Ədəbiyyatımızın türk dostu Bakıda

post-img

Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, “Türk ədəbiyyatı dərgisi”nin baş redaktoru, araşdırmaçı-yazar İmdat Avşar illərdən bəri gözəl əsərlər yazmaqla bərabər, Azərbaycan türkcəsindən sanballı çevirmələr edərək yazıçı və şairlərimizi qardaş Türkiyədə daha yaxından tanıdır. AYB-nin Natəvan klubunda yazıçı ilə keçirilən görüşdə bu barədə geniş söhbət açıldı. 

“Qobustan” jurnalının baş redak­toru Pərvin Nurəliyeva giriş sözündə İmdat Avşar yaradıcılığının özünəməx­sus xüsusiyyətlərindən, onun çoxşaxəli fəaliyyətindən, o cümlədən, Qarabağ həqiqətlərinin beynəlxalq ədəbi müstə­viyə çıxarılmasında mərhum deputat Qənirə Paşayeva ilə birgə reallaşdırdığı “Qarabağ hekayələri” layihəsindən ətraflı bəhs etdi.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları Azərbaycan sevdalı yazar, tanınmış ziyalı, ədəbiyya­tımızın yorulmaz təbliğatçısı İmdat Afşa­rın ədəbi və ictimai-mədəni sahədə uğur­larından söz açdılar, ona sənət yolunda yeni nailiyyətlər arzuladılar. 

Görüşdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri İmdat Afşar yaradıcılığından nümunələr səsləndirdilər və ona Azərbaycan–Tür­kiyə ədəbi əlaqələrinin perspektivləri, gələcək planları ilə bağlı suallar verdilər. 

İmdat Avşar Azərbaycan və Türkiyə xalqlarının ədəbi-məfkurəvi yaxınlığın­dan, tarixi əlaqəsindən danışdı. Qonaq türkdilli xalqların ədəbi-estetik və icti­mai-mədəni həmrəyliyinin bu birliyi şərt­ləndirən əsas amil olduğunu vurğuladı. O sonda Azərbaycan yazarlarının ədəbi nümunələrini Türkiyə türkcəsinə çevir­məkdən daim mənəvi zövq aldığını və bu fəaliyyətini bundan sonra da məsuliyyətlə davam etdirəcəyini söylədi. 

Ə.ƏLİYEV
XQ

Sosial həyat