“Sea Breeze Resort” kompleksinin “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında Kevin McCoy, “Secret Service”, “Kosheen”in yeni adlı ulduzlarının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əcnəbi artistlərin adları görkəmli incəsənət və mədəniyyət nümayəndələrinin töhfələrini əbədiləşdirmək məqsədi daşıyan məkanda - Şöhrət xiyabanına simvolik olaraq həkk olunub.
Açılış mərasimi ulduzların – Kevin Coel MakKoy, “Secret Service” qrupunun (İsveç) solistləri və Britaniyanın “Kosheen” musiqi qrupunun özlərinin iştirakı ilə keçib, onlar jurnalistlər və pərəstişkarlar ilə bayram ab-havasını bölüşərək məmnuniyyətlə söhbət etdilər.
Kevin Coel MakKoy (Kevin Joel McCoy) “Bad Boys Blue” pop qrupunun keçmiş üzvü kimi tanınan amerikalı müğənni, bəstəkar və prodüserdir. Müasir disko ulduzu Kevin MakKoy Virciniya ştatındandır. 1998-ci ildə “Coconut Records” loqosu ilə müqavilə bağlayıb və dünya şöhrəti qazandığı “Bad Boys Blue” qrupuna qoşulub. O vaxtdan bəri Kevin Makkoyun adı qrupun tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Bu gün onun adı və qrupun məşhur hitləri olan afişalar dünyanın, o cümlədən MDB ölkələrinin konsert məkanlarını bəzəyir.
Açılış mərasimində sənətçi təşkilatçılara təşəkkür edib və “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanının bir hissəsi olmağı böyük şərəf hesab etdiyini deyib. O, bildirib ki, bu gün onun üçün xüsusi gündür, yerli Şöhrət xiyabanı isə Hollivuddan heç də geri qalmır.
“Secret Service” 70-ci illərin sonlarında yaranmış və bu günə qədər öz çıxışları ilə çoxsaylı pərəstişkarlarını sevindirməyə davam edən əfsanəvi İsveç pop qrupudur. "Secret Service” 1980-ci illərdə “Flash In The Night”, “Ten O’Clock Postman” və “Oh Susie” hitləri sayəsində geniş populyarlıq qazanıb.
Qrup vokalist Ula Hokansson ilə orijinal tərkibi hələ də radio və televiziyada rast gəlinən birinci dərəcəli sinql və studiya albomlarını yazıb. “Secret Service” qrupu yaranandan Ula Hokanssondan başqa, onun tərkibində Tim Norell, Toni Lindberq, Leyf Yohansson, Leyf Paulsen və Ulf Valberq də yer alıblar. Qrupun tərkibi vaxtaşırı dəyişir, Valberq və Tim Norell isə onun daimi üzvləri olaraq qalırdılar. Məşhur İsveç bəstəkarı Tim həm də “Secret Service” qrupunun əksər musiqilərinin müəllifidir. Yenilənmiş heyətə multiinstrumentalist Anders Hansson, barabançı Ceymi (Yoakim) Borger, bas qitaraçı Fredrik Karnell və digər istedadlı ifaçılar daxildir.
Xatırladaq ki, “Secret Service” artıq Azərbaycanda çıxış edib - 2022-ci ilin sentyabrında qrup “Sea Breeze Disco Night” konsertində səhnəyə çıxıb.
1998-ci ildə Bristol şəhərində yaradılmış Britaniyanın “Kosheen” musiqi qrupu iki - trip-hop və dram-n-beys musiqi istiqamətlərinin birləşməsidir. Musiqi üfüqündə görünərək ilin ən yaxşı kompozisiyası statusunun sahibi oldu, “Kokopelli” albomu isə “Qızıl Disk” statusu alıb. “Kosheen”in tərkibinə vokalist və mahnıların müəllifi Şan Evans, həmçinin prodüserlər Darren Bil və Marki Morrison daxildir.
“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanı Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə şöhrət xiyabanıdır. Bu gün burada 28 görkəmli şəxsiyyətin, o cümlədən Müslüm Maqomayev, Devid Foster, Rüstəm və Maqsud İbrahimbəyovlar, Vaqif Mustafazadə və başqalarının adları əbədiləşdirilib. Ulduzlar kolleksiyası yaradıcılığı tarixə düşənləri birləşdirərək böyüməyə davam edir.