“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 7, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 3. Şəxsiyyət vəsiqəsinin məlumatları
Şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (bundan sonra ─ İAMAS) olan məlumatlardan ibarətdir.
Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdirilir.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:
bu maddənin ikinci hissəsində göstərilən məlumatlardan vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;
vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;
vətəndaşın əl-barmaq izləri;
şəxsiyyət vəsiqəsini verən orqanın adı;
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.
Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır:
vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;
vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;
vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);
vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.
Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəninin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.
Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.”;
1.2. 4-cü maddə üzrə:
1.2.1. ikinci hissəyə “atasının adı” sözlərindən sonra “, ünvanı (yaşayış yeri)” sözləri əlavə edilsin;
1.2.2. altıncı hissədə “ikinci hissəsinin altıncı─səkkizinci” sözləri “dördüncü hissəsinin dördüncü və beşinci” sözləri ilə əvəz edilsin;
1.3. 5-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “daxil edilmiş məlumatlarda” sözləri “və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanunu) 5-ci maddəsinin üçüncü hissəsində “və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı” sözləri “, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onun şəxsiyyət vəsiqəsini” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14 (Cild I); 2025, № 1, maddə 15) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 6-cı maddəsinin ikinci cümləsində “vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatı” sözləri “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq vətəndaşın şəxsiyyət vəsiqəsini” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,14 iyul 2025-ci il