ASCO-da II rübün nəticələrinə dair “Təhlükəsizlik Günü” keçirilib

post-img

AZCON Holding şirkətlərindən olan ASCO-da 2025-ci ilin ikinci rübünün nəticələrinə həsr olunmuş “Təhlükəsizlik Günü” təşkil edilib. Tədbirdə bütün struktur bölmələrin nümayəndələri iştirak edib.

Toplantını ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli açaraq, rüb ərzində dünya üzrə dənizçilik, yükdaşıma və istehsalat sahəsində baş vermiş qəzalara dair video materialları təqdim edib. O, həmin hadisələrin yaranma səbəblərini diqqətə çatdıraraq, bu kimi halların ASCO-da təkrarlanmaması üçün təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev çıxışında rüb ərzində qeydə alınmış təhlükəsizlik, sağlamlıq, yanğın və ekoloji sahələr üzrə nöqsanlardan bəhs edib. O, bu halların səbəbləri və nəticələri ilə bağlı ətraflı məlumat verib, həmçinin müşahidə kartları sistemi və təşkil olunmuş yerli və beynəlxalq təlimlərin məzmunu barədə iştirakçıları məlumatlandırıb.

KSƏTƏMM departamentinin emissiyaların idarəedilməsi üzrə aparıcı mütəxəssisi Nigar Bağırova “Ətraf mühitin mühafizəsi və emissiyaların idarəedilməsi” mövzusunda təqdimatla çıxış edib. O, İqlimlə Əlaqəli Korporativ İdarəetmə layihəsi (Climate-related Corporate Governance – CCG) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və layihə üzrə məsləhətçi funksiyasını yerinə yetirən “Ernst & Young” (EY) şirkəti ilə birgə görülən işlərin nəticələrini diqqətə çatdırıb.

Daha sonra struktur bölmələrin nümayəndələri rüblük fəaliyyətlərinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxış edərək, ötən rübdə baş vermiş nöqsanların aradan qaldırılması ilə bağlı struktur rəhbərlərinə və istehsalat sahəsində çalışan mütəxəssislərə müvafiq tapşırıqlarını verib. O, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinin və bu sahədə keçirilən təlimlərin miqyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

ASCO-da 2025-ci ilin “Təhlükəsizlik ili” kimi qeyd olunduğunu xatırladan Rauf Vəliyev, bütün əməkdaşları ilk növbədə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.  Sədr struktur rəhbərlərinə isti hava şəraiti ilə əlaqədar iş şəraitində əməkdaşların sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsini  tapşırıb.

“Təhlükəsizlik Günü” interaktiv formatda davam etdirilib. Tədbir çərçivəsində “SƏTƏMM TKİS – təhlükəsiz idarəetmə prosedurlarının gəmi və sahil arasında effektiv əlaqəsi” mövzusunda xüsusi təlim də təşkil olunub.







Sosial həyat