Məkrli addım dayandırıldı

post-img

Replika

Azərbaycan tərəfi lap əvvəldən bildirmişdi ki, zərərli tullantıları suyu və havanı çirkləndirəcək həmin metallurgiya zavodunun inşa olunacağı ərazi düzgün seçilməyib. Zəhmət çəkin, onun üçün başqa yer tapın. Söhbət Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində tikilməkdə olan metallurgiya zavodundan gedirdi. İndi məlum oldu ki, həmin zavod başqa yerdə tikiləcək.

Ermənistan mediasının məlumatına görə, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib. Nazir açıqlamasında bildirib ki, zavod əvvəlki yerinə yaxın əraziyə köçürüləcək.

“Köçürmə və inşaat işləri davam edir. Tikinti özəl şirkətin vəsaiti hesabına həyata keçirilir. Məsələ ilə bağlı bundan sonra atılacaq addımları investorlar özləri müəyyənləşdirəcəklər. Biz isə coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq onlar üçün maksimum dərəcədə yararlı olmağa çalışırıq”, – nazir sözlərinə əlavə edib.

Qeyd edək ki, metallurgiya zavodunun sahibləri ABŞ-da yaşayan zəngin ermənilərdir. Rəsmi İrəvan bu məsələdə yersiz dirəniş göstərsə də, son qərarı müəssisənin yiyəsi verməli oldu.  

Erməni nazir, həmçinin investisiyalar üçün əsas şərtin regionda sülhün olduğunu bildirib. “Biz çalışmalıyıq ki, regiona uzunmüddətli sülh gəlsin və heç kim heç kimə atəş açmasın”, – deyə Kerobyan əlavə edib. 

Haqlı sözə nə deyəsən? Əgər okeanın o tayındakı ermənilər sülhün, əməkdaşlığın və inkişafın təməli olduğunu anlayıblarsa, buna da şükür.  

XQ

 

Siyasət