Naxçıvan Teatrı TÜRKSOY Festivalında

post-img

Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. Festival çərçivəsində Akademik Milli Dram Teatrının səhnəsində Naxçıvan Dövlət Milli Dram Teatrı Viktor Hüqonun  “Edama məhkumun son günü” tamaşasını təqdim etdi. 

Səhnə əsərinin rejissoru teatrın baş rejissoru Mirqabil Əkbərovdur.  Əsas rolda teatrın həm rejissoru, həm aktyoru, Əməkdar artist Səməd Canbaxşıyev oynayır. Tamaşada gənc aktyorlar – Prezident mükafatçısı Mehri Nəbiyeva və Məmməd  Mehdiyev də rol alıblar. Bu əsər festivalın müsabiqə hissəsinə daxil deyil, qonaq teatr statusunda oynanılır.  

Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev XQ-yə açıqlamasında bildirdi ki, bu, truppanın Bakıya çoxdan gözlənilən səfəridir:

– Uzun müddət idi regionlara, o cümlədən paytaxta gələ bilmirdik. Artıq qastrol səfərlərinə start vermişik. 2 gün əvvəl eyni tamaşa ilə Sumqayıt Dövlət Dram Teatrının qonağı olduq. Yay aylarında isə Türkiyənin İzmir və bir ay sonra İstanbul şəhərlərində  keçirilən teatr festivalında iştirak etmişik. Ötən ay Mədəniyyət Nazirliyinin xətti ilə Gəncə Dövlət Dram Teatrında çıxış etdik.  

Xatırladaq ki, sözügedən tamaşanın premyerası iyun ayında Naxçıvan Dövlət Milli  Dram Teatrında olub. Pyes yeni quruluşda, modern üslubda hazırlanıb. İrihəcmli əsəri rejissor cəmi 1 saat 10 dəqiqəyə sığışdırıb.  

Müsahibimiz Naxçıvan teatrının repertuarında olan digər tamaşalardan da söhbət açdı: 

– Teatrımızın repertuarında  Hüseyn Cavidin “Topal Teymur”, M.F.Axundovun “Lənkəran xanının vəziri”, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xilaskar”,  Qoqolun “Müfəttiş”, Vaqif Səmədoğlunun “Mamo kişinin yuxuları” tamaşaları aparıcı yer tutur. Noyabr ayında isə Molyerin “Skapenin kələyi”, Elçinin “Şekspir” tamaşalarının premyerası gözlənilir. 

Q.Ramilə
XQ

 

Mədəniyyət