Argentina İngiltərəyə Folklend adaları ilə bağlı danışıqlar aparmağı təklif edir

post-img

Hökumət sözçüsü Manuel Adorni bildirib ki, Argentinanın yeni hakimiyyət orqanları Böyük Britaniyanı Folklend adaları (Malvin adaları) üzərində suverenliyini qaytarmağa çağırır. "Los Andes" qəzeti xəbər verir ki, Buenos-Ayres Londonu bu mövzuda ikitərəfli danışıqları bərpa etməyə dəvət edib.

"Bu gün Malvin adalarının Böyük Britaniya tərəfindən ilkin zorla işğalından 191 il ötür. Argentina hökuməti və bütün cəmiyyət bizim Malvin adaları üzərində suverenlik haqqımızı müdafiə edir”, - deyə M.Adorni mətbuat konfransında bildirib.

Argentina Xarici İşlər Nazirliyi öz növbəsində xatırladıb ki, BMT Assambleyası Malvin adaları ilə bağlı məsələni “xüsusi müstəmləkə vəziyyəti” kimi qiymətləndirib və bu, hər iki ölkənin hökumətləri tərəfindən adaların sakinlərinin maraqları nəzərə alınmaqla ikitərəfli danışıqlar yolu ilə həll edilməlidir. Argentina hakimiyyəti tərəflərin ərazidə birtərəfli hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayıb.

2023-cü ilin martında Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Kleverli Folklend adalarının Böyük Britaniyaya aid olduğunu bəyan etmişdi. C.Kleverli o vaxtkı argentinalı həmkarı Santyaqo Kafieronun bu məsələ ilə bağlı danışıqlara qayıtmaq təklifinə belə cavab vermişdi. Britaniya rəsmisi xatırlatmışdı ki, bu qərar adalılar tərəfindən referendum zamanı verilib.

C.Kleverlinin qeyd etdiyi səsvermə 2013-cü ildə keçirilmişdi. Sakinlər böyük səs çoxluğu ilə Britaniyanın xaricdəki ərazisi olaraq qalmağa səs vermişdilər.

Argentinanın şərq sahillərindən 400 kilometr uzaqlıqda yerləşən Folklənd adaları (argentinalılar ərazini Malvin adlandırırlar) 1833-cü ildən etibarən Böyük Britaniyanın idarəçiliyi altındadır. Lakin rəsmi Buenos-Ayres iki əsas adadan və təqribən 300-dək daha kiçik adalardan ibarət olan arxipelaqa iddia edir. Arxipelaqın 1592-ci ildə Magellan Esteban Qomes tərəfindən aşkar olunduğunu iddia edən argentinalılar Folklənd (Malvin) adaları üzərində Britaniya suverenliyini tanımırlar.

S.ELAY

XQ

Dünya