Azərbaycan filmi ilk dəfə “Qoyya” yarışına qoşulub

post-img

İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa filmi” nominasiyasında “Qoyya” mükafatı uğrunda müsabiqəyə qoşulub. İspaniya Kino Sənəti və Elmləri Akademiyasının təsis etdiyi “Qoyya” “Oskar”, “BAFTA”, “Sezar”la yanaşı, kino akademiyalarının ən nüfuzlu mükafatlarındandır. 

Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar bu mükafatın qalibi olublar. Qeyd edək ki, İlqar Nəcəfin “Suğra və oğulları” filmi “Ən yaxşı Avropa filmi” kateqoriyasında Şarlot Velsin “Günəşdən sonra” (Britaniya) Castin Trietin ”Payızın anatomiyası” (Fransa), Asimina Proedrounun “Saman tayalarının arxasında” (Yunanıstan), Karmen Jakuerin “İldırım” (İsveçrə), Marko Martinin “Böyük Yarmut: Müvəqqəti rəqəmlər” (Portuqaliya), Şarlot Vandermerşin və Felika Van Groeningenin “8 dağ” ( İtaliya), Juraj Lerotiçin  “Təhlükəsiz saray” (Xorvatiya), İlker Çatakın  “Müəllimlər zalı” (Almaniya) və Löik Tansonın “Sonuncu küllər” (Lüksemburq) filmləri ilə yarışacaq. 

Həmyerlimizin filmi Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya), Hindistan, İsveçrə, ABŞ və Almaniyanın nüfuzlu kino ekranlarında nümayiş olunub. Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının (Asiya “Oskar”ı) mükafatına “Ən yaxşı ssenari” kateqoriyasında nominant olub. Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa ediblər. Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşcu operatoru Avropa Kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

R.QURBANLI 
XQ

 

Mədəniyyət