Ötən ilin ən böyük kosmik kəşfləri

post-img

(Əvvəli  https://xalqqazeti.az/az/dunya/158097-oten-ilin-en-boyuk-kosmik-kesfleri

Ən isti yay

Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqat­lar İnstitutunun alimləri 2023-cü ilin yayının 1880-ci ildən bu yana Şimal yarımkürəsində ən isti aylar olduğunu bildiriblər. Artıq qlobal iqlim dəyişikliklərinin fəsadları özünü göstər­məkdədir. 

Tədqiqatçılar 1950–1980-ci illər arasında­kı dövrdə planetin orta temperatur göstəricisini son illərin qlobal istiləşməsi ilə bağlı rəqəmlərlə müqayisə ediblər. Məlum olub ki, 2023-cü ildə orta temperatur təqribən 70 il əvvəlkindən 0,23 faiz yüksək olub. Təkcə ötən ilin avqust ayının temperaturu isə ümumi orta temperaturdan 1,2 dərəcə yüksək olub. 

Buzlaqların kiçilməsi 

NASA mütəxəssisləri və Kolorado Uni­versitetinin Ekoloji Milli Mərkəzi kollektivinin birgə apardıqları tədqiqatlara əsasən Antark­tidada buzlaqların sahəsi rekord səviyyədə azalıb. 

Sputniklər vasitəsilə alınan məlumata görə, ötən ilin 10 sentyabrına dəniz buzu cənub kon­tinentinin 16,96 milyon kvadratkilometr sahəsi­ni təşkil edib. Bu, tarixdə ən aşağı göstəricidir. Planetimizdə iqlim dəyişikliklərini şərtləndirən amillərdən biri məhz şimal və cənub qütblərində “əbədi” buzlarların əriməsinin sürətlənməsidir. Göründüyü kimi, təbiətdə Əlahəzrət Zamandan başqa əbədi heç nə yoxdur. 

371 gün kosmosda

Amerikalı astronavt Frenk Rubio 2023-cü ili kosmosda keçirməli olub. Belə ki, o, 67-ci kosmik ekspedisiyada “Soyuz” kosmik gə­misindəki rusiyalı kosmonavtlar Sergey Pro­kopyevə və Dmitri Peteleinə qoşulub. 

Üçlük Yerə 6 aydan sonra qayıtmalı idi, lakin “Soyuz” gəmisinin istilik sistemindəki kapsulda sızma olduğu üçün amerikalı daha 6 ay kosmos­da qalmalı olub. 

Üç dost yalnız 2023-cü il sentyabrın 27-də yerə enib. Beləliklə, o, 371 gün kosmosda qa­lan ilk amerikalı astronavtdır. Bununla bərabər, Rubio mərhum rusiyalı kosmonavt Valeri Polya­kovun kosmosda ən çox qalma üzrə rekordu­nu təzələyə bilməyib. Xatırladaq ki, V.Polyakov 1994-1995-ci illər ərzində “Mir” stansiyasında 437 gün kosmosda olub. 

“Bərk gedən” ulduzlar 

Ötən ilin iyulunda “Gaia” Avropa Kosmik Agentliyi tərəfindən bizim qalaktikadakı ən sürətli 6 ulduz müəyyən edilib. Onlardan iki­sinin – J0927-6335 və Jİ 235-3752-nin xüsu­silə sürətli olduğu meydana çıxıb. 

Birinci ulduz saniyədə 2285 kilometr hərəkət edir. Bunun nə qədər yüksək sürət olduğunu təsəvvür etmək üçün qeyd edək ki, həmin ulduz təkcə bir saata Yer kürəsinin ətrafında 694 dəfə dövrə vura bilər. Demək istəyirik ki, Yerdə olduğu kimi, qalaktikada da “bərk gedən oğlanlar”, yəni, çox sürətli ulduzlar var. 

Ən ağır qara dəlik 

Bəlli olduğu kimi, yüksək modern Ceyms Uebb kosmik teleskopu son illər vaxtaşırı olaraq yeni astronomik rekordlar müəyyən edir. Bu mənada 2023-cü il də istisna olma­yıb. Belə ki, alimlər ötən il ən uzaq qalaktika­da ən ağır kütləli qara dəlik aşkar ediblər. 

Təqribən, 13,3 milyard yaşı olan qara dəlik CEERS 1019 qalaktikasında yerləşir. Onun küt­ləsi Günəşin çəkisindən 9 milyon dəfə çoxdur. Yaxud bizim qalaktikadakı Süd yolundakı məlum qara dəlikdən iki dəfə ağırdır.

M.HACIXANLI
XQ









Dünya