta əməliyyat faktiki Amerika malları və ABŞ-ın sanksiya rejimi ilə bağlı olmasa belə, üçüncü ölkədən olan maliyyə qurumu yenə də sanksiyalara məruz qala bilər.

Bu kimi təhlükələrdən sığortalanmaq üçün, hətta bir çox postsovet ölkələri belə, öz maliyyə sistemlərini təziyqlər və sanksiyalardan qorumaq üçün qanunvericilik aktlarında ciddi dəyişiliklər etmək məcburiyyətində qalırlar. Məsələn, MDB kimi qurumda Rusiya ilə bir masada oturan Özbəkistan Respublikası qanunvericilik səviyyəsində RF-yə qarşı sanksiyalara qoşulmaq qərarına gəlib.

 “The Moscow Times” nəşri yazır ki, Özbəkistan hakimiyyəti de-fakto Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaq qərarına gəlib və bu qərar 2024-cü ildə iştirakçılarının sayı 11 mini keçən şəxsə və şirkətə tətbiq edilə bilər. Nəşr yazır ki, Özbəkistan parlamenti sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslərin ölkədə bank əməliyyatlarını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Ölkə parlamentinin mətbuat xidməti faktı şərh edərək bəyan edib ki, bu qanun layihəsi Özbəkistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi riskləri – sanksiya rejiminin pozulması ilə bağlı tədbirlərlə əlaqədar təklif edilib. Sanksiyaya qoşulan Çexiya, Latviya və Estoniyanın təcrübəsi nəzərə alınaraq hazırlanan qanun layihəsi ölkənin Mərkəzi Bankına əlavə səlahiyyətlər verir. Belə ki, qanun layihəsi “bank sektorunda sanksiyalara uyğunluq sisteminin səmərəliliyini artırmaq üçün lazımdır”.

Məclisdən, həmçinin bildiriblər ki, Rusiyaya “paralel idxal” adlanan “hab”lardan və Rusiya vətəndaşları üçün “kart turizmi”nin əsas istiqamətlərindən birinə çevrilən Özbəkistan böyük müharibənin birinci ilində 300 mindən çox rusiyalını qəbul edib və onlardan 60 mini bu ölkənin baklarında hesab açıb. 

Amma bunda Rusiyadan artıq bəlkə də Özbəkistan qazanıb. 2022-ci ildə RF-dən Özbəkistana pul köçürmələrinin həcmi 160 faiz artaraq rekord həddə – 14,5 milyard dollara çatıb və rusiyalı sahibkarlar bu ölkədə rekord sayda şirkətlər açıblar. Lakin Aİ və ABŞ rəsmilərinin Mərkəzi Asiyaya müntəzəm səfərlərindən sonra Özbəkistandakı banklar ruslar üçün şərtləri sərtləşdiriblər.

Rusiyalı ekspert Denis Primakov məsələyə münasibətini belə açıqlayıb: “Əslində, qəbul edilmiş qanun layihəsi artıq formalaşmış təcrübəni birləşdirəcək: Özbəkistandakı banklar artıq sanksiyaya məruz qalan şəxslərlə əməliyyatlar aparmır”.

Parlamentin aşağı palatasının büdcə və iqtisadi islahatlar komitəsi bildirib ki, bəzi KİV və sosial şəbəkələr sənədin “mahiyyətini və mənasını yanlış və təhrif olunmuş şəkildə şərh edir. Bu qanun layihəsi heç bir dövlətə qarşı yönəlməyib. Layihədə nəzərdə tutulan prosedur demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur, bunun məqsədi milli maliyyə institutları tərəfindən onlara qarşı ikinci dərəcəli sanksiyaların tətbiqindən yayınmaqdır”.

Qanunvericilik Palatası məlumat verir ki, bu gün müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən iqtisadi sanksiyaların tətbiqi beynəlxalq iqtisadi həyatın reallığına çevrilib. Amma Özbəkistanın milli qanunvericiliyində kredit və ödəniş təşkilatlarının fəaliyyətində ikinci dərəcəli iqtisadi sanksiyaların tətbiqi ilə bağlı riskləri tənzimləmək və onlara nəzarət etmək üçün hüquqi baza yoxdur. Buna əsaslanaraq, qəbul edilən sənəd iqtisadi sanksiyalarla bağlı risklərin idarə edilməsi üçün vahid tələblərin müəyyən olunması səlahiyyətlərinin Mərkəzi Banka verilməsini nəzərdə tutur”.

“Veta” ekspert qrupunun icra tərəfdaşı İlya Jarski hesab edir ki, sanksiya siyahılarına yüz minlərlə və ya milyonlarla rusiyalı daxil olmadığı vaxtda, bundan qorxmağa hələ ki, ehtiyac yoxdur. Hazırda şəxsi iqtisadi məhdudiyyətlər altında olan insanların sayı “statistik siyahılar çərçivəsində” qalır. Amma qanun layihəsində sanksiya tətbiq edilən hüquqi şəxslər, eləcə də onlarla əlaqəli təşkilatlardan bəhs edilirsə, o zaman risklər artır. Hər halda, sənədin yekun mətnini gözləməyə dəyər, çünki onun məzmunu ilə bağlı hələ də bir sıra suallar var.

“Bu məhdudiyyətlər uyğunluq prosedurlarına necə təsir edəcək? Bu, bankların öz müştərilərinin gəlirlərini Rusiyadan əldə etməkdə maraqlı olmasına səbəb olacaqmı? Qadağalar, ümumiyyətlə, nə qədər davam edəcək?” Jarskinin suallarına cavab qismində vəkil Aleksandr Aronov bildirir ki, Daşkəndin tətbiqi ehtimal edilən qadağalar Rusiya hesablarının kütləvi şəkildə bağlanmasına səbəb olmayacaq. Amma sanksiya siyahısında olan şəxslərlə bağlı qanun layihəsi gözlənilən idi. 

Əlbəttə, indiki şəraitdə əsas sual “kim günahkardır” yox, “nə etməli” olmalıdır. Çünki analoji problemlər artıq bir neçə ölkədə yaranıb. Türkiyə, Çin və Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankları da ödənişləri məhdudlaşdırmaq və Rusiya şirkətləri və fiziki şəxslərin hesablarını bağlamaq məcburiyyətində qalmışdılar. Bu problemi aradan qaldırmaq üçün Rusiyanın biznes və maliyyə ictimaiyyətində bir neçə resept müzakirə olunmaqdadır. Birincisi, rusiyalı kontragentlər ABŞ və digər Qərb ölkələrində əməliyyatlar aparmayan və mümkün ikinci dərəcəli sanksiyalara həssas olmayan kiçik banklar arasından çinli tərəfdaşları seçməlidirlər.

İkincisi, bəlkə də, ən səmərəlisi Türkiyə təcrübəsi nəzərə alınmalıdır. 2023-cü ilin dekabrından sonra türk bankları Rusiya şirkətləri ilə əməkdaşlıqdan imtina etməyə və hesablarını bağlamağa başladılar. Amma indi birbaşa müxbir hesabların açılması ilə yanaşı, Rusiya-Türkiyə müştərək bankının yaradılması üzərində iş gedir ki, bu da ikinci dərəcəli sanksiyalar problemini aradan qaldıracaq.

Bəli, Rusiyanın bank sektorunun əsas hissəsinin beynəlxalq banklararası ödəniş sistemi SWIFT ilə əlaqəsi kəsilib və Ukraynadakı münaqişə səbəbindən onun Qərbin kapital bazarlarına çıxışı praktiki olaraq yoxdur. Lakin nə bu amil, nə də Qərbin sanksiyalar pleyadasının müntəzəm davam etməsi və daha yeni “cəza mexanizmləri” axtarışına çıxması, hələ ki, müsbət bir nəticə vermir. Əksinə, Qərbin istəyinin tam əksi baş verir. Məsələn, Böyük Britaniyanın “Financial Times” nəşri Rusiyanın Mərkəzi Bankına istinadən yazır ki, Ukraynada keçirilən əməliyyatın cəzası olaraq Rusiya maliyyə sistemini təcrid etmək üçün nəzərdə tutulmuş sərt beynəlxalq sanksiyalara baxmayaraq, onun bankları ­2023-cü ildə 37 milyard dollar və ya əvvəlki illə müqayisədə xeyli çox gəlir əldə ediblər. 

RF Mərkəzi Bankının bank tənzimlənməsi və analitika departamentinin rəhbəri Aleksandr Danilovun sözlərinə görə, belə nəticələr “müəyyən dərəcədə sürpriz olub”. Hələ mart ayında Mərkəzi Bank mənfəətin daha aşağı olacağını və təqribən “11 milyard dolları” keçəcəyini güman edirdi.

“Financial Times” yazır: “ABŞ və Avropanın ticarət məhdudiyyətləri və digər cəza tədbirləri ilə Moskvanı əzmək cəhdlərinə baxmayaraq, rekord mənfəət Rusiya iqtisadiyyatının nisbi dayanıqlığının daha bir əlamətidir. Yanvarın sonunda Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının bu il oktyabrda gözləniləndən iki dəfə çox, 2,6 faiz artacağını proqnozlaşdırdığını bildirib.

Beləliklə, Özbəkistanın nümunəsində apardığımız təhlillər və müşahidələr bunu deməyə əsas verir ki, Qərbin təzyiq alətinə çevrilən maliyyə-iqtisadi sanksiyalarının həyata keçirilməsinin yeni kütləvi “yaylım atəşi” 2024-cü il fevralın 24-dək icra oluna bilər. ABŞ və digər Qərb ölkələrinin siyasi elitaları Rusiyanın Xüsusi Hərbi Əməliyyata başlaması tarixini maliyyə-iqtisadi sanksiyalar da daxil olmaqla, ən gurultulu siyasi addımlarla “qeyd etməyə” çalışacaqlar. Artıq belə addımların mexanizmləri hazırlanır. İstisna deyil ki, Rusiya hakimiyyəti də öz növbəsində cavab tədbirləri üzərində işləyir. Bu kimi səbəblər üzündən indi Rusiyada Qərbdən asılı olmayan dost ölkələrlə maliyyə hesablaşmaları mexanizmlərinin yaradılması vəzifəsi daha da aktuallaşıb. Görünür, Rusiya ilə Qərb arasında münasibətlərdə “göz əvəzində göz” qisas məntiqi hələ uzun müddət hakim olmaqda davam edəcək.

 

İlqar RÜSTƏMOV 
XQ 

 

Dünya