İki əsrin səssiz şahidi: Dünyanın ən uzunömürlü balığı Hanako

post-img

Tarixdə iz qoyan varlıqlar yalnız insanlar olmur. Yaponiyada dünyaya gəlmiş və 226 il yaşamış bir koi balığı – Hanako – bunun bariz nümunəsidir. O, nəinki öz növü, hətta ümumilikdə heyvanlar aləmində qeydə alınmış ən uzunömürlü canlılardan biri kimi tarixə düşüb.

Hanako adlı bu qeyri-adi koi balığı 1751-ci ildə Yaponiyanın mərkəzində yerləşən Gifu prefekturasında, dağlıq ərazidəki bir ailəyə məxsus təbii göldə dünyaya gəlmişdi. O zamanlar dünya fərqli bir yerdə idi — Avropada hələ sənaye inqilabı başlamamış, Amerika Birləşmiş Ştatları yaranmamışdı. Lakin Hanako sükut içində yaşayır və zamanın axışını izaholunmaz səbir və təmkinlə müşahidə edirdi.

7 iyul 1977-ci ildə, 226 yaşında ölən Hanako bu uzun ömrü ilə yalnız bir ailənin deyil, bütöv bir ölkənin mədəni və bioloji yaddaşına çevrilmişdi.

Yaşı necə müəyyən olundu?

1966-cı ildə Hanakonun sahibi olan professor Komao Kato onun yaşını dəqiq öyrənmək üçün elm adamlarına müraciət etmişdi. Nəticədə Nippon Universitetinin alimləri Hanakonun bir neçə pulunu diqqətlə çıxarıb, onların üzərindəki illik halqaların mikroskopik analizini aparmışdılar. Ağacların halqalarına bənzər şəkildə koi balığının pulcuqlarında da hər il yeni qat yaranır. Bu üsul vasitəsilə Hanakonun təxminən 215 yaşında olduğu təsdiqlənmişdi. O, daha 11 il yaşadı və ümumi ömrü 226 ilə çatdı.

Sükutla danışan canlı

Hanako uzun illər bir ailənin bağındakı göldə, dağların qoynunda, təmiz bulaq suyu ilə bəslənən bir məkanda yaşayıb. Onun uzunömürlülüyü bəziləri üçün Yapon həyat fəlsəfəsinin — təbiətlə ahəng içində yaşamağın — bir simvoluna çevrilmişdi.

Bugünkü dünyada bu cür faktlar yalnız təbiətə deyil, həm də tarixə yeni baxış bucağı təqdim edir. Hanako, bir balıq olaraq, iki əsrin sakit şahidi kimi yaddaşlarda qalır.

S.ELAY

XQ

Maraqlı