Alman fermerləri Avropanı ayağa qaldıra bilərlər

post-img

Yanvarın 15-dən başlayaraq fermerlərin etiraz dalğası Almaniyanı yenidən iflic vəziyyətinə salıb. 9 minə yaxın insan, 6 min traktor, yük maşını və başqa kənd təsərrüfatı texnikası Berlinin mərkəzinə toplaşıb. Alman fermerlərinin bu mitinqlərdə əsas məramı Almaniya hökumətini dizel yanacağına verilən subsidiyaların, meşə və kənd təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün vergi güzəştlərinin ləğv edilməsi ilə bağlı planlarından imtina etməyə inandırmaqdır. 

Almaniyanın maliyyə naziri Kristian Lindner nümayişə çıxan fermerlər qarşı­sında çıxış edərək onları sakitləşdirmək üçün nəsə demək istəsə də, etirazçılar onu fitə basıb sözünü ağzında qoyub­lar. İnsanlar davamlı olaraq “Çıx get!” deyərək o qədər hayqırıblar ki, alman fermerlərinin həmkarlar ittifaqının lideri Yoaxim Rukvid onlardan nazirə öz fikrini söyləməyə imkan verməyi xahiş edib.

Yalnız bundan sonra nazir Branden­burq qapılarının qarşısına toplaşan min­lərlə insana müraciət edərək deyib: “Mən sizə federal büdcədən daha çox dövlət yardımı ayrılacağına söz verə bilmərəm”. Bunun əvəzinə, nazir fermerlərə təklif edib ki, “azadlıqdan və öz işinizə hörmət­dən həzz alın”.

Hökumətin subsidiyaları davam etdirə bilməyəcəyi haqqında qərarı, maliyyə na­zirindən əvvəl, AFR-in kansleri Olaf Şolts da açıqlamışdı. O bildirmişdi ki, “əgər biz hamımız 100 faiz öz nöqteyi-nəzəri­mizin reallaşmasına təkid etsək, heç bir tərəqqiyə nail ola bilmərik”. Buna baxma­yaraq, alman aqrarçılarının mövqeyi qə­tidir. Alman fermerlərindən biri Yohannes Marksen xarici media nümayəndələrinin suallarına cavab verərkən deyib: “Nə qədər ki, bizim bütün tələblərimiz yerinə yetirilməyəcək və ya yeni seçkilər keçiril­məyəcək, etirazlar o vaxta qədər davam edəcək”. 

Almaniyada fermerlərin etirazları hələ ötən ilin dekabrından – hökumət yeni “sərt iqtisadiyyat” tədbirlərini elan edən­dən başlanıb və bu günə qədər davam edir. Ötən ilin noyabrında ölkənin 2024-cü il büdcəsi qəbul edilərkən 17 milyard avro həcmində defisit yaranıb. Bu isə ölkənin konstitusiya məhkəməsinin ilkin olaraq COVİD-19-un nəticələrinin ara­dan qaldırılması üçün müəyyən edilmiş 60 milyard avro kredit vəsaitinin qey­ri-məqsədlər üçün istifadə olunduğunu elan edəndən sonra baş verib. Hökumət fermerlərə dəstəyi azaltmaqla ildə 480 milyon avroya qənaət edəcəyinə ümid bəsləyirdi. Lakin, görünür, AFR kansleri Olaf Şolts baş qaldıracaq narazılıqların miqyasını qiymətləndirə bilməyib. 

Yeddi gün ərzində yüzlərlə traktor və kənd təsərrüfatı texnikası böyük şəhər­lərin yollarını bağladı. İflic olmuş yollar, çoxlu sayda kənd təsərrüfatı texnikası, hökumət binalarının qarşısına boşaldıl­mış mal peyinləri – bütün bunlar bugünkü AFR üçün tipik mənzərəyə çevrilib. Al­man politoluqu Aleksandr Rarın fikrinə görə, Almaniyada yaranan bu böhran­da əsasən hökumətin tərkibində olan “Yaşıllar” partiyası günahkardır: “Alman fermerləri hökumətə ağlasığmaz məh­dudiyyətlər sırıyan “Yaşıllar” partiyasının siyasətinin qurbanıdırlar. İndi onları aqrar sektorda olan dotasiyaların qəfil kəskin azaldılması ciddi narahat edir” – deyə ekspert qeyd edib. 

Xatırlayırsınızsa, yanvarın əvvəllə­rində hökumət qarşıdakı islahatları bir qədər yumşaldacağını bəyan edərkən, AFR-in şimalında 100-ə yaxın fermer ölkənin məzuniyyətdən qayıdan iqtisa­diyyat naziri, “Yaşıllar”ın həmsədri Ro­bert Habekin mindiyi bərənin qarşısını kəsmişdilər. Elektron media vasitələri və televiziya kanallarının nümayiş etdir­diyi həmin hadisə zamanı fermerlərdən birinin traktoruna vurulmuş plakatda ya­zılmışdı: “Qansız insanın rəngi ağarır. Havasız insanın rəngi göyərir. Beyinsiz insanın rəngi yaşıllaşır”. 

Keçirilən sorğulardan aydın olur ki, al­manların əksəriyyəti etiraz nümayişçiləri ilə həmrəydirlər. “Bild” nəşrinin sifarişi ilə İNSA institutunun yanvarın 8-də keçirdiyi sorğunun nəticələrinə görə, AFR əhalisi­nin 69 faizi həftə boyu davam edən nü­mayişləri dəstəkləmişdir. Bundan əlavə, seçicilərin 72 faizi Almaniya kansleri Olaf Şoltsun işindən narazıdır. Son tədqiqatlar göstərir ki, seçicilərin yalnız 14 faizi Şolt­sun partiyasına – Almaniya Sosial De­mokrat Partiyasına səs verməyə hazırdır. “Yaşıllara” və Azad Demokratlar Partiya­sına isə daha az – müvafiq olaraq 12 və 4 faiz səs vermək istəyən var. İNSA-nın sorğusuna görə, “Almaniya üçün alterna­tiv”çilərə 18 faizə yaxın, XDS/XSS blo­kunda birləşənlərə isə 27 faiz seçici səs vermək fikrindədir. 

Bundestaqın deputatı Yan Nolte de­yir: “Əgər “işıqfor koalisiyası” fermerlərin tələblərini yerinə yetirməzsə, yəqin ki, daha çox təsərrüfat işini dayandıracaq və bağlanacaq. Son 10 ildə orta hesabla ildə 3,5 min müəssisə bağlanıb. Təbii ki, bu, Almaniyanın başqa ölkələrdən ərzaq asılılığını artırır”. 

Buna baxmayaraq deputat, etirazla­rın hökumətin iflasına səbəb olmayaca­ğına inanır.

– Sorğuların nəticələri o qədər pisdir və “Almaniya üçün alternativ” (“AüA”) o qədər güclüdür ki, yeni seçkilər keçir­məyə cürət etməyəcəklər. Bunun yerinə nümayişçiləri “sağçı ekstremist” adlandı­rırlar. KİV-in və xüsusi xidmət orqanları­nın köməyi ilə “AüA”-i zəiflətməyə cəhd­lər göstərilir, – deyə Yan Nolte bildirib. 

Etiraz dalğalarının Avropanın başqa ölkələrinə sıçrayacağı ehtimalı da istisna deyil. Amma, görünən odur ki, müxtəlif dövlətlərin həmkarlar ittifaqlarının həm­rəylik əlaqələri elə də güclü deyi. Buna baxmayaraq fermerlərin Almaniyadakı etiraz nümayişlərində Polşa, Çexiya, Avstriya, Fransa, Belçika, Niderlanddan olan kənd təsərrüfatı texnikaları da mü­şahidə edilmişdir. Ekspertlər həmçinin qeyd edirlər ki, Fransada fermerlərin etiraz nümayişlərinə qalxmaq potensialı daha böyükdür. 

Açıqlamalara görə, əgər Fransada da yanacağa subsidiyaları ləğv etsələr və dizel yanacağının qiymətini artırsalar, o zaman Almaniyada baş verənləri Parisin küçələrində də müşahidə edə bilərik. Yeri gəlmişkən, Fransada ildə yüzlərlə fermer özünə qəsd edir. Ölkədə belə faktları çox da geniş açıqlamırlar. Bu da kənd təsər­rüfatı məhsulları istehsalçılarının ağır və dözülməz həyatından xəbər verir. Fransa nəhəng kənd təsərrüfatı ölkəsidir, bura­da baş qaldıracaq fermer etirazları ölkə üçün çox ağır nəticələrə səbəb ola bilər. 

Elə Hollandiyada da fermer lobbi­si çox güclüdür. Elə ona görə 2023-cü ildə mövcud hakimiyyətin siyasətindən narazılıqların artması üzündən regional seçkilərdə müxalifətyönlü “Mülki Fermer Hərəkatı” qalib gəldi və 12 əyalətin 9-da qanunvericilik məclisində əsas söz sahibi oldu. 

– Biz artıq Fransada və Hollandiyada fermerlərin etiraz nümayişlərini və nəticə­də hakimiyyətin öz siyasətini dəyişməyə məcbur olduğunu müşahidə etmişik, – deyə Bundestaqın deputatı Ştefan Koy­ter bildirib. 

Bundan əlavə, son vaxtlar Ukrayna ilə həmsərhəd olan ölkələrin aqrar sek­torunda insanlarının ciddi narazılıqları müşahidə olunur. Məsələn, Rumıniyada bir neçə gün ardıcıl ümummilli fermer mitinqləri keçirildi. Vətəndaşlar əsasən nəqliyyatın icbari sığortasına, yanacağa aksizlərin və ödənişli yollarda gediş ta­riflərinin artırılmasına, həmçinin ölkənin sərhədlərində bürokratik yoxlamalara eti­raz edirdilər. Xüsusilə məhsulları Ukray­nadan daxil olan istehsalçılar tərəfindən ədalətsiz rəqabət şəraitinin yaranması yerli fermerləri narahat edirdi. 

Etiraf etmək lazımdır ki, Aİ ölkələrin­də etiraz dalğasının daha da güclənmə­sinin əsas səbəbi bu ölkələrdə iqtisadi vəziyyətin gündən-gündə pisləşməsi ilə əlaqədardır. Ən yaxın keçmişdə iqtisadi və sosial həyatı çiçəklənən Avropanın iq­tisadiyyatının bu günə düşməsinin əsas səbəbi isə bilavasitə müharibələr və bu ölkələrin dolayısı ilə bu müharibələri ma­liyyələşdirmələridir. Nə qədər ki, prok­si-müharibələr davam edəcək, Avropa çətin əvvəlki rifahını qaytarmağa nail olsun. 

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya