“Konvergent xəbər istehsalı” yeni dərs vəsaitidir

post-img

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Leyla Məmmədovanın “Konvergent xəbər istehsalı” adlı dərs vəsaiti çap olunub.

Nəşrin müəllifi “XQ”yə bildirib ki, dərs vəsaiti Azərbaycanda media konvergensiya sahəsində nəşr olunan ilk kitabdır. Nəşr universal jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsi, peşəkarlıq axtarışlarını zənginləşməsi, konvergent redaksiyaların fəaliyyət mexanizminin yaradılması, konvergent jurnalistin iş prinsipləri, informasiyanın istehsalında yeni hibrid multimedia janrlarının tətbiq edilməsi üçün baza rolunu oynayır. Beynəlxalq media və təhsil sahələrində, faktiki olaraq, konvergensiya, süni intellekt, immersiv texnologiya müasir jurnalist təhsilinin təlim innovativ modelinin hazırlanmasında aparıcı faktordur. Bu baxımdan nəşrin nəzəri-praktik əhəmiyyəti böyükdür.

“Konvergent xəbər istehsalı”nın nəşrində əsas məqsəd media kommunikasiya sahəsində, jurnalistikada və jurnalistin fəaliyyətində baş verən konvergensiya prosesinin nəzəri əsaslarını izah etmək, konvergent jurnalistikada peşəkar fəaliyyət üçün biliklər verməkdir. Nəşrin təcrübi faydası isə informasiya-kommunikasiya texnologiyaları və onlardan praktiki istifadə bacarıqları, konvergent redaksiya heyətinin tərkibində işləməyi, universal jurnalistin fəaliyyət mexanizmini öyrətməkdir. 

Kitab jurnalistika fakültəsinin tələbələri və müxtəlif media subyektləri, o cümlədən çoxformatlı və çoxplatformalı məzmun hazırlayan konvergent jurnalistlər üçün nəzərdə tutulub.

XQ

 

Sosial həyat