VOMA terror təşkilatı müharibəyə çağırışlar edir

post-img

Paşinyan “sülh” görüntüsü axtarışında “qisas”çı qruplaşmaya, nədənsə, göz yumur

Bir həftədən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış və 44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli Bəyanatın həyata vəsiqə qazanmasının üçüncü ili tamam olacaq. Ötən üç ildə ölkəmizin bütün planları ardıcıllıqla, tədricən həyata keçdi. Həmin planların reallaşması yeni qələbələr qazanmağımız demək idi. Nəhayət, sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam təmin olundu, suverenliyimiz bütün ölkə üzərində bərqərar edildi.

Ermənistan isə Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalması səbəbindən bölgədə düşdüyü dalan vəziyyətindən çıxmaqda çox da maraqlı görünmür. Rəsmi İrəvan üç ildir ki, üçtərəfli Bəyanatın bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini nəzərdə tutan doqquzuncu maddəsini yerinə yetirməkdən imtina edir. Bu, az imiş kimi, son vaxtlar Ermənistanda bəzi qüvvələr gərginliyi artırmaqda davam edirlər. Aşkar görünür ki, onlarda revanşizm meyilləri baş qaldırır.

Qarabağ separatçılarının sonuncu “qlavarı” sentyabrın 28-də qondarma rejimin ləğv olunması, onun “strukturlarının” 2024-cü il yanvarın 1-dək buraxılacağı barədə “sənəd”i imzalasa da, İrəvanda kütlənin qarşısına çıxıb “xalqın yaratdığı respublikanı (?) heç kim ləğv edə bilməz” deyir. Separatçılar və onlara, necə deyərlər, “züy tutanlar” 44 günlük müharibənin ağır məğlubiyyətini, regionda yaranmış yeni reallıqları qəbul etmək əvəzinə, Qarabağın itirilməsi ilə barışa bilmir və yeni müharibə arzusundadırlar. Ermənistanda “Sağ qalma sənəti” adlandırılan VOMA terror təşkilatı da oxşar çağırışlar edir. Təşkilatın düşərgələrində gənc oğlan və qızlara, o cümlədən, yetkinlik yaşına çatmayanlara döyüşməyi və öldürməyi öyrədirlər. Qurumun rəsmi saytında təlimlərin hərbi düşərgələrin salındığı Ermənistanın müxtəlif bölgələrində keçirildiyi bildirilir.

VOMA ehtiyatda olan erməni hərbçilər tərəfindən yaradılıb. Onların bir çoxu Birinci Qarabağ müharibəsində və 44 günlük müharibədə iştirak ediblər. Təşkilatın məqsədi tərkibində 60 min nəfər hazırlıq görmüş hərbçinin cəmləşəcəyi ehtiyat ordu yaratmaqdır. Özünün mənfur niyyətini həyata keçirmək üçün VOMA müxtəlif ölkələrdən muzdlular cəlb edir. Təşkilat Ermənistan vətəndaşlarının, həmçinin ABŞ və Avropa ölkələrindəki erməni diasporunun maliyyə dəstəyi sayəsində fəaliyyət göstərir. VOMA özünü Ermənistan dövlətinin müdafiə qabiliyyətini artırmaq və diasporla Ermənistan arasında əlaqəni gücləndirmək məqsədi daşıyan ictimai hərbi-vətənpərvərlik təşkilatı adlandırır. Ancaq bu, təşkilatın əsas missiyasını gizlətmək üçün vasitədir. Onun qurucusu və başçısı Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin rəhbəri olmuş Vova Vartanovdur. O, Birinci Qarabağ müharibəsində iştirak edib. Bundan sonra Vova Ermənistanın müdafiə naziri Vazgen Sarkisyanın müşaviri işləyib. Vartanov bu yaxınlarda yerli mediaya müsahibəsində deyib: “Bizim təşkilatımız 2013-cü ildən fəaliyyət göstərir. 2016-cı ildə hüquqi status almışıq. Əhalimizin döyüş qabiliyyətinin artırılması təşkilatımızın funksiyasına daxildir. Biz istənilən an əlimizə silah götürüb düşmənə qarşı döyüşməyə hazırıq. Döyüş hazırlığı keçmək üçün güc strukturlarından da müraciət edənlər olur. Ermənistanın bütün vətəndaşlarını bizə qoşulmağa çağırıram”.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan mediası VOMA-nın ölkə ərazisində QMBET (günbəz) adlanan çoxlu atəş nöqtələri yaratdığı barədə məlumat yayıb. Belə atəş nöqtələrinin sayı gündən-günə artır. Adı açıqlanmayan təşkilat üzvünün sözlərinə görə, bu yaxınlarda daha bir “günbəz” yaradılıb. Atəş nöqtələrinin yaradılmasını Fransa və ABŞ-dakı erməni diasporu maliyyələşdirir. “Biz yeni ərazidəyik. Bu, ərazidəki yeni atəş nöqtəsidir. O, E-4 adlanır. Burada biz daha 5 “günbəz” inşa edəcəyik. Atəş nöqtələrinin yaradılmasını bizim xaricdəki dostlarımız maliyyələşdirəcəklər. Bir “günbəz”in inşasına 1500 dollar sərf olunur. İndiyədək 80 atəş nöqtəsi yaradılıb. 130-u isə inşa olunma mərhələsindədir”, – deyə təşkilat üzvü qeyd edib.

VOMA qruplaşması bu gün Ermənistan ərazisində aktiv fəaliyyət göstərir. Təşkilat üzvləri ölkənin ərazisində düşərgələr yaradır, filiallar açır, taborlar formalaşdırır və atəş nöqtələri inşa edirlər. Bəs bütün bunlar nə üçündür? Təşkilatın rəsmi səhifəsində bu sualın cavabı yazılıb. Onlar qeyd ediblər ki, mübarizə bitməyib. Buradan belə qənaətə gəlmək olar ki, onlar Azərbaycan ərazisində terror aktları və təxribat-diversiya əməlləri törətməyə hazırlaşırlar.

Qeyd edək ki, Qarabağda özünü “müdafiə ordusu” adlandıran və ləğv olunmuş qanunsuz hərbi birləşmənin döyüşçülərinin də Ermənistanda VOMA sıralarına qoşularaq, ərazilərimizə sızaraq müxtəlif təxribatlar törədə biləcəyi ehtimalı mövcuddur. Oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu xüsusda maraq doğurur: “Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir”.

Bu istiqamətdə fikirlərini “Xalq qəzeti” ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu erməni separatçıların Qarabağda bütün silahları təhvil verdiklərinə şübhə etdiyini bildirib. O qeyd edib ki, separatçıların yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlətmələri mümkündür: “Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qura bilərlər. Bəziləri hətta “Azərbaycan vətəndaşlığını qəbul edirəm” adı altında geri dönüb sonrakı illər üçün çirkin planları realizə edər. Bu səbəbdən, geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar”.

Elxan Şahinoğlunun fikrincə, Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər: “Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl aralarından bir qrupunu meşələrdə yerləşdirə bilərdilər. Antiterror tədbirlərindən sonra hərbçilərimizə arxadan atəş açanlar olub. Bu ehtimalları nəzərdən qaçıra bilmərik. Rusiya tərəfinin sülhməramlı kontingentin bölgəni tərk etməsini yubatmaq istəyindən biri də meşələrdə erməni separatçıların gizlənməsi ilə bağlı ola bilər”.

Qeyd edək ki, Türkiyənin İYİ Partiyasının lideri Meral Akşener də bir müddət öncə parlament fraksiyasının iclasında VOMA-nın terror təşkilatı olduğunu bəyan edib: “Qarabağda Azərbaycan qarşısında duruş gətirə bilməyən Ermənistan ASALA-nın ideoloji bazası əsasında yaradılan VOMA adlı təşkilatla Azərbaycana və Türkiyəyə qarşı asimmetrik savaşa hazırlaşır. Türklərə qarşı döyüş əməliyyatları üçün VOMA müxtəlif yaşlarda olanlara, o cümlədən, azyaşlılara hərbi təlimlər keçir. Açıq döyüşdə məğlub olan bu şəxslər indi xain, məkrli yollara əl atırlar. Biz bilirik ki, Ermənistan hökuməti uzun illər ərzində VOMA-ya maddi, texniki və kadr dəstəyi göstərib”.

Mövzu üzrə söhbətləşdiyimiz ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, terrorçuluq və anti-insani əməllər hayların xislətindədir. Onun sözlərinə görə, tarixdə bu qədər terror aktları törətmiş xalq tapmaq çətindir: “Ermənistandakı bəzi qüvvələr də revanş mifi yaradaraq, insanları yenə də aldatmağa və hansısa döyüşlərə, müharibəyə çağırırlar. VOMA prinsip etibarilə terrorçu təşkilatdır. Onlar müxtəlif şəxsləri seçərək, terrorçu kimi yetişdirirlər. VOMA, həm də, dünyada erməni terrorizmi üçün “mütəxəssislər” hazırlayan bir qurumdur. Onun digər istiqaməti muzdluların hazırlanması ilə bağlıdır. Onlar müxtəlif sifarişlər alırlar”.

Ş.Ramaldanov qeyd edib ki, VOMA-da terrorçu yetişdirənlərin bəziləri Birinci, bəziləri isə İkinci Qarabağ müharibələrində döyüşənlərdir: “Onlar “dəmir yumruğ”un gücünü gördükdən sonra Qarabağdan qaçıblar və indi bu təşkilatın ətrafında cəmləşərək özlərinə məşğuliyyət tapıblar. Onlar, guya, Ermənistanı hansısa qonşu dövlətdən qorumaq istəyirlər. Ancaq Ermənistanı heç bir qonşu dövlət təhdid etmir. Ermənistana təhlükə yaradan elə VOMA kimi təşkilatlardır”.

Şair Ramaldanov qeyd edib ki, VOMA-nın mövcudluğu hər an diversiya və terror aktlarına qarşı hazır olmağımızı bir daha göstərir: “Biz hər zaman sərrast olmalıyıq. Ancaq Azərbaycanın çox peşəkar təhlükəsizlik orqanları bütün bunlarla hər zaman məşğuldurlar. Qarabağ iqtisadi rayonunda indiyədək terror aktlarının baş verməməsi, ilk növbədə, təhlükəsizlik orqanlarımızın peşəkarlığından xəbər verir”.

Onu da bildirək ki, Azərbaycanın Ermənistanda VOMA kimi təşkilatların mövcudluğundan duyduğu narahatlıq Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə qərarla bağlı 2023-cü il fevralın 
27-də BMT-nin Baş katibinə ünvanlandığı məktubda da diqqətə çatdırılıb. Məktubda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını hələ də yerinə yetirmədiyi xatırlanır. Belə ki, Ermənistanın məhkəmənin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrı-seçkilik aşılanmasının qarşısını almadığı, VOMA və POGA kimi hərbiləşmiş qruplaşmaları ləğv etmədiyi məktubda qeyd olunur.

Səxavət HƏMİD 
XQ

 





Siyasət