Azad edilmiş ərazilərdə sənayenin dirçəldilməsinə bu şəhərdən başlanıb
Nəzarət-buraxılış məntəqəsində sənədlərimiz yoxlanıldıqdan sonra yolumuza davam edirik. Yol boyu düşmənin qazdığı səngərlər, mühəndis istekam qurğuları, müşahidə məntəqələri və s. diqqətimizi çəkir.
Yolun hər iki tərəfində üzərində “Təhlükəlidir. Mina!” yazılı qırmızı rəngdə üçbucaq formasında lövhələr diqqət çəkir. Onların sayı o qədər çoxdur ki, hətta istehkamçılar minatəmizləmə işində çətinlik çəkirlər. Bu ərazini təhlükəli edən səbəblərdən biri də müxtəlif təyinatlı minaların bir yerdə basdırılmasıdır. Məsələn, piyada əleyhinə minanın üzərinə tank əleyhinə mina düzüblər. Onu çəkən vaxt altdakı mina da işə düşür. Çünki bu iki mina tələ məftili ilə bir-birinə bağlı olur. Bir minanı zərərsizləşdirən vaxt digər mina partlayır.
Bir az öndə, Ağdama gedən yolun sağ tərəfində diqqətimizi mexaniki minatəmizləyən maşın və onun işini uzaqdan izləyən iki nəfər çəkdi. Onlara yaxınlaşdıq. Məlum oldu ki, minatəmizləyən maşını uzaq məsafədən idarə edən operatorlardı. Zahid Hüseynov bildirdi:
– Düşmən ağla gəlməyən yerlərə belə minalar, tələ-sürprizlər qoyub: Yolların kənarları, cığırlar, ehtimal olunan keçid yerləri, evlərin xarabalıqları. Hazırda yolun ətrafında minatəmizləmə əməliyyatı həyata keçiririk. Avtomobil yolu və onun kənarları tam təmizlənməlidir ki, kommunikasiya xətləri çəkilsin. Uzaqdan idarə etdiyimiz bu minatəmizləyən maşın “Bozena-5” adlanır və Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib. Minalardan təmizlənmə dərinliyi 300–350 mm-ə qədər olan texnikanın hər birinin qiyməti isə 1,5 milyon dollardır. Onun köməyilə bugünədək infrastrukturun qurulduğu xeyli ərazini minalardan təmizləmişik.
Əvvəl yol, sonra quruculuq
Ağdam şəhərinə Bərdə–Ağdam dəmir yolu xəttini keçib daxil oluruq. Bu dəmir yolunun inşası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən yerinə yetirilir. Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb. Bu onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən olan Bərdə–Ağdam dəmir yolunun inşası yekunlaşmaq üzrədir. Dəmir yolu xətti Ağdam Sənaye Parkının yaxınlığından keçir. Ərazidən keçəcək digər infrastruktur Bərdı–Ağdam yoludur. Onun da tikintisi yekunlaşmaq üzrədir. Uzunluğu 44,5 kilometr olan avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdırılıb.
Ümumilikdə, layihə üzrə nəzərdə tutulan işlərin 90 faizindən çoxu icra edilib. Yolun tikintisinin yaxın müddətdə başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə də cəlb olunub. Bu yolun davamı olan Ağdam–Füzuli avtomobil yolunun inşası da davam edir. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam–Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir.
Biz Ağdamda olanda yolda torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilirdi. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılırdı. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyünün döşənməsi işləri görülürdü. Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Rayon ərazisində inşası davam edən avtomobil yollarından biri də Ağdam–Hindarx–Ağcabədi yolunun Ağdam–Hindarx hissəsinin yenidən qurulmasıdır. Biz Ağdama bu yolla gəldik. Yolda işlərin çox hissəsi görülüb, bir hissəsi asfalt örtüyünün çəkilməsi üçün hazırdır. Əminik ki, tezliklə bu işlər də görüləcək və yol sakinlərin istifadəsinə veriləcək.
İnfrastruktur layihələrinin istifadəyə verilməsi isə regionun iqtisadi inkişafına böyük zəmin yaradacaq, məskunlaşma zamanı əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq. Qarabağın inkişafına xidmət göstərəcək bu yeni yollar, həm də Azərbaycanın quruculuq əzminin göstəricisidir. Ən əsası bu yolların hər biri dövlətimizin gücünü, potensialını, Prezident İlham Əliyevin qətiyyətini və siyasi iradəsini təcəssüm etdirir. Təbii ki, həyata keçirilən layihələr son deyil, çünki şəhər və kəndlərimiz bərpa olunduqca yerli və məhəlli əhəmiyyətli yeni yollar inşa ediləcək.
Müasir sənaye mərkəzi yaradılır
Dəmir yolu xəttini keçdikdən sonra gördüyümüz mənzərə bizdə ikili duyğu yaratdı. Bir tərəfdə dağıdılmış, divarları, pəncərələri sökülmüş və ya torpağa qarışmış binalar, ot və kol basmış küçələr, digər tərəfdən isə tikilməkdə olan yaşayış komleksləri, sənaye müəssisələri, infrastruktur, inzibati binalar, sosial obyektlər. Həm qan donduran, həm də qürur verən mənzərə.
Yaxınlıqdakı Ağdam Sənaye Parkı da diqqətimizi çəkdi. Bu, Qarabağda salınan ilk sənaye parkıdır. Bəs bu məqsəd üçün niyə Ağdam seçilib? Çünki Ağdam Qarabağın giriş qapısıdır. Onun regiondakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov dedi:
– Dövlət başçısının müvafiq fərmanlarına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 hektar ərazidə isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sözügedən sənaye parklarının yaradılmasnda məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Buranın coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Sözügedən sənaye parkına sahibkarlar tərəfindən maraq böyükdür. Hazırda Ağdam Sənaye Parkının 19 rezidenti və 6 qeyri-rezidenti var. Bu investorlar tərəfindən sənaye parkına 176 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər tərəfindən inşası davam etdirilən ilk müəssisənin 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılır. Sənaye parkına 12 milyon manata yaxın investisiya yatırılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi olaraq rezidentlərə onların qeydiyyata alındıqları andan etibarən həm təşkilati dəstək (Bir pəncərə, Texniki şərtlərin, xüsusi icazələrin və lisenziyaların alınması; Məsləhət və təlim xidmətləri; Yerli hakimiyyət orqanları və iş adamları ilə görüşlərin təşkili) həm də infrastruktur (elektrik enerjisi təchizatı, təbii qazla, içməli və texniki su ilə təminetmə, daxili avtomobil və dəmir yolu xətlərinin çəkilməsi, fiber optik və s.) dəstəyi göstərilir. İlkin olaraq onların layihələrinin əsaslandırılması onların aidiyyəti dövlət orqanları ilə razılaşdırılması, tikinti icazələrinin alınması “Bir Pəncərə” sistemi altında tez bir zamanda həll edilir.
Elçin Kazımovun sözlərinə görə, Ağdam Sənaye Parkında artıq mobil şəhərcik salınıb, infrastrukturun qurulması istiqamətində işlər görülür:
– Artıq Ağdam Sənaye Parkında rezidentlərdən bir çoxu – “Eos Qrup” MMC (qaz beton istehsalı müəssisəsi), “Qarabağ Steel” MMC (boru və qutu profillərin istehsalı müəssisəsi), “BAFCO İnvest” MMC (müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi), “Mister Decor” MMC (divar kağızlarının istehsalı müəssisəsi), “Metkons” MMC (havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı müəssisəsi), “Rail Trans Service” MMC (müxtəlif növ dəmir yolu avadanlıqlarının istehsalı müəssisəsi), “Dadaş-N” MMC (müxtəlif çeşiddə sintetik xalçaların istehsalı müəssisəsi) – tikinti işlərinə başlayıblar. Digərlərində isə layihələndirmə işləri görülür. Həmçinin Sənaye Parkında inzibati binanın, yarımstansiyanın tikintisi işləri aparılır. Bundan başqa. Parkın artıq 1 qeyri-rezidenti “Yüksəl Beton” QSC-nin beton istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.
Elçin Kazımov bildirdi ki, Ağdam Sənaye Parkında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla – qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber optik xətlərlə təmin edilirlər. Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Bura sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə edilən bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak edilən kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.
Ərazidə sosial obyektlər də yaradılıb və orada işləyən işçilərin istifadəsinə verilib. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza və aptek yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankların bankomatları quraşdırılıb. Sənaye parkının ərazisində işçilər üçün yeməkxana fəaliyyət göstərir. Burada onlara gündə cəmi 12 manata 3 dəfə yemək təklif olunur.
Elçin Kazımov dedi:
– Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması isə Qarabağda sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur.Bu, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəzləyən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Bu müəssisələrdə açılacaq yeni iş yerləri Ağdam əhalisinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını alacaq.
Yaşayış kompleksləri tikilir
Ağdam Sənaye Parkında müəssisələrin işə düşməsi işçilərə tələbatı artırır, keçmiş məçburi köçkünlərin məskunlaşdırılmasını gündəmə gətirir. İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dedi:
– Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın 2023-cü ilin sonunda başlanacağı nəzərdə tutulur. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır. Onların məskunlaşması məqsədilə yaşayış komplekslərinin tikintisi davam edir. Birinci yaşayış komleksi Ağdam Sənaye Parkının yaxınlığında yerləşir. Bu yaşayış komleksində olduq. 6 binadan ibarət kompleksdə tikinti işlərinin 2023-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Biz ərazidə olarkən yaşayış kompleksində qızğın iş gedirdi. Məlum oldu ki, ilk yaşayış komplekslərini özəl şirkət tikir. “PMD Group” MMC tərəfindən tikilən “Ağdam Rezidens” yaşayış kompleksi, ümumilikdə, 209 mənzildən ibarətdir.
Kompleksin birinci mərtəbələri ticarət və iaşə obyektəri üçün nəzərdə tutulub. Burada ziyarətçilərin rahatlığı üçün hər cür şərait yaradılır. Ailələrin alış-veriş və asudə vaxtlarını birlikdə keçirə biləcəyi qonaqpərvər və inklüziv mühit təmin ediləcək, yeraltı parkinq xidməti göstəriləcək. Bu yaşayış kompleksi Ağdam şəhərinin yenidən qurulması, abadlaşdırılması və inkişafının təmin olunması istiqamətində öz əvəzsiz töhfəsini verəcəkdir.
Özəl sektor daha bir layihənin həyata keçirilməsində iştirak edir. Hazırda “Park Hill” şirkəti tərəfindən “Park Qarabağ» yaşayış kompleksinin inşası davam edir. Bu kompleksin layihələndirilməsi Azərbaycanın “Azərbaycan inkişaf”, ABŞ-ın “Gensler” və Türkiyənin “URAL mühəndislik” şirkətləri tərəfindən həyata keçirilib. “Park Qarabağ” yaşayış kompleksi də şəhərin mərkəzində, məscidin və gələcəkdə salınacaq mərkəzi parkın yaxınlığında inşa edilir. Eyni zamanda, yeni tikilən bina Ağdam–Bərdə yolunun üstündə yerləşir. Layihənin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hazırda qeyd olunan yaşayış komplekslərinin mənzilləri satışa çıxarılıb. Əldə olunan gəlir digər yaşayış binalarının tikintisinə yönəldiləcək.
Ərazidə daha 2 yaşayış kompleksinin də təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2-ci və 3 yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib. Bizə bildirdilər ki, 2-ci yaşayış məhəlləsinin ümumi sahəsi 14 hektara yaxındır. Yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş Planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında, ümumilikdə, 1268 mənzil olacaq.
Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi vasitəsilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.
Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin tikintisi də davam edir. Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239 mənzil olacaq. Tezliklə şəhər ərazisində digər yaşayış komplekslərinin tikintisinə də başlanacaq. Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq.
Emin Hüseynov dedi ki, şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub. Əhalinin yalnız 30 faizi fərdi evlərdə yaşayacaq. Bunun üçün 1750 fərdi ev nəzərdə tutulub. Qalan 70 faizi isə binalarda yaşayacaq. Bu məqsədlə isə 23 min mənzil olacaq.
Beləliklə, Ağdamın təsdiq olunmuş Baş Planına uyğun olaraq şəhərin mərhələli şəkildə tikintisi davam etdirilir. Aparılan işlər göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək. Eyni zamanda şəhərdə sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Yenidənqurma işləri zamanı milli memarlıq elementlərindən istifadə ediləcək. Sakinlər rahat evlərdə yaşayacaqlar.
Pünhan ƏFƏNDİYEV
XQ
Bakı–Ağdam–Bakı




