Rasim Ocaqovun “Tütək səsi”nin tarixdən gələn əks-sədası

post-img

“Tütək səsi” Rasim Ocaqovun rejissor kimi ilk filmi olub. İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında çəkilmiş bu film 1976-cı ildə ekranlara çıxıb. SSRİ Dövlət mükafatına layiq görülən filmin ilk nümayişləri Moskvada və Berlində olub. Rasim Ocaqov bu filmdən sonra 12 bədii film çəkib, amma “Tütək səsi” ən çox sevdiyi film sayılır. 

Uzun illər operator işləyən, amma rejissor olmaq istəyən Rasim Ocaqov “Qatır Məmməd” filminin sınağından yenicə çıxmışdı. Hadisə belə olub. O zaman Hüseyn Seyidzadənin çəkdiyi “Gəncəbasarlı qisasçı” filmini sovet ki­nematoqrafiyasının rəhbərləri bəyən­məyiblər. Çəkiliş yarımçıq qalıb, Rasim Ocaqovu çağırıb təklif ediblər ki, al, bu film, bu da sən, öhdəsindən gəlsən, re­jissorluğa vəsiqə almış olursan. Rasim Ocaqov naəlac qalaraq ayrılan vəsa­iti xərclənmiş, kinematoqrafiya dili ilə desək, “yanmış” bir filmi çəkməyə başla­yıb. 40 günün içində tamamlanan “Qatır Məmməd” bəyənilib. Kinematoqrafçılar Rasim Ocaqovun öz adını “Gəncəba­sarlı xilaskar” qoyublar. 

İsa Hüseynovun “Tütək səsi” ssenari­si bundan sonra ona həvalə olunub. Ra­sim Ocaqov ssenarini oxuyub və özünün ifadə etdiyi kimi, görüb ki, mövzu ovcu­nun içindədir. Rejissor bunu sonralar belə xatırlamışdı: “Bütün hadisələr mənim ya­şadığım dövrdə baş verib. Özüm talonla çörək almışam. Qohum-əqrabam müha­ribədə olub, çoxusundan qara kağız gəl­diyinin gözlərimlə şahidi olmuşam.” 

Aktyorlar danışırlar ki, filmin çəkilişlə­rində Akif Məhərrəmli, Şamil Süleymanov kotanla yer əkə bilmirlər, Rasim Ocaqov kotanı onların əlindən alıb elə gözəl yer əkib ki, bütün çəkiliş qrupu heyran qalıb. Rejissor əsas rola artıq Qatır Məmməd obrazından sonra çox bəyəndiyi Şah­mar Ələkbərovu çəkmək istəyirmiş. Çə­kilişlər başlanan vaxt Şahmar Ələkbərov ağır xəstələnib. Rejissor “Qaraçı” filminin qəhrəmanı Mixay Volontiri baş rola dəvət edir. Obrazı səsləndirməyi isə Şahmar Ələkbərova həvalə ediblər. 

Tapdıq rolunun ifaçısı, tanınmış jurnalist Akif Məhərrəmli illər keçən­dən sonra bildirdi: 

– “Tütək səsi” mənim taleyimdə dərin iz buraxıb. Ssenarinin, rejissorun və ya­radıcı kollektivin sanbalına görə film çox güclüdür, həm də büsbütün Azərbaycan xarakterlidir. Çox məqamdan söz aça bilərəm, amma ən maraqlı olan ordakı yaradıcı qrup və ərsəyə gələn baxımlı bir filmdir.

Şamil Süleymanov (Cümrü) isə dedi: “Əvvəl çəkilmək istəmirdim, çünki Baladadaşdan sonra Cümrü olmaq istə­mirdim. Akif Məhərrəmlinin şəklini görən­də isə razılaşdım, sandım ki, məndən başqa onun qardaşını oynaya biləcək aktyor yoxdur. İsa Hüseynovla işləmək mənə çox şey öyrətdi. Unudulmaz anlar çoxdur. Axşamlar Məmmədrza Şeyx­zamanov üçün çay dəmləyirdik ki, gəlib bizimlə otursun, çünki tələbə idik, sənət söhbətlərinə böyük ehtiyacımız vardı. 

30 il sonra Nabranda dincələrkən ma­raqlı bir hadisə ilə rastlaşdım. Süd-qatıq aldığım qonşu məndən pul almırdı. Bir gün də həmin qonşuya süd dalınca ge­dəndə həyət qapısında balaca bir uşaq dedi: Cümrü əmi, atam dedi ki, siz gəl­məyin, biz özümüz süd-qatığı sizin evə gətirərik. Məlum oldu ki, filmdə Cümrü­nün tütək çaldığı epizod Qusarda həmin adamın evinin damında çəkilibmiş. 

Ssenari müəllifi İsa Hüseynov, adə­tincə, bütün çəkiliş günlərində yaradıcı qrupla birgə çəkiliş meydanlarında olub. İsfəndiyar kişinin çaldığı sazı İsa Hüsey­nov özü səsləndirməklə bərabər, Məm­mədrza Şeyxzamanova sazı necə tut­mağı da öyrədib. Həmin epizod 9 dubla çəkilib. 

Çəkilişlər Qusarın Anıx və Hil kəndlə­rində aparılıb. İsfəndiyar kişinin “Ruhani” havası çaldığı həmin epizodda kütləvi səhnələrdə çəkilən kənd camaatı ona qoşulub ağlayırmış. Çəkiliş vaxtı kənd camaatı bəzən hadisələrə elə aludə olur­muş ki, baş verənlərin film olduğunu unu­durmuşlar. 

Məsələn, Ötkəm İsgəndərovun (Nuru) dediyinə görə, Qılınc Qurbanla Cəbrayılın səhnəsində camaat Cəbrayı­lın əleyhinə çıxıb. Rejissor hər ehtimala qarşı çəkiliş meydançasına milis çağır­malı olub... 

Filmin bəstəkarı Aqşin Əlizadə, rəs­samı Elbəy Rzaquliyevdir. 

R.QURBANLI
XQ

Mədəniyyət