Ulu öndər gənclərin timsalında dövlətin gələcəyini görürdü

post-img

O, 1992-ci ildə Naxçıvandan 75 gənci Türkiyədə ali təhsil almağa göndərdi


1992-ci ili həyatımın ən ziddiyyətli ili hesab edirəm. Çünki həmin il kədərlə sevinci, təəssüflə uğuru, ümidsizliklə ümidi bir arada yaşadım. Bir tərəfdən ermənilərin Naxçıvan iddialarının yenidən alovlanması, qədim diyara hücumların artması, ardı-arası kəsilməyən şəhid xəbərləri, yurdumuzun işğal təhlükəsi, digər tərəfdən, çoxsaylı sosial problemlər, işığın, qazın olmaması, çörəyin də qıta çəkilməsi... Belə bir vəziyyətdə mənim kimi, onlarca naxçıvanlı yeniyetmə universitetlərə qəbul imtahanlarına hazırlaşırdı. Qışın çox sərt keçdiyi, dizə qədər qarın yağdığı həmin günlərdə gecələr lampa işığında dərs oxuyur, səhərlər, necə deyərlər, buz kimi siniflərdə dərs keçirdik. Bəzən soyuqdan əllərimiz qələm tuta bilmirdi, bəzən isə qələm də soyuqdan yazmırdı... Gələcəyə isə ümidimizi heç vaxt itirmirdik. Çünki Naxçıvanda Heydər Əliyev kimi ümid yerimiz, söykənəcəyimiz bir dağ var idi. Təsadüfi deyil ki, belə bir çətin vəziyyətdə 75 gənc məhz Ulu öndərin təşəbbüsü ilə Türkiyəyə təhsil almağa göndərildi...

Həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən dahi şəxsiyyət martın 22-24-də Türkiyə Cümhuriyyətində səfərdə oldu və martın 24-də Ankarada diyarımız üçün çox əhəmiyyətli olan 13 maddədən ibarət “Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolu” adlı müqaviləni imzaladı. Həmin müqavilədə 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə Ankaranın üzərinə düşən öhdəliklər, Türkiyənin muxtar respublikanın təhlükəsizliyinə zəmanət verməsi məsələsi bir daha qeyd olundu. Burada, həmçinin Türkiyənin “Eksibank”ının qədim diyara 100 milyon ABŞ dolları dəyərində kredit verməsi, qardaş ölkənin dəstəyi ilə naxçıvanlı gənclərin Türkiyənin müxtəlif universitetlərində təhsil alması da nəzərdə tutulurdu. 

Türkiyədən Naxçıvana gələn yüksək tələbə seçim qurumunun səlahiyyətli nümayəndələrinin iştirakı ilə 1992-ci
il iyulun 4-də ölkəmizdə ilk dəfə test üsulu ilə imtahan keçirildi və təhsil almaq arzusunda olan 357 gəncdən 75 nəfəri Türkiyənin müxtəlif universitetlərinə qəbul oldu. Həmin gənclər arasında mən də var idim. Təbii ki, bunu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Türkiyəyə yola düşməzdən əvvəl Ulu öndər ilə görüşəcəyimizi öyrəndikdə isə fərəhdən uçmağa qanadımız olmadı.

“Şərq qapısı” qəzetinin 7 oktyabr 1992-ci il tarixli nömrəsində geniş işıqlandırılan həmin görüş 1992-ci il ok-
tyabrın 5-də Naxçıvan MR Ali Məclisinin iclas zalında baş tutdu. Ümummilli lider genişməzmunlu çıxışında Türkiyə universitetlərinə qəbul olan naxçıvanlı gəncləri təbrik etdi, bizə uğurlar arzuladı: “Türkiyənin universitetlərində yüksək təhsil sistemi var. Orada hazırlanan mütəxəssislər Azərbaycanın, o cümlədən, onun tərkib hissəsi olan Naxçıvanın gələcəyi üçün çox gərəklidirlər... Gənclərin Türkiyə universitetlərində təhsil alması, mən sizi inandırıram ki, Türkiyənin bizə ayırdığı 100 milyon dollar kreditdən də, göstərdiyi cürbəcür yardımlardan da çox-çox qiymətlidir. Çünki bu işin qiymətini heç bir pul, maddi dəyər ilə ölçmək olmaz. Bu bizim xalqın gələcəyidir, Naxçıvanın gələcəyidir, onun intellektual potensialıdır. Bu, bir də ona görə əhəmiyyətlidir ki, biz indi Azərbaycanda yeni dövlət qururuq və eyni zamanda, yeni siyasi və iqtisadi sistem yaratmaq yolundayıq. Yeni siyasi və iqtisadi sistem, yeni sosial quruluş isə şübhəsiz ki, özünə uyğun mütəxəssislər tələb edir. Bu işdə isə Türkiyənin təcrübəsi çox böyükdür...”

Qeyd etdiyimiz kimi, həqiqətən də, o vaxtlar Naxçıvan çox çətin dövrünü yaşayırdı. Blokada və üstəlik müharibə şəraitində yaşayan, insanların normal yaşaması üçün zəruri ərzaq məhsullarına böyük ehtiyac duyduğu Naxçıvanda gənclərin yüksəkixtisaslı kadr kimi yetişmələrinə diqqət yetirilməsi bəzilərinə təəccüblü gələ bilərdi. Amma Ulu öndərimiz təkcə bu günü deyil, gələcəyi də düşünürdü. Dahi şəxsiyyət qeyd edirdi ki, mövcud şəraitdə tələb olunanlar bu gün üçün, təhsilli gənclər yetişdirmək isə gələcək üçün çox vacibdir. Təhsilsiz heç bir millətin gələcəyi yoxdur. Ona görə də Ulu öndər bizə yüksək ali təhsil almağı və hazırlıqlı kadr kimi Vətənə dönməyi, eyni zamanda, mənəvi dəyərlərimizə sadiq qalmağı tövsiyə edirdi: “Biz arzu edərdik ki, gənclərimiz orada bütün imkanlardan istifadə edib yüksək elmə, yüksək ixtisasa yiyələnsinlər. Bilməlisiniz ki, siz, sadəcə olaraq, orada təhsil almağa yox, Azərbaycanın gələcəyi üçün oraya göndərilirsiniz. Ona görə də bütün universitetlərin imkanlarından istifadə edib yüksək təhsil almaq lazımdır. Siz orada Azərbaycan xalqına xas olan yüksək tərbiyə, yüksək mədəniyyət, yüksək mənəviyyat nümunələri göstərməlisiniz. Türkiyənin həyatında olan bütün müsbət nümunələrə, adət-ənənələrə yiyələnməlisiniz”.

Biz gənclər Ulu öndərin ata nəsihətindən qeyri-adi güc alırdıq. Hər birimizdə oxumağa, öyrənməyə olan həvəs birə on qat artırdı. Artıq zəif, kövrək duyğular bizi tərk etmiş, yerini gələcəyə olan inam almışdı...

1992-ci il oktyabrın 29-da – Türkiyə Cümhuriyyətinin yaranmasının 69-cu ildönümündə biz – 75 tələbə avtobuslarla Naxçıvan ilə İğdırı birləşdirən “Ümid” körpüsünü keçərək qardaş ölkəyə çatdıq. Əvvəlcə Qarsda, sonra Ərzurumda olduq. Ərzurumdakı Atatürk Universitetində Ərzurum valisinin və universitetin rektoru da daxil olmaqla akademik heyətin, tələbələrin iştirakı ilə möhtəşəm tədbir keçirildi. Adını xatırlamadığım valinin “Qardaş ölkədən Heydər Əliyevin tələbələri xoş gəliblər!” sözlərini hər kəs ayaq üstə alqışladı. Xatırlayıram ki, tədbirdə bir neçə tələbə yoldaşım da çıxış etdi, onlardan birinin oxuduğu şeir alqışlarla qarşılandı. 

Həmin ildən sonra Türkiyənin, demək olar ki, əksər universitetlərində ən yaxşı oxuyan və sosial fəaliyyət baxımından ən fəal olan tələbələr azərbaycanlılar idi. Bu həmin dövrdəki Türkiyə rəhbərliyinin də diqqətini cəlb etmişdi. Təsadüfi deyil ki, hər bayramda Türkiyənin Baş naziri, siyasi partiya liderləri azərbaycanlı tələbələrə təbrik məktubları göndərir, təhsilimizdə əldə etdiyimiz yüksək uğurlar barədə məlumatlandırıldıqlarını və bizimlə fəxr etdiklərini bildirirdilər.

1994-cü il fevralın 10-u idi. Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula gəlmişdi. İstanbulda dahi şəxsiyyətlə görüşmək, onu yaxından görmək xoşbəxtliyi mənə də nəsib olmuşdu. Dahi şəxsiyyətdən xahiş etdim ki, universitetlərdə qış tətili dövrü olduğu üçün mənim də rəsmi heyətlə birlikdə Azərbaycana getməyimə icazə versin. Böyük insan heç tərəddüd etmədən “Əlbəttə, gedə bilərsən”, – dedi və bununla bağlı tapşırıq verdi. Bu zaman ətrafdakı bəzi səlahiyyətlilərin mənə tərs-tərs baxdığını, ancaq məcburiyyətdən gülümsədiklərini də hiss etdim. Çünki bundan əvvəl onlardan xahiş etmişdim. Cavab isə belə olmuşdu ki, tələbə olduğuma görə rəsmi heyətlə gedə bilmərəm.

Ulu öndərimiz ölkəmizin hələ gərginlikdən xilas olmadığı həmin dövrdə də tələbələrin təhsili və yaşayış şəraiti ilə maraqlanırdı. Bu məsələlərin diqqətdə saxlanılması üçün ölkəmizin Təhsil Nazirliyinə xüsusi göstəriş vermişdi. Qısa müddət sonra dahi şəxsiyyət tələbələrin əsas problemi barədə məlumatlandırıldı. Bu, Vətənə gəlmək və geri dönmək məsələsi idi. Heydər Əliyev dövlətin imkanı olan kimi bu məsələnin həll edilməsini əlaqədar qurumlara tapşırdı. Eşitdiyimizə görə, Türkiyədə Ümummilli lider təkrar bu məsələyə qayıdanda həmin məmurlar təəccüblərindən donub qalıblar. Məsələnin nə yerdə olduğunu soruşan dahi şəxsiyyətə deyəcək sözləri olmadığı üçün vəziyyətdən çıxmağa çalışıblar, ancaq alınmayıb. Sonra əlaqədar qurumların rəhbərləri belə bir təklif irəli sürüblər ki, Türkiyədə təhsil alan tələbələr təyyarə biletlərini yarı qiymətinə alsınlar. Ulu öndər isə çox sərt bir şəkildə deyib ki, tələbənin bu qədər pulu haradandır?! Və ardınca Türkiyədə təhsil alan yüzlərlə gəncin hər il bir dəfə heç bir məbləğ ödəmədən Vətənə gəlmələrinin təmin olunması barədə xüsusi tapşırıq verib. Xatırlayıram ki, bu xoş xəbər Türkiyədə təhsil alan yüzlərlə azərbaycanlı tələbə tərəfindən hədsiz sevinclə qarşılanmışdı.

Vaxtilə Ulu öndərin Türkiyədə təhsil almağa göndərdiyi həmin 75 tələbə isə təhsillərini başa vurduqdan sonra Vətənə qayıdaraq müxtəlif sahələrdə çalışmağa başladı. Onlar əldə etdikləri bilikləri, öyrəndikləri qabaqcıl təcrübəni öz sahələrində tətbiq etdilər. Bu gün Heydər Əliyev yoluna sədaqətləri ilə seçilən həmin kadrlar arasında tanınmış həkimlər, müəllimlər, jurnalistlər, mühəndislər, dövlət məmurları və sair var. Hər biri türk xalqının öz millətinə, dövlətinə sədaqətini görərək və bunu nümunə kimi qəbul edərək xalqına, millətinə, dövlətinə böyük məhəbbətlə xidmət edir. Daim borclu olduqları böyük insan isə, təbii ki, ulu öndərimiz Heydər Əliyevdir. Onlardan biri də söhbətin əvvəlində də hiss etdiyiniz kimi bu sətirlərin müəllifidir:

Rauf ƏLİYEV, 
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri

 

Sosial həyat