Milli mədəniyyətimizin misilsiz himayədarı

post-img

Qədim yunan filosofu Sokrat deyirdi: “Dahilər müzakirə olunmur, onlar öyrənilirlər”. Ulu öndər Heydər Əliyevin də bənzərsiz şəxsiyyəti tarixi hadisədir və dahilik zirvəsində əbədi  yer alıb. Şəxsiyyəti tarix yaratdığı kimi, belə şəxsiyyətin həyat və fəaliyyəti də  silinməz-pozulmaz bir tarixə çevrilir. 

XX əsrin son onilliyində Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra respublikamızın ictimai-siyasi, sosial-mədəni həyatında misli görünməmiş dəyişikliklər başlandı. Müstəqilliyimizin ilk dövrlərində qarşıya çıxan çətinliklərə baxmayaraq, milli dövlətçilik qorunub saxlandı və möhkəmləndirildi. Bu misilsiz nailiyyət məhz Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi çoxcəhətli fəaliyyətinin, müstəsna xidmətlərinin nəticəsi olaraq tarixə həkk edildi.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi respublikamızda həyatın bütün sahələrində yeniləşmə və milliləşmənin konseptual əsaslarının yaradılmasına meydan açdı. Çoxəsrlik milli-mənəvi dəyərlərin yeni tarixi şəraitdə dəyərləndirib yaşamaq hüququ qazanması kimi önəmli məsələdə Ümummilli liderin müstəsna diqqət və qayğısı ilə ən yüksək səviyyədə gerçəkləşdirildi. 

Müstəqilliyin əvvəllərində Azərbaycan məktəbi də mürəkkəb keçid dövrü yaşayırdı. Elm və təhsilimizin misilsiz himayədarı Heydər Əliyevin rəhbərliyi altında təxirəsalınmadan təhsil sahəsində köklü dəyişikliklər dövrü başlandı. Həmin dövrün iqtisadi çətinliklərinə baxmayaraq, bu sahəyə kifayət qədər maliyyə vəsaiti ayrıldı. Məktəblərin tədris-maddi bazası möhkəmləndirildi. Ulu öndərin qayğısı nəticəsində təhsil sahəsində milli inkişaf başlandı. Məktəblərdə kommunist ideologiyasının zərərli təsir və qalıqları aradan qaldırıldı. Azərbaycan məktəblərində milli təfəkkürün dövlətçilik platformasında yetişib formalaşması yoluna düşdü. 

Yeni tədris proqramları, dərsliklər və digər tədris vəsaitləri hazırlandı. Heydər Əliyevin himayəsi ilə orta məktəblər üçün “Azərbaycan tarixi”, “Ədəbiyyat”, “Azərbaycan dili” və başqa fənlər üzrə milli orijinal dərsliklər hazırlanıb nəşr olundu. Ali məktəblər üçün də ilk dəfə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan iqtisadiyyatı” və digər zəruri dərsliklər yaradıldı.

Respublikamızda yeni tipli məktəblər şəbəkəsi quruldu, onlar üçün müasir binalar tikilib istifadəyə verilirdi. Ulu öndərin atalıq qayğısının nəticəsində keçən əsrin sonlarında respublikamızda 4,5 mindən çox ümumtəhsil məktəb fəaliyyətini yeni dövrə uyğunlaşdırdı. Bu məktəblərdə yarım milyondan çox şagirdin təhsili yüksək səviyyədə yoluna qoyuldu. Bunlardan əlavə, respublikamızda xeyli müasir lisey və gimnaziya da fəaliyyətə başladı.

1993-cü ildə ali məktəblərimizdə ikipilləli təhsilə – bakalavr və  magistr sisteminə keçildi. 
Heydər Əliyevin 2000-ci il iyun ayının 13-də verdiyi fərmanla ölkəmizdə ali təhsilin inkişafında yeni dövrün əsası qoyuldu. XX əsrin son illərində Azərbaycanda dövlət ali təhsil müəssisəsinin sayı 
18-dən 28-ə yüksəldi. Ali məktəblərdə 120 mindən çox tələbənin təhsil almasına normal şərait yaradıldı. Onların arasında 30-dan çox xarici ölkənin 2 minədək vətəndaşı var idi. Təhsil sahəsində beynəlxalq əlaqələr də genişləndirildi.

Azərbaycan milli mədəniyyətinin inkişafı, müasir dövrdə bəşəriyyət tarixində qabaqcıl yer tutması da Ulu öndərin müqəddəs və unudulmaz adı ilə qırılmaz surətdə bağlıdır. 1993-cü ildə türkdilli ölkələrin mədəniyyət nazirlərinin daimi qurumu – TÜRKSOY yarananda onun ayaq açıb yeriməsinə Prezident Heydər Əliyev böyük dəstək verdi. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan 1996-cı ilin dekabr ayında UNESCO ilə əməkdaşlıq haqqında memorandum imzaladı. 1997-ci ilin yayında isə müstəqil dövlətimiz Avropa Mədəniyyət Konvensiyasına qoşuldu.

Xalqımızın qədim tarixini özündə əks etdirən epoxal söz abidəsinin – “Kitabi-Dədə-Qorqud” dastanının 1300 illiyini dünya miqyasında qeyd etmək üçün 1997-ci il aprel ayının 20-də Prezident Heydər Əliyev fərman imzaladı. Həmin unudulmaz yubiley 2000-ci il aprel ayınında böyük təntənə ilə qeyd olundu. Prezident Heydər Əliyev mərasimdə bütün dünyaya bəyan etdi: “Kitabi-Dədə Qorqud bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi ulu əcdadımız vardır”.

Ulu öndər mədəniyyətimizə, musiqimizə ən dəyərli mənəvi sərvət kimi baxır və onların inkişafına hərtərəfli köməklik göstərirdi. O, Azərbaycanın zəngin mədəniyyəti ilə fəxr edirdi. 1998-ci ildə dövlət başçısının xoş məramı ilə M.F.Axundzadə adına Respublika Kitabxanası milli statusu aldı. Prezident Heydər Əliyevin göstərişi ilə XX əsrin son onilliklərində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin ev muzeyləri yaradıldı.

 Azərbaycan Milli Elmlər Akademiyası, onun nəzdində olan institutların milli elm və mədəniyyətimizin inkişafında mühüm yer tutması hər an Prezident Heydər Əliyevin diqqət mərkəzində idi. AMEA-nın institutları və digər elmi tədqiqat müəssisələri  öz fəaliyyətlərində Ulu öndərin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir, mədəni inkişafımıza dəyərli töhfələr verir.

XX əsrin sonu – XXI əsrin ilk illərində milli mədəniyyətimizin bütün sahələrində Ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri çağdaş tariximizin ən parlaq və öyünclü səhifələrini təşkil edir. Biz Azərbaycan ziyalıları, bütün xalqımız mədəni inkişafımızda qazanılan uğurlar üçün Ulu öndərin ölməz xatirəsi qarşısında baş əyirik.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin təhsil, elm, mədəniyyət sahələrində xalqımızın qarşısında qoyduğu tarixi vəzifələri Azərbaycan Prezidenti İlham 
Əliyev uğurla həyata keçirir. Ulu öndərin ən layiqli davamçısı olaraq cənab İlham Əliyev Qarabağı düşmən tapdağından xilas edib xalqımıza qaytarmaqla Şuşa kimi nadir bir tarix incisini ölkənin mədəniyyət paytaxtına çevirməklə Heydər 
Əliyevin müqəddəs ruhunu ən  yüksək səviyyədə sevindirdi, onun mədəniyyət hamisi kimi yüksək missiyasını tarixi bir zirvəyə yüksəltdi.

 

Yunis HÜSEYNOV, 
tarix üzrə fəlsəfə doktoru, Şuşa köçkünü

 

 

Sosial həyat