Yaxın Şərqdə silahlar diplomatik səylərdən güclüdür

post-img

HƏMAS–İsrail qarşıdurması davam edir. Dünən İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalı ilə bərabər, cənub hissəsində də antiterror əməliyyatı həyata keçirib. Rəsmi Təl-Əviv terrorçulara qarşı mücadilədə qərarlı olduğunu bəyan edib. 

Qəzzanın havadan bombalanması davam etdikcə ev-eşiksiz qalan ailələrin sayı artır. BMT rəsmisi hazırda Qəzza­da təhlükəsiz yerin olmadığını bildirib. Onun sözlərinə görə, indi bu qurumun bayrağı altında sabitliyi təmin etmək qeyri-müm­kündür. Bu barədə BBC məlumat yayıb.

BMT rəsmisi BBC müxbirinə açıqlamasında etiraf edib ki, təmsil olunduğu qurum, təəssüf ki, ondan sığınacaq gözləyən 600 mindən çox Qəzza sakininin təhlükəsizliyinə zəmanət ver­mək gücündə və iqtidarında deyil.

Həqiqətən, BMT-nin birbaşa hi­mayəsində olan qaçqın sığınacaqların­dan artıq 50-dən çoxu ərazidə davam edən döyüşlərin təsirinə məruz qalıb. Onlardan beşi isə bombardmanlar nə­ticəsində dağıdılıb. 

Ağır zorakılıqlar təkcə Qəzza zola­ğında baş vermir. Son günlər İsrailin bir çox ərəb dövlətləri, xüsusilə Livan ilə münasibətləri gərginləşib. Dünən İsrail Müdafiə Qüvvələri Livanın cənubunda hava hücumu əməliyyatı keçirib. 

Bu barədə “Telegram” kanallarında video yayılıb. Paylaşılan görüntülər­də İsrail Ordusunun Livandakı hədə­fi dəqiq raket zərbəsi ilə məhv etdiyi görünür. Terrorçu “Hizbullah” təşkilatı bunu cavabsız qoymayacağını bildi­rib.

ABŞ-ın dövlət katibi Entoni Blinken yenidən Yaxın Şərqdədir. Xatırladaq ki, bu, son 25 gün ərzində Blinkenin böl­gəyə 3-cü səfəridir. O, regionda müha­ribənin dayandırılması üçün diplomatik səylərini davam etdirir. 

Amerikalı diplomat dünən Oman­da Liviya, Qətər və İordaniya rəsmiləri ilə görüşüb. Həmin görüşlərdən sonra Blinken jurnalistlərə açıqlamasında bil­dirib ki, İsrail–Fələstin probleminin həlli üçün “iki millət - iki dövlət” prinsipi çıxış nöqtəsi kimi qəbul olunmalıdır. 

Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Omana getməzdən əvvəl Təl-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu və Prezident İsxaq Hersoqla görüşərək müzakirələr aparıb. Blinken terrorçu­larla mücadilədə ölkəsinin İsrailə so­nadək dəstək verəcəyini bildirməklə bərabər, Qəzzada çarpaz atəşə tutulan mülki şəxslərin qorunmalı və onlara kömək göstərilməli olduğunu vurğula­yıb. 

Regionda yaşanan humanitar böh­ranı həll etməkdə təkcə BMT deyil, bölgədə marağı olan böyük dövlətlər də acizdir. Görünən budur ki, onların diplomatik təşəbbüsləri, hələlik, heç bir nəticə vermir, bölgədə humanitar və­ziyyət isə günbəgün ağırlaşır. 

Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin açıldığı çərşənbə günündən bəri çox az sayda vətəndaş Misir ərazisinə keçə bilib. Rəsmi Qa­hirənin bildirdiyinə görə, cümə axşamı yaralı vəziyyətdə olan yalnız 21 fələs­tinliyə, eləcə də 72-si uşaq olmaqla, xarici pasportu olan 344 nəfərə Qəzza­nı tərk etmək nəsib olub.

Münaqişə bölgəsindən canlarını qurtarmaq istəyənlər isə on minlərlədir. Lakin onları fələstinlililərin qonşuluqla­rında yerləşən nə Misir, nə də İordani­ya qəbul etmək istəmir. Fələstinli soy­daşlarına qarşı bu qədər biganəliyin nədən qaynaqlandığını sağlam düşün­cə ilə anlamaq çətindir. 

Bu arada, noyabrın 9-da Parisdə Qəzzaya humanitar yardımların təşkili ilə bağlı beynəlxalq konfrans keçirilə­cək. Bu barədə məlumatda qeyd olu­nub ki, məqsəd fələstinli mülki əhalinin xeyrinə konkret şəkildə hərəkət et­məyə qərarlı olan əsas aktorları - döv­lətlər, donorlar və beynəlxalq təşkilatla­rı səfərbər etməkdir.

Yeri gəlmişkən, HƏMAS yaraqlıla­rının İsrailin nəzarətində olan ərazilərə hücumu nəticəsində həlak olan Fransa vətəndaşlarının sayı 39 nəfərə çatıb. Bu barədə informasiya Fransa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Xarici siyasət idarəsinin məlumatına görə, regionda daha doqquz Fransa vətəndaşı itkin düşüb. Onların bəziləri­nin HƏMAS-ın əsirliyində olduğu istis­na edilmir.

Bu arada məlum olub ki, Fələstin Prezidenti Mahmud Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə təxirə salı­nıb. Bunu jurnalistlərə Rusiya Prezi­dentinin Yaxın Şərq və Afrika üzrə xü­susi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. 

Mahmud Abbasın səfərinin təxirə salınması regionda gərginliiyin kəskin artması ilə əlaqələndirilir. Bir çox eks­pertlər HƏMAS–İsrail qarşıdurmasının genişlənərək Üçüncü Dünya mühari­bəsinə çevriləcəyini iddia edirlər. Bun­da maraqlı güclərin olduğu da sirr deyil. 

Türkiyə dövləti də Qəzzada zora­kılıqların təcili dayandırılmasını tələb edir. Rəsmi Ankara qan tökülməsinin dayandırılması və sülhün bərqərar ol­ması üçün səylərini artırır. Türkiyənin məqsədi regionda daimi və davamlı sülhə nail olmaqdır. 

Acı təəssüf ki, bölgəni müharibə teatrına çevirən super dövlətlərin niyyəti bambaşqadır. Onları bu ərazidə məskunlaşan sadə, günahsız ailələrin taleyi az maraqlandırır. Halbuki Yaxın Şərqə, burada yaşayan xalqlara, dilindən, dinindən asılı olmayaraq bütün dinc insanlara sülh, sabitlik və rifah lazımdır.

M.HACIXANLI
XQ

Dünya