Ötən ilin ən böyük kosmik kəşfləri

post-img

2023-cü il kosmosun tədqiqi istiqamətində bir çox elmi kəşflərlə yadda qalıb. Bura yaxın və uzaq qalaktikalarda ulduz partlayışlarından tutmuş kosmosun ənginliklərində müşahidə olunan uzaq qara dəliklərə qədər yeni heyrətamiz bilgilər daxildir. Dünya alimlərinin ötən il ərzində aşkarladıqları kosmik kəşflərdən bir neçəsini bu gün oxucuların diqqətinə təqdim edirik. 

Günəşdə ən güclü işıq seli

2023-cü ildə Günəşdə qamma şüaların ol­duqca güclü sıçrayışı qeydə alınıb. NASA-nın “Fermi” qamma-teleskopunun aşkar etdiyi bu hadisə Günəşdə olduqca güclü işıq seli­nin yaranmasına səbəb olub. 

İlkin hesablamalara görə, Günəşdəki son qamma şüalanması 200 qiqavolt gücündə olub. Aradan qısa müddət keçəndən sonra Meksika­dakı məşhur HAWC rəsədxanasının əməkdaş­ları müəyyən ediblər ki, haqqında söhbət açılan qamma şüalanma 1 teravolt gücündədir. 

Oxucular soruşa bilərlər ki, Günəşdəki sıçra­yışın Yer kürəsində insanların həyatına və fəal­liyyətinə təsiri olurmu? Birmənalı olaraq cavab vermək olar ki, Günəşdəki ən cüzi dəyişikliklər belə həyatımıza, planetin fauna və floarasına öz təsirini göstərir. 

Ən parlaq partlayış 

Ötən ilin mayında alimlər qalaktikada ol­duqca parlaq partlayış qeydə alıblar. Onun parlaqlığı əvvəlkilərdən onqat çoxdur. Ma­raqlı burasıdır ki, bu partlayışın işığı Yerə çatmaq üçün 8 milyard il səyahət edib. 

Partlayış AT2021 kataloqunda qeydə alınıb. Onun parlaqlığı Günəşdən 2 trilyon dəfə çoxdur. Bunları adi təxəyyüllün gücü ilə təsəvvür etmək xeyli çətindir. Sadəcə, etiraf edək ki, kainat sir­ri-xudadır və onun sirlərini açmağa görünür, min illər lazımdır. 

Hər halda, son illər elm və texnikanın inkişafı kainatı bizim üçün xeyli maraqlı və əlçatan edir. 

Ən sürətli radiosıçrayış 

2023-cü ildə Yerdən uzaq məsafədə radio­sıçrayış aşkar edilib. 2023-cü il iyunun 19-da qeydə alınan radiosıçrayış kosmosda 5 mil­yard il səyahət edib. 

Sürətli radiosıçrayışlar, hətta mütəxəssis­lərin özləri üçün də kifayət qədər müəmmalı hadisələr hesab olunur. Radiodalğalardakı qısa sıçrayışlar bir neçə milli saniyə davam etsə də, Günəşin 30 il ərzində ümumən yaydığı qədər enerji yaya billir. 

Alimlər hələlik radiosıçrayışların mənbəyi­ni tapa bilməyiblər. Onların kosmik fəzada tez-tez sərbəst yerdəyişmə etdiyi də bəllidir. Bəzən radiosıçrayışlar eyni kosmik məkanda təkrar olunur. 

Marsda rekord sayda uçuşlar

“İngenuity” NASA-nın Marsda hələlik ilk və yeganə vertolyotudur. Qurğu ötən ilin 16 sentyabrında 59-cu uçuşunu edib. Vertolyot 142,59 saniyə ərzində səmada bir nöqtədə asılı qalıb. Bu, rekord göstərici sayılır. 

Xatırladaq ki, Marsoxod “Preservance” “qır­mızı planet”ə 2021-ci ilin fevralında çatıb və o vaxtdan “İngenuity” vertolyotu ötən ilin 17 de­kabrınadək 67 dəfə uçuş edib. O, Marsın səma­sında 121,1 dəqiqə havada qalıb və bütövlükdə 15,3 kilometr məsafə qət edib. 

(ardı növbəti sayımızda)

M.HACIXANLI
XQ







Dünya