Bir doğmalığın tarixçəsi

post-img

Bu qısa yazıda üç mərhum ziyalımıza Allahdan rəhmət diləyirəm. Üçü də dəyərli insanlar idi. Ancaq onlar arasında ən çox ünsiyyətdə olduğumm, altı-yeddi ay müəllimim olmuş professor Kamil Əliyev idi.

... Orta məktəbi bitirəndən beş il son­ra (özümdən asılı olmayan səbəblər üzündən) ali məktəbə ilk dəfə imtahan vermək şansım 1976-cı ildə olmuşdu. Təbii ki, kənd işləri ilə bağlı lazımi sə­viyyədə hazırlaşa bilmədiyimə görə hə­min il universitetə qəbul olmaq istəyim baş tutmadı. Ona görə də, sonrakı ilin qəbulu üçün Bakı Dövlət Universitetinin təşkil etdiyi hazırlıq kursuna yazılmalı ol­dum. O vaxt universitetin bəzi fakültələri hələ Kommunist küçəsində (indiki istiqlal küçəsi) idi. Dil və ədəbiyyatdan hazırlıq müəllimimiz universitetin dosenti Kamil Əliyev, tarix fənnini tədris edən isə soya­dını unutduğum Sadıq müəllim idi. 

Hazırlıq kursundakılar arasında ən yaşlı abituriyent mən olduğuma görə idi, ya nəyə görəsə Kamil müəllim mənə daha doğma münasibət bəsləyirdi. Bir dəfə nə üçün indiyədək qəbul ola bilmədiyimi soruşdu. Kənddən Bakıya gələ bilməmə­yimin səbəbini danışdım və əlavə etdim ki, cəmi bir dəfə imtahan vermiş və bütün fənlərdən qiymət almışdım. Amma...

Sanki öz övladını ruhlandırırmış kimi ( sonralar yaxın qohumu Zəfər Əliyevdən öyrəndim ki, bu gözəl insanın övladı yox imiş) əlini çiynimə qoydu və ürək-dirək verdi: “Beş il kolxozda işləyəndən son­ra ali təhsil almaq istəyi səni kənddən Bakıya gətiribsə, ilk dəfə iştirak etdiyin imtahanların hamısından qiymət ala bil­misənsə, bu, artıq istək yox, ali təhsil eşqidir. Mən inanıram ki, sən qəbul olu­nacaqsan və hansı fakültəni bitirsən də, yaxşı mütəxəssis olacaqsan”. Universitet müəlliminin bu sözlərini eşidən uşaqların hamısı çevrilib mənə baxırdılar. O anlar­da elə bildim ki, həqiqətən, ali məktəbə qəbul olunmuşam. Sonra o, mənim ha­zırlaşmağıma ən yaxın doğma adam kimi xüsusi kömək edirdi. 

Hazırlaşdıq və sonrakı il imtahanlar ərəfəsində eşitdim ki, Bakı Dövlət Uni­versiteti partiya komitəsinin katibi, pro­fessor Aslan Aslanovu İncəsənət İnstitu­tuna rektor təyin ediblər. Söz yayıldı ki, İncəsənət İnstitundakı imtahanları BDU-nun müəllimləri qəbul edəcəklər. Həm də Mərkəzi Komitə əməkdaşlarının iştirakı ilə. Mən dərhal sənədlərimi həmin insti­tutun mədəni-maarif fakültəsiunə verdim və Allaha yalvardım ki, qəbul imtahanına Kamil Əliyev də gəlsin. Gəlmədi. Dil-ədə­biyyat imtahanımızı BDU-nun professor­ları Pənah Xəlilov və Əkbər Ağayev qəbul etdilər. Orada qəbul imtahanı verdiyimiz isti yay günlərində institutun dəhlizlərində qara kostyumlu adamların görünməsi isə “Mərkəzi Komitə” söhbətinin şayiə olma­dığının sübutu idi. 

Aradan iki il keçəndən sonra Kamil müəllimi metronun “Bakı Soveti” stansi­yasının qarşısında uzaqdan gördüm və əmimin, dayımın yanına gedirmiş kimi özümü sevincək ona çatdırdım: “Kamil müəllim, mən qəbul olunmuşam, ikinci kursdayam”. “Hansı fakültəyə?”- deyə soruşdu. Vəziyyəti danışdım. Sevindiyini xüsusi bir şəkildə ifadə etdi ki, BDU-ya qəbul oluna bilmədiyimə görə pərt ol­mayım: “Mən bilirdim ki, sən qəbul olu­nacaqsan. Amma elə oxu ki, istədiyin ali məktəbə qəbul olunmamağının peşman­çılığını çəkməyəsən”. 

... 1994-cü ilin payızı idi. Onda mən artıq üç ildən çox idi ki, dövlət radiosun­da çalışırdım. Xəbər gəldi ki, Yardımlı rayonunda professor (o, 1991-ci ildən professor idi) Kamil Əliyevin əlli illiyi qeyd olunur və oraya dəvət olunan jurnalistlər arasında... mən də var idim. Sadəcə, Al­lah düzümü idi. Məni o siyahıya kim yaz­mışdısa, bilmədim. Getdik. Kamil müəlli­mi Yardımlıda – rayon icra hakimiyyətinin həyətində gördüm. Təbrik etdim: “Kamil müəllim, istədiyim ali məktəbə qəbul olunmasam da, sizin universitetin mə­zunları ilə birlikdə işləyirəm”. “Mən bilən, sənə bunu kimsə şox əvvəllər demişdi” – deyə gülümsündü. 

Elə bu yerdə rəhmət oxumaq istədi­yim digər iki nəfəri də xatırladım. Onların biri Yardımlı Rayon İcra Hakimiyyətinin 1994-cü ildəki başçısı Əli Quliyev idi. O, iki gün Bakıdan gələn qonaqların ya­nından ayrılmadı. Səhər yeməyində də, naharda da, şam yeməyində də Kamil müəllimin yanında oturdu. Həm rayon mərkəzində, həm də professorun doğu­lub böyüdüyü Perimbel kəndindəki təd­birlərdə Kamil müəllimin tərcümeyi-halını və yaradıcılığını heç bir qeydə-kağıza baxmadan elə danışdı, təqdim etdi ki, sanki özü haqqında danışırdı. 

Rəhmətlə yad etmək istədiyim o biri ziyalımız isə universitetin professoru Fi­ruz Sadıqzadə idi. Bu zəif bədənli, çəlim­siz insan Perimbel kəndindən Ərdəbilə– doğulub böyüdüyü şəhərə baxanda ipin üstünə sərilmiş cib dəsmalı kimə əsir, titrəyirdi. Firuz müəllim dağın zirvəsindən Ərdəbilə baxanda soruşdu ki, Kamil, bu­radan Ərdəbilə neçə kilometr olar? Ca­vab verdilər. “Kamil, sağ ol ki, məni bura gətirdin” – dedi və göz yaşlarını sildi. Sonra bu hal eynilə üç-dörd dəfə təkrar olundu. 

Perimbeldən Yardımlıya qayıdanda isə Firuz müəllim Allaha yalvardı ki, kaş bu cavanlar Ərdəbili, Təbrizi, Urmiyanı görə bilsinlər!

Allah mənim üçün Firuz müəllimin Təbrizi, Ərdəbili, Urmiyanı görmək arzu­sunu da çin etdi. 

Hər üçünə min dəfələrlə rəhmət oxu­muşam. Yeri gəlmişkən, gələn ilin bu günlərində mənim ali məktəbdəki ilk müəllimim Kamil müəllimin 80 yaşı ta­mam olacaq. Sağlıq olsun, o vaxt daha yaxşı bir yazı hazırlayarıq. İnşallah!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
XQ

Mədəniyyət