Yaxın Şərq: Qaçqın düşərgəsində partlayış

post-img

Oktyabrın 31-də Qəzzanın şimalındakı Cəbəliyyə qaçqın düşərgəsinə endirilən hava zərbələri nəticəsində azı 100 nəfər həyatını itirib. Ərazidəki çox sayda binalar dağıdılıb. Yaralıların da çox olduğu qeyd olunur. Məlumatı BBC yayıb.  

İsrail hökuməti bu əməliyyatı dinc sakinləri deyil, yaraqlıları məhv etmək niyyətilə həyata keçirdiyini bildirib. Təl-Əviv rəsmisi vurğulayıb ki, Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın girov saxladığı azı 7 nəfər ölüb. 

Görünən budur ki, qurunun oduna yaş da yanır. Ərazidə orta hesabla bir terrorçunun məhv edilməsi bəzən dəfələrlə çox dinc sakinin həyatı bahasına başa gəlir. Bu amil hər bir sağlam düşüncəli insanı narahat edir. 

Qlobal media hər gün, hər saat Qəzzadan bir-birindən kədərli rəqəmləri yaymaqla məşğuldur. İsrail Müdafiə Qüv­vələri son 24 saat ərzində Qəzza ərazisindəki tank əleyhinə və yeraltı raket buraxılış sistemləri, həmçinin HƏMAS-ın yeraltı tunellərindəki hərbi komplekslər də daxil olmaqla, 300-ə yaxın hədəfi vurduğunu bildirib. 

Hazırda İsrail əsgərləri və tankları Qəzzada hərbi mövcudluğunu genişləndirərək Qəzzanın şimalına doğru irəliləyirlər. Təl-Əviv hər vəchlə bu ərazini yerli sakinlərdən təmizləməyə çalışır. Artıq yüz minlərlə sakinin evlərini tərk etdiyi bildirilir. Fələstinli köçkünlərin bir qismi Qəzza şəhəri ətrafına toplaşıb. Onların çoxunun zəruri ərzaq və dərman ləvazimatlarına kəskin ehtiyacı yaranıb. 

Məlumdur ki, HƏMAS-ın Qəzza zolağının altında geniş tunel şəbəkələri mövcuddur və burada silah, ərzaq və digər ləvazimatları saxladığı güman edilir. İsrail HƏMAS-ı mülki binalardan sipər kimi istifadə etməkdə ittiham edir və bildirir ki, təkcə dünən sutka ərzində İsrailin aviazərbələri nəticəsində HƏMAS-ın bir neçə yaraqlısı öldürülüb. İsrail, həmçinin Qəzza zolağının şimalında iki əsgərinin həlak olması ilə bağlı məlumat verib.

Dünən HƏMAS-ın nəzarətində olan Qəzzada Fələstin Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, hava hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla, 8300-dən çox insan həlak olub. Bəzi mənbələr, bu rəqəmin daha böyük olduğunu iddia edirlər. İsrail tərəfdən isə azı 1400 vətəndaşın həyatını itirdiyi bildirilir. 

Bəli, Yaxın Şərqdə son həftələr ərzində barışmaz düşmənçilikdən qaynaqlanan vəziyyət olduqca ağır, kritik həddə çatıb. Dünya liderləri rəsmi Təl-Əvivi hərbi əməliyyatları dayandırmağa çağırırlar. Lakin üfüqdə sülh işartıları görünmür. Dünən İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında atəşkəs elan edilməsi çağırışlarını rədd edib.

Netanyahu mətbuat konfransında deyib ki, atəşkəs çağırışları “İsrailin ­HƏMAS-a təslim olması, terrora və barbarlığa yenilməsi çağırışlarıdır. Bu, baş verməyəcək, Bu gün İsrail üçün müharibə vaxtıdır. 

Baş nazir, həmçinin, HƏMAS-ın ok­tyabrın 7-də qəfil hücumunun ölkə kəşfiyyatı tərəfindən önlənməməsi ilə əlaqədar artan istefa çağırışlarını da rədd edib. O, ölkəsinin HƏMAS-ın hərbi və siyasi potensialını sistemli şəkildə məhv etməkdə qərarlı olduğunu bildirib. 

İsrail hökumətinin başçısı birinci mərhələnin HƏMAS yaraqlılarının  hücumunun dayandırılması, ikinci mərhələnin isə hava zərbələrindən ibarət olduğunu deyib. Netanyahu Qəzzada əməliyyatın üçüncü mərhələsinin başlandığını bildirib.

“Üçüncü mərhələ Qəzza zolağına qurudan hücumun genişləndirilməsidir. İsrailin Müdafiə Qüvvələri bunu ölçülmüş, qətiyyətli, sistematik şəkildə addım-addım hərəkət edərək edir”, - deyə Netanyahu bildirib.

Dünən İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari isə açıqlayıb ki, hazırda Qəzzanın şimalında yerüstü hərbi əməliyyatların miqyası genişlənməkdə davam edir. O, eyni zamanda, İsrail hərb­çilərinin Livandakı “Hizbullah” hərəkatının infrastrukturuna aviazərbələr endirdiyi barədə məlumat verib. 

Bundan əlavə, İsrail ordusu İordan çayının qərbində yerləşən Ramallah şəhəri yaxınlığındakı Arura qəsəbəsində HƏMAS sözçüsü Saleh Əl-Aruriyə məxsus evi dağıdıb.

Bu arada Misir hökumətinin Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığında tank və zirehli texnika yerləşdirdiyi barədə xəbərlər yayılıb. “Times of Israel” nəşri yazır ki, keçid məntəqəsində ağır hərbi texnikanın görünməsi Qahirənin on minlərlə fələstinli qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.

Xatırladaq ki, “Rəfah” Misirlə Qəzza zolağı arasında yeganə sərhəd keçid məntəqəsidir. Nə Misir, nə də İordaniya fələstinli qaçqınları qəbul etmək istəyir. Bu məqam ərəb dünyasının narazılığına səbəb olur. 

HƏMAS ilə İsrail arasında buvaxtadək görünməmiş gərginliyin eskalasiyası Ankaranı, əlbəttə, ciddi narahat edir. Türkiyə rəsmiləri dəfələrlə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacib olduğunu vurğulayıblar. Qardaş ölkə bu istiqamətdə diplomatik səylərini günbəgün artırır. 

Yeri gəlmişkən, dünən Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş olub. Diplomatlar bir çox ikitərəfli və regional məsələləri, xüsusilə Qəzzadakı gərgin durumu və ondan çıxış yolalrını geniş  müzakirə ediblər.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında nazirlər Yaxın Şərqdəki durum barədə fikir mübadiləsi apardıqları açıqlayaraq  İsrail rəsmilərini, eləcə də Qərb dövlətlərini regionda gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırıblar. 

Ankara təkcə sözdə deyil, əməldə də iş görür. Belə ki, Türkiyə dövləti növbəti dəfə Qəzza sakinlərinə humanitar yardım göstərmək əzmindədir. Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə bildirb ki, Türkiyə yaxın günlər ərzində Qəzza üçün “Rəfah” sərhəd məntəqəsinə yaxın ərazidə və Misirin “Əl Ariş” hava limanında 20 səhra xəstəxanası quracaq. 

F.Koca, həmçinin qeyd edib ki, Ankara özünün Aralıq dənizindəki “gəmi xəstəxanası”nın da Qəzza sahillərinə göndərilməsi üçün icazə gözləyir. Bir çox ərəb ölkələrinin ziyalıları bildirirlər ki, onların dövlətləri bu taleyüklü günlərdə Türkiyənin qətiyyət və prinsipiallığından nümunə götürsəydilər yaxşı olardı. 

Yeri gəlmişkən, HƏMAS-İsrail müharibəsi BMT-nin nə qədər “dişsiz” bir quruma çevrildiyini bir daha üzə çıxardı. Belə ki, oktyabrın 21-dən bəri BMT Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə qəbul etmək üçün bir neçə dəfə toplaşsa da, dünya diplomatları hələ də konsensusa gələ bilməyiblər. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur!

 

Məsaim ABDULLAYEV 
XQ

 



Dünya