“Danışır və göstərir Bakı”

post-img

Teleradio auditoriyası bütün ölkəmiz olan ən böyük tribunadır 

Radio və televiziyanın həyatımıza daxil olmasından uzun illər keçsə də, “sehrli qutu” öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam edir. Respublikamızda radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də “Bakı” studiyası adı ilə efirə çıxıb. 

Sovet dövründə yalnız bir Azərbay­can televiziya və radiosu fəaliyyət göstə­rirdi. Sonralar əlavə olaraq bura “Araz” radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respubli­kamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. 

Ana televiziyamızın (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC) nəz­dində fəaliyyət göstərən iki müstəqil ka­nal – “İdman-Azərbaycan”, “Mədəniyyət” kanalları artıq tamaşaçılar tərəfindən ma­raqla izlənilir. O cümlədən, “Real”, ATV, İTV, “Xəzər”, “Space” televiziyalarının da öz auditoriyası formalaşıb. Gəncə, Zaqa­tala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələ­rində fəaliyyət göstərən televiziya kanal­ları öz işlərini günün tələbləri səviyyəsin­də qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də məhsuldar fəaliyyət göstərir. Bundan başqa, xaric­də azərbaycandilli televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri var. 

Son illərdə AzTV-nin maddi-texniki bazası xeyli dərəcədə dəyişib və mo­dernləşdirilib. Bütün studiyalar və mon­taj otaqları rəqəmsal avadanlıqla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Nəqliyyat vasitələri də yenilənib və müasirləşdirilib. Televiziya proqramları­nın Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyi­nin mütəxəssisləri teleqüllə kompleksin­də yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişlə­ri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.

Ötən illər ərzində AzTV-də mövzu dairəsi kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlar mü­şahidə edilir: “Vətənim Azərbaycan”, “Azərbaycan deyəndə”, “AzTV Xəbər", “Xəbərlər”, “Həftə”, “Region xəbərləri”, “İqtisadiyyat xəbərləri”, "Əsas məsələ", “Günə davam”, “Çöl adamı macəra ax­tarışında”, “Məmləkətim”, “Tarixin izi ilə”, “Döyüşçü”, “Obyektiv”, “Parlament saa­tı”, “Oxuyur Vətən”, “Türk dünyası”, “Mən azərbaycanlıyam”, “Görüş yeri” və s.

Son illər isə televiziyamızın tarixındə daha əlamətdar, şərəfli və yadda qalan oldu. 44 günlük möhtəşəm mübarizə­mizdə, torpaqlarımızın mənfur düşmən­lərdən təmizlənməsində igidlərimizin göstərdiyi qəhrəmanlıqlar barəsində ilk məlumatları məhz ana televiziyamız bizə çatdırırdı. Bu, danılmaz bir faktdır ki, həmin həyəcanlı günlərdə bütün gözlər AzTV-yə dikilmişdi. Zəfər xəbərini də bizə çatdıran məhz ana televiziyamız oldu. Şuşada, Xankəndidə üçrəngli bayrağımı­zın Ali Baş Komandanımız İlham Əliyev tərəfindən ucaldılmasını ana televizıya­mızdan həyəcanla izləmişik.

AzTV-nin studiyalarında maraqlı te­letamaşalar da çəkilib. “Zəfər günü” ilə əlaqədar müxtəlif sənədli film, veriliş və konsertlər lentə alınıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı müxtəlif sənədli filmlər, proqramlar nümayiş etdirilib.

Azərbaycan televiziya məkanının ən gənc mavi ekranı “Mədəniyyət” ka­nalıdır. Barlı-bəhrəli, qocaman bir ağa­cın – AzTV-nin çəmənində göyərən bu pöhrənin yenilikləri çoxdur. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə əks olunur. “Səhər çağı”, “Mədəniyyət xəbərləri", “Nəcib söhbətlər” , “Vətənim”, “Yadi­garlar”, “Saz-söz axşamı”, “Gerçəklər”, “Üçüncü zəng”, Bəhruz Niftəliyevin təq­dimatında “O” verilişi, “Yaşananlar” , “Qırmızı xalı”, “Danışan heykəllər” “Yada düşər xatirələr”, “Şərqilər”, “Kino evimiz­də”, “Ümid işığı”, “1895”, “Otuz ikidən biri” , “Köhnə televizor”, “Nağıl vaxtı” və s. verilişlər artıq tamaşaçıların diqqətini çəkib. Bu kanalda dünya kinosunun və musiqisinin ən dəyərli nümunələri təqdim olunur.

“İdman” telekanalı yarandığı gündən beynəlxalq və yerli yarışların, turnirlərin əksəriyyətini yayımlayır. İdmanın müxtə­lif növləri üzrə keçirilən yarışlardan canlı reportajlar, maraqlı proqramlar nümayiş etdirilir. Bu gün “İdman” gənclərin sevimli kanalına çevrilib. Bu kanalın yayım hü­dudu təkcə bölgələrimizi deyil, Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini əhatə edir. "İdman" telekanalı idmanın bütün növlərinin təbliğində mühüm rol oynayır. Kanalın səhər verilişi isə tama­şaçıları hər səhər idmana səsləyir.

Bir məsələni də xüsüsi qeyd etmək lazımdır ki, Qərbi Azərbaycanla bağlı AzTV-nin hər üç kanalında müntəzəm olaraq mütəlif verilişlər filmlər, süjetlər, reportaşlar, xəbərlər, videoçarxlar hazır­lanaraq tamaşaçılara təqdim olunur.

Televiziyada aparılan islahatlar radi­oda da müşahidə edilir. Milli radiomuz tam şəkildə kompüterləşməyə və servis xidmətinə keçib. Azərbaycan radiosunun “Lirika dəftərindən”, “Bulaq”, “Muğam sa­atı”, “Elm və həyat”, “Radio teatrı” kimi proqramları neçə nəslin sevimlisi olub.

Bir məsələni də qeyd etmək lazım­dır ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC həmişə dövlətçiliyin, milli-mənəvi dəyərlərin keşiyində daya­nıb. Təqdim etdiyi verilişlər əxlaqımıza, mənəvi dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə söykənib. Yüngül şou­lardan, şit, zövqsüz söhbətlərdən uzaq olub. Maarifçilik əsas ideyasıdır. Elə bu uğuruna görədir ki, AzTV fəaliyyət göstərdiyi illər ərzində “Avropa keyfiyyəti” medalına layiq görülüb. Eləcə də Avropa Biznes Assambleyası Azərbaycan tele­viziyasına “Teleradio yayım sahəsində ən yaxşı şirkət” mükafatını təqdim edib. Burada çalışan əməkdaşlar müntəzəm olaraq dövlət tərəfindən müxtəlif müka­fatlara, fəxri adlara, Prezident təqaü­dünə, orden və medallara layiq görülüb, mənzillə təmin olunublar.

Əlbəttə, bütün bu nailiyyətlərin qaza­nılmasında televiziya rəhbərliyinin, yara­dıcı heyətin xüsusi əməyi var. Son illər­də aparılan islahatlar öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün də xoşdur ki, ana televiziyamız öz ənənəsinə sadiqli­yi ilə seçilir, milli-mənəvi dəyərlərimizin təbliğində yorulmadan axtarışlar aparır. Təqdim olunan hər bir verilişdə dilimi­zin saflığı qorunur, maarifçilik aşılanır, vətənpərvərlik amalı tamaşaçının ruhuna hopur.

Bu il radiomuzun 97, televiziyamızın isə 67 yaşı tamam olur. Bu münasibətlə bütün elektron KİV-də çalışan həmkarla­rımızı təbrik edir, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayırıq. 

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist



Mədəniyyət