İyulun 25-də Almatı vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopter planlı uçuş zamanı radarlardan itib.
AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvə və vasitələri cəlb olunmaqla ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qazaxıstan Respublikası müdafiə nazirinin xahişi ilə hadisənin bütün hallarını aydınlaşdırmaq üçün xüsusi komissiya hadisə yerinə uçub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana