Qriqoryanın Malta səfəri yaxud Ermənistanın anti-Rusiya siyasətində yeni element

post-img

Ermənistanın dövlət səviyyəsində apardığı anti-Rusiya siyasəti yeni “elementlər” qazanmaqdadır. Məlum olduğu kimi, bu il sentyabrın əvvəlində ölkənin baş naziri Nikol Paşinyanın həyat yoldaşı  Anna Akopyan Ukraynaya səfər etmiş, paytaxt Kiyevdə keçirilmiş  “Birinci xanımlar və cənablar” Sammitinə qatılmışdı. Akopyan, həmçinin, özü ilə ukraynalı məktəblilərə humanitar yardım da aparmışdı. 

Əlbəttə, ilk baxışdan burada qeyri-adi bir şey olmasa da, məsələ Rusiyanın siyasi dairələrində kəskin reaksiya doğurmuşdu. Mənfi reaksiyanın yaranmasına Qərb mediasının təhlilləri də əsas vermişdi. Qərb mediası Akopyanın səfərini Ermənistanın Rusiyaya qarşı növbəti demarşı kimi qiymətləndirmiş və müəyyən mənada birincini öyən ritorikaya üstünlük vermişdi. Hətta, iş o yerə çatmışdı ki, Paşinyan iqtidarı ölkənin birinci xanımının Kiyevə getməsini, sadəcə olaraq, humanitar məqsədli davranış kimi səciyyələndirmək yolu tutmuş və beləliklə gərginliyi yumşaltmaq, üzərindəki Rusiya təzyiqini neytrallaşdırmaq istəmişdi. Amma, necə deyərlər, sonradan atılan daş topuğa dəyər. 

Əlqərəz, indi vəziyyət daha mürəkkəbdir. Ermənistan iqtidarı ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Maltaya səfərinə heç bir humanitar görkəm verə bilməyəcək. Kor-kor, gör-gör, hər şey ortadadır. İrəvan Ukrayna platformasını zənginləşdirmək yolunu tutmaqdadır. Söhbət Ermənistanın A.Qriqoryanın şəxsində rəsmi Kiyevin təşəbbüsü ilə Avropanın bu cırtdan ölkəsində təşkil edilmiş və Ukrayna Prezidenti Volodimir Zelenskinin irəli sürdüyü “Sülh qətnaməsi” ilə bağlı müzakirələrdə təmsil olunmasından gedir. 

Ukrayna ikigünlük konfransdan konkret nəticələr gözləyir və istəyir ki, Rusiya hakimiyyətini mühakimə etmək üçün xüsusi tribunal yaradılsın. Tribunaldan söz düşmüşkən, məlum olduğu kimi, Ermənistan bir neçə həftə əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna rəsmi şəkildə qoşuldu. Əvvəl ölkə parlamenti sözügedən sənədi ratifikasiya etdi, ardınca statutun Ermənistanın yurisdiksiyasının tərkib hissəsi olduğunu təsdiqləyən prezident fərmanı imzalandı. Qeyd edək ki, indiki şərtlər altında Roma statutunun qəbulu o deməkdir ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Ermənistana daxil olacağı təqdiqdə, həbslə üzləşəcək. Çünki BCM Putinin və digər Rusiya rəsmilərinin həbsinə order verib.

***

Onu da bildirək ki, Ukraynanın təşəbbüsü ilə gerçəkləşdirilən Malta prosesi də BCM-in başladığı işin bir növ davamı kimi xarakterizə oluna bilər. Hətta, hazırda rəsmi Kiyev məsələyə xüsusi müstəvidə yanaşmaqdadır. Mövcud durum İkinci dünya müharibəsindən sonra nasist Almaniyasının liderləri üzərində qurulmuş Nürnberq prosesini xatırlatmaqdadır. Əlbəttə, Ukraynanın belə bir təşəbbüsdə olmasının dəyərləndirilməsinə yönələn fikir bildirmək məntiqindən uzağıq. Ölkə Rusiya ilə müharibə aparır. Müharibədə isə bütün mümkün vasitələr keçərlidir. Bəs, Ermənistan belə bir riskli platformada nə gəzir? 

Bəli, İrəvan Qərbin Kiyevə isti münasibətini, ona dəstək ritorikasını yaxşı görür. Paşinyan iqtidarı elə fon yaradır ki, sanki Ermənistan Qafqazın Ukraynasıdır. A.Qriqoryan da Maltaya bunu uca səslə bəyan etmək üçün gedib. İstəyib ki, ölkəsini, belə demək mümkünsə, demokratiyanın qlamur obrazı qiyafəsində göstərsin. Bu təqdimatın hədəfi Qərbdən dəstək almaqdır. 

Ermənistanın hazırda istədiyi budur ki, Qərb Rusiya ilə mübarizədə Ukraynaya dəstək göstərdiyi kimi, ona da yardım əlini uzatsın. Bu səbəbdən hər vəchlə bütün platformalarda Moskva ilə mübarizə apardığına dair gurultulu görüntü formalaşdırmağa çalışır. Eyni zamanda, Azərbaycanı Rusiya ilə əlbir kimi təqdim edir. Bütün bunların isə 44 günlük müharibə nəticəsində itirdiklərini geri qaytarmağa, Qarabağ avantürası üçün baza və mühit formalaşdırmağa hesablandığı gün kimi aydındır. 

Əlbəttə, Ermənistanın əsl niyyətini pərdələmək üçün əsas götürdüyü daha bir strateji xətt də var – Avropaya inteqrasiya. A.Qriqoryanın Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşündə də bu məsələ müzakirə olunub. Mövcud xüsusda Prezident V.Zelenski ilə baş nazir Nikol Paşinyanın oktyabrın 5-də keçirilmiş Avropa Siyasi Birliyinin Üçüncü Zirvə toplantısı çərçivəsindəki görüşünün önəmi vurğulanıb. Yermak – Qriqoryan təmasında, həmçinin ayrıca olaraq A.Akopyanın haqqında söz açdığımız və Rusiyada mənfi reaksiya doğurmuş Kiyev səfərindən məmnunluq da ifadə olunub. 

***

Qeyd edək ki, Ukraynanın anti-Rusiya ritorikasına daha çox tərəfdar toplamaq niyyəti anlaşılandır. İrəvan həm də bu məqama siyasi sərmayə yatırmaqla, Kiyevlə yaxınlaşmaq yolu tutmaqdadır. Ancaq Ermənistan iqtidarı anlamır ki, Ukrayna Rusiyaya qarşı çıxsa da, onu Azərbaycanla tərəzinin eyni gözünə qoymayacaq. 

Birincisi, rəsmi Kiyev Bakının Qərb üçün önəmini bilir. İkincisi, ölkəmizin balanslı siyasət xəttindən çox yaxşı xəbərdardır. Üçüncüsü isə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi İrəvanın isə xüsusən də mövcud müstəvidə tərəddüdlü davrandığı, qətiyyət nümayiş etdirmədiyi aşkardır. Üstəlik, Ermənistan cəmiyyətində Ukrayna ilə bağlı müsbət ab-hava, demək olar ki, yox səviyyəsindədir. Eləcə də Ukrayna cəmiyyətində Ermənistana münasibətdə antipatiya hökm sürməkdədir. 

Belə bir durumda tam aydın görünür ki, İrəvan Kiyevə yarınmaqla ona ürək qızdırmaq yox, beynəlxalq ictimai rəyə özünü Qərblə iç-içə kimi göstərmək niyyəti güdür və bu niyyətin sübutu nöqteyi-nəzərindən anti-Rusiya ovqatını daim diri saxlamaq, yaxud saxladığını nümayiş etdirmək şərtdir. 

***

Maltada Ukraynanın təklifi ilə müzakirəyə çıxarılmış “Sülh qətnaməsi”nə gəlincə, sənəddə Kiyevin müharibənin bitməsi və sülh üçün ilkin şərt qismində irəli sürdüyü on bənd yer alıb. Prezident Zelenskinin ilk dəfə ötən ilin noyabrında “Böyük iyirmilik” toplantısı zamanı gündəmə gətirdiyi bu bəndlərdə nüvə və radiasiya təhlükəsizliyi, bütün məhbusların və köçkünlərin azad edilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması, zorakılığın dayandırılması və sair məsələlər nəzərdə tutulmaqdadır. A.Yermak isə Maltadakı çıxışında A.Qriqoryana üzünü tutaraq deyib ki, bunlar sizin sülhün həmmüəllifi olmaq üçün dəstəkləyə biləcəyiniz yollardır.

Yeri gəlmişkən, bildirək ki, Ermənistan, belə demək mümkünsə, sülh dəstəkçiləri sırasında tək deyil. Ukrayna rəsmilərinin sözlərinə görə, dünyanın 70 ölkəsindən nümayəndələr Maltaya məhz bu gündəlik ətrafında söz açmaq məqsədilə toplaşıblar. Onlar ümid edirlər ki, müzakirələrdə ilk dəfə iştirak edən ölkələr işğalçı Rusiyaya qarşı kollektiv təzyiqlərə qoşulacaq və Kiyevin təklif etdiyi “Sülh qətnaməsi”nin təminatçısı olaraq çıxış edəcəklər. Bəli, Ermənistan da Qriqoryanın timsalında müzakirəyə ilk dəfə qoşulan ölkədir. Deməli, buradan da tam görünür ki, İrəvan özünün anti-Rusiya xəttinə yeni siyasi müstəvi qazandırmaq əzmindədir. Bəs, istəyinə nail olacaqmı? Müşkül məsələdir. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət