Ərzurum – Anadolunun Qafqaz qapısı

post-img

I Yazı

Gürcüstandan Türkiyənin məşhur və qədim şəhərlərindən olan Ərzuruma – azərbaycanlılar üçün tarixən yaxın və doğma olan bu diyara Türkközü gömrük məntəqəsindən də getmək olardı. Amma qardaş ölkənin su anbarları və tünellər məskəni kimi tanınan Artvin, Ərdahan bölgələri haqqında eşitdiklərim məni bu yerlərdən keçib getməyə həvəsləndirdi. Ərzurumadək gördüklərim gerçək bir nağılın səhifələri oldu.

Ərzuruma gedən yollar

Hopa – Artvin yolu boyunca Çoruh çayı üzərindəki Muratlı, Borçka, Dərinər, Yusifeli və Artvin bəndləri yaratdığı gözəlliklərlə yanaşı, bu yerlərdə qurulmuş su elektrik stansiyaları ilə də ölkə üçün önəmlidir. “Çoruh boyunbağları” adlandırılan bu SES-lərdə istifadəyə verildiyi gündən, ümumilikdə, 42 milyard 144 milyon kilovat-saat enerji istehsal edilib. Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də  açılışı olan Yusufeli su anbarı Türkiyənin ən böyük hidroqurğusudur. 275 metr hündürlüyü ilə dünyanın beşinci yüksək bəndində istifadəyə verilmiş elektrik stansiyası ölkə iqtisadiyyatına hər il 6 milyard dollar gəlir gətirir.  

Yol uzandıqca gördüklərim heyrətimi bir az da artırırdı. Artvin Türkiyədə Rizə və Trabzona görə daha az kəşf edilmiş, təbiət müxtəlifliyi baxımından isə daha zəngin bir bölgədir. Birinci Borçka tunelinə girəndə qərara aldım ki, keçdiyim tunelləri sayım. Uzunluğu ən azı 200 metrədək olan tunellərin sayını 25-dən sonra itirdim. Rahatca keçdiyim bu ikitərəfli tunellər yadıma Zəngəzur dəhlizini saldı.  Düşündüm ki, Naxçıvanı Azərbaycanla birləşdirən 40 kilometrlik məsafəni belə tunellərlə bir az da qısaltmaq olar.

Sonra oyrəndim ki, Qara dənizi Ərzuruma birləşdirən 150 kilometrlik avtomobil yolu üzərində  115  tunel inşa edilib. Demək olar ki, hamısı Artvin ərazisindədir. Bu tunellər arasında Canqurtaran keçidində inşa edilmiş və 2018-ci ildə istifadəyə verilmiş tunel ən uzunu və əhəmiyyətlisidir. Təkcə 5 min 228 metr uzunluğuna görə yox, həm də yolu 12 kilometr qısaltdığına və payız-qış mövsümündə aylarla bağlanan yolları tarixə qovuşdurduğuna görə bu tunel misilsizdir. 

Adından da göründüyü kimi, Canqurtaran tunelləri iki çıxış və iki girişi ilə bölgənin həyatına can verən “boru”ya bənzəyir. Bu tunel sıralamada Rizənin Ekizdərə ilə Ərzurumun İspir rayonları arasındakı inşa edilmiş Türkiyənin 1-ci, dünyanın 3-cü ən uzun 14,3 kilometrlik Ovit tunelindən sonra yer alır. Hopa – Ərzurum yolundakı 115 tunelin ümümi uzunluğu isə 56 kilometrdir. Nəhayət ki, bu uzun tunelləri və Yusifeli, Uzundərə, Ağbaba... daha sonra isə  Tortum və Gözəlobanı keçib Ərzuruma çatdım. 

Min illərin Ərzurumunda 2 gün

Yüz illər əvvəl Aşıq Kərəmdən, ötən əsrin 80-ci illərində isə şair Məmməd Aslan Ərzurumun qarlı-çovğunlu gədiyini aşıb mənzilə yetişmişdilər. Onlardan sonra həmin yolu keçmək, Ərzurumu görmək mənim üçün də xoş bir arzu idi. Lakin daha üstün hədəfim Türk dünyasının bu məşhur  şəhərdə yaşayıb-işləyən tanınmış ziyalısı Əli Kafkasiyalı ilə görüşmək, bu ulu şəhərlə onun bələdçiliyi ilə tanış olmaq, alim dostumla bir çox önəmli mövzularda söhbətlərimizi davam etdirmək idi. 

Bu məşhur elm adamı ilə tanışlığımın cəmi bir illik tarixçəsi olsa da, onun Azərbaycana bağlılığının tarixi babalarının sovet dönəmində Qazaxdan Türkiyəyə köç etməsindən başlanır. O zamandan bu ailə üçün qucaq açan qoca Ərzurum minlərlə azərbaycanlı kimi onun üçün də Vətən olub. Bu barədə söhbət düşəndə dedi:

– Ərzurum taleyimdə, sadəcə, bir şəhər deyil, Vətəndir. Tarixin və dövrün qalası olan şəhərin ətrafında 50-dən çox  istehkamın izlərini nə ruzigarın qar-çovğunu, nə də zamanın haqsızlıqları silə bilib. Bu yadigarlar indi də tarixin tör-töküntüləri kimi yox, əzəmətli izləri kimi qalmaqdadır. Bu şəhər dörd bir yandan ətrafındakı 50 qala ilə qorunub. Şəhərin bu qədər ciddi qorunması həm də onun strateji əhəmiyyətinin, bütün Anadolunun qapısı olmasının təsdiqidir. Ərzurumun qorunması təkcə bir şəhərin deyil, bütün ölkənin düşmən işğalından qurtuluşu kimi dəyərləndirilib. Elə bu səbəbdən də Ərzurum  Anadolunun Şərqdən giriş qapısı olub.

Bizans, Səlcuqlular, Elxanilər, Osmanlılar dönəminin yadigarlarını və tarixi dəyərlərini qoruyan Ərzurum dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Bəlkə, buna görədir ki, iqlimi çox sərtdir, bu, insanların görkəmindəki ciddilikdən də sezilir. Soyuq Sibirlə müqayisə edilən Ərzurumda  ilin 70 – 80 günü qar yerdə qalır. Yay fəslində istilik 35 dərəcəyə çatır, qışda isə mənfi 30 dərəcəyə qədər azalır. Maraqlıdır ki, yayın cırhacırında Ərzurum otellərində kondisioner görmədim.  Dedilər ki, burada kondisionerli otel axtarmayın. Bunun səbəbini gecə yun örtüyə bərk-bərk bürünəndə anladım.

Tarixin kəşməkəşlərində müxtəlif sivilizasiyalardan keçmış  Ərzurum  türk-islam dəyərlərinə sadiqliyi ilə diqqətimi cəlb etdi. İstanbul,  İzmir, Bodrum, Antalya, lap elə Əskişəhər və Bursada gördüyüm ənənəvi Anadolu burada xeyli fərqli biçimdədir.  Mərkəzi Anadoludakı müasir qiyafəli türklüyü burada eyni şəkildə görmək olmur. Hətta o yerlədəki başıörtüsüz qadınlarla burada hər addımda rastlaşmaq olmur.

Cümhuriyyətin pərvazlandığı məkan

Ərzurumun gədiyini – Dәvәboynu aşırımını keçən kimi Ərzurum qalası ilə üz-üzə gəlirik. Qaladan geniş bir vadiyə gedən yollar və sakitcə uyuyan Ərzurum ovuc içində imiş kimi görünür. Dəfələrlə əldən-ələ keçən şəhəri və ətraf bölgələri Birinci Dünya müharibәsi dövründә yenidən rus və erməni silahlı dəstələri işğal edib vә 1917-ci ilin yayınadәk bu yerlər düşmən әlindә qalıb. Ərzurumun işğalı ilə bölgədəki erməni qüvvələr xeyli möhkəmlənib və buradan ətrafdakı müsəlman əhaliyə qarşı hücumları genişləndiriblər. Dəhşətli hadisələr, amansız türk qırğınları bir-birini əvəz edib. 

1918-ci ilin әvvәllәrindә türk qoşunları Ərzurumu ruslardan geri alıb və qala Osmanlı–Rus müharibəsində  Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi ordunun istehkamı olub. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin Osmanlı ordusunun Qafqaz bölümünə rəhbərlik edən Kazım Paşanın yanına yardım üçün göndərdiyi Seyidov soyadlı azərbaycanlı da burada vuruşub. O da maraqlıdır ki,  Nuru Paşanın rəhbərliyi ilə Osmanlı dövlətinin Azərbaycana hərbi kömək barədə əmri də bu qalada verilib.

Qalanın içərisindəki kazarmanın divarlarının qalınlığı bir metri keçsə də, top mərmilərinin zərbəsindən xeyli dağıdılmış haldadır. Deyilənə görə, Osmanlı ordusu güclü hücuma məruz qaldığı zaman geri çəkilib və düşmənin yararlana bilməməsi üçün qala bürclərini də partladıblar. Müsahibim Əli bəy divardakı qara ləkələrinin “türk şəhidlərinin qanı” olduğunu bildirir. 

Şəhər əhalisi 1918-ci il savaşında ordu ilə bərabər döyüşüb. Ərzurum qalasında Nənə Xatunun məzarı üzərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi var. Rus ordusunun hücumu zamanı şəhərin müdafiəsində Nənə Xatun adlı 18 yaşlı gəlin kişilərlə çiyin-çiyinə döyüşüb. Əli bəy danışır ki, uzun illər sonra Türkiyəyə gələn rus jurnalistlər Nənə Xatunla da görüşmək istəyiblər. Nənə Xatunun yaşlı olduğundan, qulaqları da yaxşı eşitmədiyindən elə anlayır ki, ruslar yenidən şəhəri  işğal ediblər. Cavab verir ki, o vaxt onları qovduq, indi necə gəldilər...

Ərzurum qalasından ayrılıb şəhərə üz tutanda sağ tərəfdə yerləşən “Qars qapısı” şəhidliyinin girişindəki türbə diqqətimi cəlb etdi. Bu, “Daşnaksutyun” partiyasının qətlinə hökm verdiyi  Camal Paşanın məzarıdır. 50 yaşında Tiflisdə erməni terrorunun qurbanı olub. Mustafa Kamal Atatürkün izni ilə dostu, Osmanlı ordusunun Qafqaz komandanı Kazım Qarabəkir paşa onun nəşini Ərzuruma gətirib və burada əsgəri qaydada dəfn etdirib. Amma tarixin ironiyasına baxın ki, 1922-ci ilin 21 iyulunda Tiflisdə ermənilər tərəfindən qətlə yetirilən Camal paşanın dos-doğmaca nəvəsi Həsən Camal “1915: Erməni soyqırımı” kitabı ilə Ermənistanın sevimlisi oldu.

1919 – 20-ci illәrdә Ərzurum Türkiyә milli hәrәkatının mәrkәzlәrindәn biri olub.  Atatürkün rəhbərliyi ilә türk xalqının yadelli işğala qarşı mübarizəsinin təşəkkülündə və Qurtuluş savaşında mühüm hadisə olan, Türkiyə Cümhuriyyətinin əsaslarını yaradan Ərzurum Konqresi  (23 iyul–7 avqust 1919-cu il)  burada keçirildi, türk milləti öz istiqlalından və dövlətindən imtina etməyəcəyi barədə milli iradəni burada dünyaya nümayiş etdirdi. Ciddi müzakirələrin aparılması, əsaslı təkliflərin, konkret yol xəritələrinin təqdim olunması ilə 14 gün davam edən Ərzurum Konqresi Ərzurum, Sivas, Van, Bitlis, Diyarbəkir və Elazığdakı erməni silahlı birləşmələrinin təhlükəsini, eləcə də yunanların Trabzon, Rizə, Gümüşhanə, Ordu və Girəsuna olan əsassız iddialarını dəf etmək üçün tədbirlər görmək məqsədilə toplansa da, gələcək Türkiyə Cümhuriyyətinin qurulmasının mübarizə yolları məhz burada müəyyən edildi.

Əli bəy Ərzurum şəhərinin mərkəzində bir binanı göstərdi və əlavə etdi ki,  konqres erməni Mkırdıç Sanasaryanın tikdirdiyi  bu məktəbin binasında keçirilib. 

Bundan əvvəl ermənilər burada dünya ermənilərinin birliyini planlayan tədbir keçiribmişlər. Ərzurum Konqresinin burada keçirilməsi Dünya Erməni konqresinin təşkilatçılarına cavab idi. 

Qoca, uca şəhər

Tarixi-memarlıq abidәlәri ilә zәngin olan şәhәrin 5-ci əsrin qala divarları, 12-ci әsrdə tikilən Qala mәscidi, Saat qüllәsi, Ulu Came, XIII әsrə aid Qoşaminarәli mәdrәsә, Çobandәrә körpüsü, XVI әsrin yadigarı Lәlәpaşa məscidi, karvansaralar, hamamlar Ərzurumun tarixi pasportlarıdır. Burada Türkiyənin məşhur təhsil ocaqlarından olan Atatürk Universiteti (1957), Ərzurum Texniki Universiteti (2010), Dövlәt Teatrı, Atatürk Evi (1984-ci ildәn muzey) fәaliyyәt göstәrir. Ərzurumda 3 yerli televiziya vә 11 radio kanalının verilişlәri yayımlanır, 15 qәzet nәşr olunur. 

Ərzurum Türkiyənin dördüncü böyük vilayətidir. Şəfalı bulaqların, isti su qaynaqlarının sayı-hesabı yoxdur. Şəhər Türkiyәnin mәşhur qış turizmi mәrkәzidir. Palantökәn silsilә dağlarındakı xizәk mәrkәzi (hәmçinin Palantökәn kurortu) dünyaın әn uzun vә dik yamacları sayılır. Xizәk yolunun uzunluğu 8 kilometrdir. Böyük Əjdәr zirvәsinin 3 min 100 metrliyinә qalxan kanat yolu var. Uzundәrә rayonunda sıldırım qayalarla әhatәlәnmiş Tortum gölü vә hündürlüyü 48 metr olan Tortum şәlalәsi yerli vә xarici turistlәri cәlb edәn tarixi yer vә istirahәt mәrkәzlәrindәndir. 

Ərzurum geotermal bulaqlar, müalicәvi vә mineral sularli ilə də zәngindir. Yaxın Şərqin böyük çayı olan Fərat və Azərbaycanda ad qazanan Araz da başlanğıcını buradan götürür. Ərzurum Qafqaz yellərinin əsdiyi qədim türk yurdu, Türkiyə ilə Azərbaycan arasında tarixi-mənəvi körpüdür.

Azərbaycanın Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi şəhərdə prospektlərdən birinə “Azərbaycan”, ərazidəki böyük parka isə ümummilli lideri Heydər Əliyevin adı verilib. 

Namiq Əhmədov
XQ

Bakı–Ərzurum–Bakı

 





Sosial həyat