Böyük vəzirin çöküşü

post-img

Parqalı İbrahim Paşa Sultan Süleymanın ən yaxın dostu olsa da...

Osmanlı imperiyasının böyük vəziri Parqalı İbrahim Paşanın ömrünü necə başa vurması haqqında mübahisələr bugünədək davam etməkdə­dir. Gəncilk dostuna hədsiz bağlanan və ona son dərəcə etibar edən Sul­tan Süleymanın onu öz əli ilə öldürməsinin səbəbləri nədir? Axı böyük dövlət başçısı hədsiz səlahiyyətlər verdiyi, hətta İbrahimi özündən belə çox qoruyacağına and içmişdi! 

Xatırlayırsınızsa, Türkiyə sənət­çilərinin, həqiqətən, böyük sənətkarlıq­la çəkdikləri “Möhtəşəm yüz il” serialı­nın 3-cü hissəsində İbrahim Paşanın edam edilməsi səhnəsi canlandırılır. Böyük vəzir birbaşa sultanın öz qəs­rində həyatdan məhrum edilir. Parqalı İbrahim cəlladların əlindən qurtulmağa çalışaraq, sultanı haraylayır, ancaq bu haraya gələn olmur – onu boğub öldü­rürlər. Doğurdanmı, real tarix bundan ibarətdir?

Gəlin əvvəlcə parqalı İbrahim Paşa haqqında maraqlı faktlara diqqət edək:

İbrahim Paşa Yunanıstan yaxınlı­ğında, Parqa adlı bir yaşayış məntəqə­sində anadan olub. Atası balıqçı olan İbrahimin yunan və italyan mənşəli oduğu güman edilir. 6 yaşı olanda də­niz quldurları tərəfindən oğurlanaraq Manisa şəhərində yaşayan bir qadına satılır. Qadın ona təkcə sadə biliklə­ri deyil, həm də skripkaya bənzər bir alətdə gözəl ifa öyrədir. 

Şahzadə Süleyman Manisada olanda İbrahimlə tanış olur və onu öz yanına xidmətə götürür. İbrahim Paşa 13 il müddətində Osmanlıda sədrəzəm (Sədrəzəm parqalı İbrahim Paşa)– bö­yük vəzir olur. O, fars, serb və italyan dillərini bilirdi. İbrahim paşa çoxlu mü­taliə edirdi və ədəbiyyata böyük diqqət yetirirdi. Tarixi mənbələrdə göstərilir ki, parqalı çox gözəl diplomat olub. 

Venetsiyanın səfiri Petro Braqadi­no 1526-cı ildəki qeydlərində parqalı İbrahim Paşanı belə təqdim edir: “O, Sultan Süleymanın ən yaxın məsləhət­çisi idi. Başqa dövlətlərin başçıları və onların torpaqları ilə maraqlanırdı. Ma­raqlı bahalı əşyalar alar, çoxlu mütaliə edər və qanunları yaxşı bilərdi. Sulta­na sadiq idi”. 

Bəs İbrahim Paşa niyə Sultan Süleymanın qəzəbinə gəldi? Dövrün tarixçiləri yazırlar ki, İbrahim Paşa qü­rurunun qurbanı olub. Sadə bir şah gözlənilmədən dövlətin ikinci şəxsi rütbəsinə yüksəldikdən sonra, İbrahim səlahiyyətlərinin ona verdiyi əzəmətin öhdəsindən gələ bilmədi. Həyatının böyük bir dövründə sadə qul olan səd­rəzəm özünü sultana bərabər tutaraq bir-birinin ardınca çox qorxulu səhv­lərə yol verməyə başladı. Onun bu davranışı Süleyman Sultanı o qədər üzdü ki, dostuna və həmfikrinə olan inamı sarsıldı və o, vədinə xilaf çıxdı.

Türk yazarı İsmayıl Mətin “Osman­lıların qanlı tarixi” ədəbi-sənədli əsə­rində İbrahim Paşanın ölümünün təfər­rüatları geniş təsvir edilmişdir.

Sultan Süleymanın daha çox Parqalı kimi çağırdığı İbrahim Paşa hərbi yürüşdən yenicə qayıdır. Müqəd­dəs Ramazan ayının başladığı ilk gün­lər idi. Sultan onu şam yeməyinə dəvət edir və onlar köhnə vaxtlarda olduğu kimi uzun-uzadı xoş danışırlar. Şam yeməyi başa çatandan sonra İbrahim sarayına qayıtmaq istəyir, lakin Sultan onun öz sarayında gecələmisini istəyir. 

Vəzir itaətkarcasına saraydakı otaqlardan birinə keçir və uzanıb yatır. Elə ki, Parqalının yuxuya getdiyini de­yirlər, Sultan cəlladları çağırtdırır. On­lar otağa daxil olub kəndiri Parqalının boğazına keçirirlər. Paşa qəfil oyanıb yerindən qalxır və cəlladlara müqa­vimət göstərməyə çalışır. Əsl döyüş başlayır. Səsi bütün saray əhli aydın eşidir. 

İbrahim xeyli müqavimət göstərir, nəhayət, gücdən düşür. Onun ölümü çox ağrılı və əzablı olur. Hətta danı­şırmışlar ki, sultan bütün baş verənləri gizli pəncərədən müşahidə edirmiş. O, vaxtı ilə sədaqətli dostu və həmfikri olmuş Paraqalının bağırtısını və son nəfəsdə necə xırıldadığını belə eşidir­miş. 

Ümumiyyətlə, İbrahim Paşanın edamı ilə bağlı şayiələr və dedi-qodu­lar çox olub. Bəziləri iddia edirlər ki, yataq otağının divarlarında qan izləri olub. Yəqin, vəzir çox güclü olub və həyatı uğrunda elə inadkarlıqla müba­rizə aparıb ki, cəlladlar xəncərləri işə salmağa məcbur olublar.

İbrahim Paşanın həyatının son dəqiqələri bir çox ədəbi mənbələrdə geniş təsvir edilib, lakin yazıçıların sözü və fikirləri heç də həmişə üst-üstə düşmür. Məsələn, Ayqut Can özünün “Parqalının ölümü” əsərində hadisələri tamam fərqli şəkildə təsvir edir. Müəllif iddia edir ki, vəzir sultanın otağında ölüb. Guya Sultan Süleyman vəziri yatızdırmaq üçün onun yemə­yinə dərman tökdürübmüş. Ancaq dərman çox güclü təsirə malik olub və Parqalı elə yuxuya gedib ki, bir daha yerindən qalxmayıb. Cəlladlar da elə sarayda gizlənibmişlər. Hakimi-mütləq işarə verəndə cəllad çıxıb və əvvəlcə ölümə məhkum edilmiş şəxsə xəncər­lə zərbə endirib, sonra isə ipək kəndir­dən istifadə edib. 

Belə məlumatlar da var ki, İbrahim Paşanın hər şeydən xəbəri var imiş. Sultan hadisələr baş verməmişdən 7 gün əvvəl ona bildiribmiş ki, onun edam edilməsinə fətva alıb. Bundan sonra vəzir hər gün sultanla onun sa­rayında şam edirmiş, hətta son saata qədər. Bir həftə müddətində Sultan Süleyman mahiyyətcə İbrahimə xilas olmaq üçün yollar qoyub – Parqalı mü­hafizəçilərin nəzarətində saxlanılma­yıb və asanlıqla ölkədən qaça, aman­sız edamdan canını qurtara bilərmiş. Ancaq vəzir buna getmir və sultanın qərarı ilə barışır. 

Bu maraqlı faktı Parqalının şəxsigündəliyindəki qeydlərə istinad edən bir çox tarixçilər də bildirirlər. Mək­tublardan aydın olur ki, İbrahim, həqiqətən, hər şeyi bilib, ancaq öz ağasının ədalətinə ümid edərək, sona qədər sultana sədaqətli qalıb. 

(ardı növbəti sayımızda)

İlqar RÜSTƏMOV,
XQ



Dünya