Gülüstan Əliyevanın “Azərbaycan operalarında qadın obrazlarının bədii həlli” adlı kitabı dərc olunub.
Əməkdar artist Gülüstan Əliyeva özü opera müğənnisidir. Uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. O, həmçinin 2003-cü ildən Milli Konservatoriyanın muğam kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru olduğu üçün mövzuya dərindən nüfuz edə bilib. Dissertasiya mövzusu olan və elmi şuranın qərarı ilə dərs vəsaiti kimi çap edilən kitabda milli operalarımızda qadın obrazlarının xarakteristikası və tipoloji xüsusiyyətləri araşdırılıb, eyni zamanda, xanəndəlik və milli vokal ixtisasları üzrə təhsil alan tələbələrin tədris repertuarında opera aprtiyalarının öyrənilməsi nəzərdə tutulub.
Müəllif XX əsrin əvvəllərindən üzübəri yaradılmış milli operalara istinadla dramaturji və musiqili təhlil apararaq qeyd edir ki, səhnədə bu və ya digər obrazı yaradarkən, ilk növbədə, əsərini əsas qayəsini və ideyasını mənimsəmək lazım gəlir. Xronoloji ardıcıllıqla opera səhnəmizdə tamaşaya qoyulmuş əsərlərdə əsas qadın surətlərinin musiqi xasiyyətnamələri, bədii-dramaturji həlli məsələləri işıqlandırılıb.
Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrində olduğu kimi, muğam operalarımızda da qadın qəhrəmanların rəngarəng obrazlar silsiləsi var. Kitabda Fikrət Əmirovun “Sevil” operasında Sevilin, Şəfiqə Axundovanın “Gəlin qayası”nda qadın obrazlarının, Zakir Bağırovun “Aygün”ündə əsas qəhrəmanın, Vasif Adıgözəlovun “Natəvan”ında xan qızının obrazlarının təhlilinə geniş yer verilib.
Mövzunun işlənməsində Ü.Hacıbəyli, E.Abbasova, Z.Səfərova, F.Əliyeva,
G.Mahmudova, S.Qasımova və başqalarının sanballı tədqiqatlarından yaradıcı şəkildə bəhrələnməklə çağdaş Azərbaycan opera janrının qarşısında duran problemlərin xarakteri ümumiləşmiş şəkildə açıqlanır. Metodoloji baza kimi ərsəyə gələn vəsaitdə xalq musiqisinin klassik opera üçün səciyyəvi olan musiqi dili və forma təşkilinin struktur və ifadə vasitələri, priyomları ilə qarşılıqlı əlaqələri əsasında təhlillər operaların obrazlar sisteminin açılmasında mühüm rol oynayır.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”, Müslüm Maqomayevin “Şah İsmayıl”, “Nərgiz”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarının geniş təhlilə cəlb edildiyi dərs vəsaitinin hazırlanmasında Azərbaycan bəstəkarlarının partitura və klavirlərindən, opera teatrının arxiv materiallarından və fotoşəkillərindən geniş istifadə edilib.
XQ