Yeni yol Gədəbəydə 19 kəndi yüksəlişə qoşur

post-img

Ölkə Prezidentinin Gədəbəy rayonunun Kiçik Qaramurad-Cəfərli-Əyrivəng‒Alnabat–Kərimli–İnəkboğan–Göyəmli–Şınıx–Göyəlli–Çobankənd–Şahdağ–Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı ötən ilin son ayında imzaladığı sərəncam gədəbəylilərin hədsiz sevincinə və razılığına səbəb olub.

Məlumat üçün bildirək ki, sərənca­ma əsasən, on yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləş­dirən bu yolun əsaslı təmiri məqsədilə ilkin olaraq 2 milyon manat ayrılıb. Artıq bir neçə gündür ki, sərəncamın icrasına başlanılıb. Yolun bir hissəsi də rayonun Düz Rəsullu bələdiyyəsinə daxil olan Göyəmli‒Şınıx‒Göyəlli kəndlərini əhatə edir. Ucqar dağ kəndlərini birləşdirən bu yolun 2024-cü ildə asfaltlaşdırılması nəzərdə tutulub. Adamlar çox sevinirlər, deyirlər ki, dövlətin diqqəti sayəsində Gədəbəyin sərhəd bölgəsi daha rahat və asfalt yollarla təmin olunacaq. 

Gədəbəy sakini Sənan Quliyev bu ucqar dağ rayonunun yollarının tama­milə yenidən qurulması üçün misilsiz iş görüldüyünü dedi və dövlət başçı­sının imzaladığı sərəncamın yaratdığı ruh yüksəkliyindən danışdı: 

– Qonşu kənddən o birisinə getmək olmurdu. Nə yol var idi, nə körpü salın­mışdı. Magistral yollar bərbad vəziyyət­də idi. Sərhəd kəndlərinə gedib çıxmaq mümkün deyildi. İndi Gədəbəyin yolla­rına baxanda adamın ürəyi dağa dönür. Cənab Prezidentin Gədəbəylə bağlı bu yaxınlarda imzaladığı sərəncam da ra­yonda böyük ruh yüksəkliyi ilə qarşılanıb. Hamı sevinir. Artıq işlərə başlanıb. Baxı­ram ki, bu kəndlərin sakinləri iş görənlə­rin yanından getmir, maraqlanırlar...

Düz Rəsullu kənd icra nümayəndəsi Xalid Zeynalov da sakinlərin həddindən artıq sevindiklərini dilə gətirdi, “Elə bil ki, Şınıxa ikinci həyat gəlir”,– dedi.

Kənd bələdiyyəsinin sədri Ələddin Qurbanov hər gün ən azı iki saat yol salanların yanında olduğunu bildirdi:

– Kənddə hamı onlara xüsusi hörmət və qayğı ilə yanaşır. Gecələmək üçün yer ayırmışıq. Tez-tez ehtiyacları ilə maraqla­nırıq. Yeri gələndə əyləşib bir stəkan çay da içirik. Zarafat deyil, bizə yol çəkirlər, özü də necə yol! Asfalt yolumuz olacaq, gedib Şınıxın dairəvi yoluna birləşəcək. Adama yuxu kimi gəlir... 

Rayon icra hakimiyyətindən isə bildir­dilər ki, son illər Gədəbəyin həm avtomo­bil, həm də kəndarası yolları öz görkə­mini xeyli dəyişib. Rayonda məqsəd əhalinin sosial problemlərini həll etmək­lə yanaşı, turizmin inkişafına da təkan vermək, qonaqların bölgəyə gəlişini ilin bütün fəsillərində təmin etməkdən ibarət­dir. Bu baxımdan Gədəbəyin yollarının əsaslı bərpa olunmasına xüsusi diqqət yetirilməsi təbiidir və buna görə sakinlər sevinc, fərəh hissi keçirirlər.

Hamlet QASIMOV.
XQ-nin bölgə müxbiri





Sosial həyat