“Qorqud əfsanəsi” Azərbaycan səhnəsində

post-img

Türksoy teatr festivalı

TÜRKSOY-un I Beynəlxalq Teatr Festivalı tədbiri çərçivəsində Türküstan (Qazaxıstan Respublikası) Musiqili Dram Teatrının iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ermek Amanşayevin “Qorqud əfsanəsi” tamaşası nümayiş olunub.

Plastik quruluşda səhnələşdirilmiş tamaşa türk dünyasının mənəvi atası sayılan Qorqud irsinə və qədim türk­lərin əsas musiqi aləti olan qopuza hörmətin nümayişidir. Müasir xoreoq­rafiyaya malik tamaşa Qorqudun dün­yaya gəlişi, ilk gündən zülmət və vəhşi təbiətlə müşayiət olunması ilə başlayır. Qorqud yuxuda insanların ona qəbir qazdıqlarını görür. Bu kabusdan xi­las olmaq üçün Zelmaya adlı dəvə­sinə minərək uzaq diyarlara üz tutur. Lakin ölüm mələyi cildinə girən Pəri Martunun kölgəsi onu rahat buraxmır, qarabaqara izləyir. İnsanların xoşbəxt yaşadığı müqəddəs Zeruyik vadisinin axtarışına çıxan Qorqud axırda Sır­dərya çayı sahilində yerləşən dogma yurduna geri qayıdır. Məşəqqətli keçən səyahəti ona həyatın əbədi, insan ta­leyinin isə müvəqqəti olmasını öyrədir. O, həyatın vacib missiyasını qopuzun füsunkar melodiyaları vasitəsilə insan­lara xidmət etməkdə görür. 

Tanrının varlıqların həyatındakı rolu, müasir dünyada həqiqi incəsənət mövzusu tamaşanın əsas məğzini təş­kil edir. Səhnə əsərinin müəllifi Ermek Amanşayev, xoreoqraf ustası və direk­toru Konstantin Semenov, bəstəkarı Xamit Şangaliyevdir.

Rolları aktyorlar Elaman Abdikalyk, Farxat Sadvokassov, Akylai Sydygalie­va, Malika Minizini, Rustam Şaikhov, Sakai Mao və digərləri ifa edirlər. 

Qeyd edək ki, Azərbaycan Respub­likasının Mədəniyyət Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 və TÜRKSOY təşki­latının 30 illiyi münasibəti ilə keçirilən festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Mu­siqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Te­atrının kollektivləri iştirak edirlər.

Fidan SALMANOVA
XQ

Mədəniyyət