Türk dünyası teatrı Azərbaycan səhnəsində

post-img

Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının təntənəli açılış mərasimi olub.

Azərbaycan Respublikasının  mədəniyyət naziri Adil Kərimli bildirib ki, festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan milli teatrının yaradılmasının 150, TÜRKSOY-un 30 illik yubileylərinə və Şuşanın bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunub. Oktyabrın 31-də Şuşada start götürən tədbirlər silsiləsi türk dövlətlərinin mədəni inteqrasiyası prosesinə növbəti töhfədir. Artıq Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.

Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açaraq qeyd edib ki, bu layihə 6 türk dövlətini və onların teatr sənətçilərini bir araya gətirib: “Festivalın əsas məqsədi bir-birimizi daha da yaxından tanımaq və incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır və gələcək nəsillərə ötürür”.

Bildirilib ki, noyabrın 4-dək davam edəcək səhnə təqdimatlarında TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir.

Sonra İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunub. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

***

Açılışdan əvvəl eyni ünvanda keçirilən mətbuat konfransında festival barədə media təmsilçilərinə ətraflı məlumat verilib.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov ilk dəfə təşkil edilən ümumtürk teatr bayramının məram və məqsədlərindən söz açıb, festivalın işinə uğurlar arzulayıb. O qeyd edib ki, Teatr Festivalı türkdilli xalqların zəngin mədəni müxtəlifliyini nümayiş etdirən canlı platformadır.  TÜRKSOY-un baş katibi Sultan Raev isə bildirib ki, festivalın məqsədi türk dünyası teatr sənətçilərini bir araya gətirmək, bu ölkələrdə fəaliyyət göstərən teatrların yaradıcılıq inteqrasiyasını təmin etməkdir. 

Münsiflər heyətinin rəhbəri, professor İsrafil İsrafilov 30 illik fəaliyyəti dövründə TÜRKSOY-un ilk dəfə belə bir layihə həyata keçirdiyini söyləyib. O əlavə edib: “Qarşıdakı günlərdə bir-birindən maraqlı tamaşalara şahidlik edəcəyik. Ən yaxşı tamaşaları münsiflər heyəti ilə birgə dəyərləndirəcəyik. Ümid edirik ki, bu cür festivalların təşkili Türk dünyasında teatrların inkişafına müsbət təsir göstərəcək”.

Azərbaycanın TÜRKSOY- dakı  nümayəndəsi Elçin Qafarlı isə 6 ölkədən festivalın müsabiqə proqramına daxil edilən tamaşalar barədə məlumat verib.

Fidan SALMANOVA

XQ

 



Mədəniyyət