Kolonnanın Afrikaya anti-Rusiya tövsiyəsi

post-img

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonna Moskvanın “Qara qitə”də güclənməsi fonunda Parisin Afrikadakı mövqeyini itirməsi ilə bağlı sualı cavablandırarkən, Afrika ölkələrinə “Fransanı Rusiya ilə dəyişməməyi” tövsiyə edib. Bu sözlər bir daha təsdiqləyir ki, Fransa uzun illər hakim kəsildiyi qitədə fiaskoya uğrayıb və onun yerini tutmağa çalışan ölkələrə qarşı çağırışlarə əl atır.

Fransa Xarici İşlər Nazirliyinin rəh­bəri Ketrin Kolonna Nigeriyaya səfə­ri zamanı Afrika ölkələrinə “Fransanı Rusiya ilə dəyişməyi” tövsiyə etməyə­cəyini bildirib. Parisin təsirini itirməsi fonunda Moskvanın Afrikadakı mövqe­yini gücləndirmək barədə jurnalistin sualını cavablandırarkən “Mən sizin yerinizdə olsaydım, Fransanı Rusiya­ya dəyişməzdim” deyib. Kollona qeyd edib ki, Sahel bütün Afrika deyil. Si­yasi baxımdan Sahel Beşliyinə Bur­kina-Faso, Mavritaniya, Mali, Niger və Çad daxildir. “Afrika və Sahel qa­rışdırılmamalıdır. Afrika böyük və çox müxtəlifdir. Sahel istisna olmaqla, digər ölkələrlə əlaqələrimiz yüksəlir ki, bu da bizi çox sevindirir”, - deyə nazir qeyd edib. Amma burada bir məqamı qeyd etməyə dəyər ki, Afrikada baş vermiş son çevrilişlər anti-Fransa əhval-ruhiy­yə dalğası ilə müşayiət olunub. 

Xatırladaq ki, Mali, Burkina-Fa­so və Nigerdə 2021-2023-cü illərdə hərbi çevrilişlər olub. Ölkələrin yeni hakimiyyət orqanları Fransa ilə əmək­daşlığı kəsməyə başlayıb. Bundan əlavə, yayda Mərkəzi Afrikanın keçmiş metropolisi Fransanın yaxın müttəfiqi sayılan Qabonda da hərbi çevriliş baş verib. Eyni zamanda, Afrika ölkələri ilə Rusiya arasında əməkdaşlıq getdikcə artır. Belə ki, cari il iyulun 27-28-də Sankt-Peterburqda ikinci dəfə Rusiya–Afrika sammiti, iqtisadi və humanitar fo­rum keçirilib. Tədbir 48 ölkənin və qitə­nin beş ən böyük inteqrasiya birliyinin rəsmi nümayəndə heyətləri ilə təmsil olunan Rusiya ilə Afrika qitəsi dövlətləri arasında geniş spektrli münasibətlərə həsr olunub. Rusiya Prezidenti Vladi­mir Putin Afrikanın çoxqütblü dünyanın qütblərindən birinə çevrildiyini, Mos­kvanın bu qitə ilə əməkdaşlığının son illər yeni səviyyəyə çatdığını və onu daha da inkişaf etdirmək niyyətində ol­duğunu bildirib.

Bu bir həqiqətdir ki, siyasətdə heç nə təsadüfən baş vermir. Fransızlar başa düşmürlər ki, fransızdilli afrikalı­lar niyə birdən-birə onları rədd ediblər. Fransızdilli Afrikada rejim dəyişikliyi dalğası ilə üzləşən Fransa mediası məəttəl qalıb. Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahə­sində uğursuzluqları nəinki qitədə an­ti-fransız əhval-ruhiyyəsinin artmasına, həm də Rusiya, Çin və ABŞ-ın təsirinin güclənməsinə səbəb olub. Bu barədə 92 fransız senatorunun cari ilin avqust ayında prezident Emmanuel Makrona ünvanladığı açıq məktubunda deyi­lirdi. Senatorların fikrincə, son illərdə Fransa hökumətinin üzvləri keçmiş müstəmləkələrə qeyri-rəsmi qəyyum­luğu nəzərdə tutan “Fransız Afrikası” siyasətinə qarşı olan nostalji ilə razı­laşmayanların hamısını ittiham edərək “uğursuzluqları ört-basdır edirlər”. Məktubda yazılırdı: “Bu gün dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası­na, iqtisadi baxımdan Çin Afrikasına və diplomatik olaraq Amerika Afrikasına çevrilir”. Onun müəllifləri ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalmasına diqqət çəkmişdilər. 

Ekspertlərin fikrincə, Afrikada uğur­suzluqlar göz qabağındadır. Fransa or­dusunun mövcudluğu yerli hakimiyyət orqanları ilə, ilk növbədə, silahlı qüv­vələrlə müəyyən münaqişələrə səbəb olub. Mali, Burkina-Faso və Qvineyada hərbi çevrilişlər baş verib. Fransanın keçmiş müstəmləkələrində mövcud olan və Paris tərəfindən tətbiq edilən idarəetmə sistemləri artıq məqsədəuy­ğun deyil. Gənc afrikalıların valideynlə­ri və ya babaları kimi Fransaya heç bir bağlılığı yoxdur. Afrikalı gənclər təkcə Fransa deyil, çoxlu tərəfdaşlarla əmək­daşlıq etmək istəyirlər. Buna görə də, əminliklə demək olar ki, Fransanı yaxın perspektivdə “qara qitə”də ağ günlər gözləmir.

S.ELAY
XQ

Dünya